Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Təbriz Musayev: “Ermən cəmiyyəti “Qarabağ klanı”na nifrət edir və onların yenidən hakimiyyətə gəlməsini istəmir”

Təbriz Musayev: “Ermən cəmiyyəti “Qarabağ klanı”na nifrət edir və onların yenidən hakimiyyətə gəlməsini istəmir”

“Böyük siyasətə qayıtdım”. 

Bunu Ermənistanın sabiq prezidenti Robert Köçəryan deyib. O, 12 ildən sonra yenidən siyasətə qayıtmasını belə izah edib:

“İndi hər zamankından daha çox peşəkarlara ehtiyac var. İndi anlaşılan və güclü şəxsiyyətlərə böyük tələbat var. İnsanlar populizmin meyvələrini daddılar, “rəngli inqilab”ların nəticələrini və təcrübəsi olmayan insanların işlərini daddılar. Sayğac əks istiqamətdə hərəkət etdi və tamamilə fərqli tiplərə ehtiyac var, tamamilə fərqli komandalar – peşəkar menecerlər komandaları, iradəsi olan insanlar, həqiqətləri söyləyə bilən, rəqiblərinin gözünə baxan insanlar lazımdır. Və Ermənistanda belə bir komanda var”.

Köçəryana görə, bu səbəblərdən yeni parlament seçkilərində mübarizə iki qütb arasında olacaq – mövcud hökumət və antipodları arasında.

Köçəryan belə təəssürat yaratmağa çalışıb ki, guya onun böyük siyasətə qayıtması fövqəladə bir hadisədir. Sanki bununla Ermənistanın, bütün mənalarda, problemləri həll olunacaq. Ən başlıcası isə Qarabağ məsələsində “dönüş” yaradacaq.

Maraqlıdır, Köçəryanın siyasətə qayıtması Ermənistanda nəyisə dəyişəcəkmi? Onun belə iddialı danışmasının bir mənası varmı?

Məsələyə münasibət bildirən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayevin sözlərinə görə, Köçəryanın böyük siyasətə gəlməsi nəyisə dəyişə bilməyəcək: “Bəli, Rusiyada müəyyən dairələr Köçəryanın yenidən hakimiyyəti ələ almasını istəyirlər. Çünki onun prezidentliyi dövründə Ermənistan, bütün mənalarda, Rusiyanın vassalı olub. Köçəryanın Qarabağdakı separatçılara rəhbərlik etdiyi dönəmdə Azərbaycan ərazisinin 20 faizi işğal edilib. Ancaq bütün bunlar Ermənistana xoşbəxtlik gətirməyib. Əksinə, ölkəyə səfalət, yoxsulluq gətirib. Ermənistan ərazilərimizi defakto işğal etsə də, ötən 30 ildə deyure uğur qazana bilmədi. Beynəlxalq birlik Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdı. Bunun nəticəsidir ki, şanlı ordumuz 44 gün ərzində ərazilərimizi işğaldan azad edərkən ölkəmizə yönəlik hər hansı bir sanksiya qəbul edilmədi. Çünki beynəlxalq hüquq Azərbaycanın tərəfində idi. Ötən müddət ərzində Ermənistan bütün regional layihələrdən kənarda qalaraq milyonlarla vəsait itirib. Ona görə də Köçəryan yox, onun dədəsi də məzardan xortdanıb böyük siyasətə qayıtsa, əvvəlki status-kvonu geri qaytara bilməyəcəklər. Erməni cəmiyyəti bunu yaxşı bilir. Çünki hazırkı vəziyyət 90-cı illərin başıpozuq dönəmi deyil ki, Ermənistan ərazilərimizi işğal etsin. İndi tamamilə fərqli Azərbaycan var. Söhbət güclü xalq birliyi, iqtisadiyyatı, ordusu olan bir ölkədən gedir. Bütün bunları görməmək üçün gərək kor olasan. Başqa bir tərəfdən, Ermənistan cəmiyyəti “Qarabağ klanı”na nifrət edir. Həmin qüvvələrin yenidən hakimiyyətə gəlməsini istəmir. Düzdür, müharibədə ağır məğlubiyyətə uğramış qərbyönlü Paşinyana qarşı etirazlar səngimir. Rusiyapərəst qüvvələr baş nazirin istefasını tələb edirlər. Onlar sabiq baş nazir Vazgen Manukyanı özlərinin keçid lideri elan ediblər. Ancaq gözləntilərə rəğmən, müxalifət əhalidən yetərli dəstək ala bilmir. Bunun nəticəsidir ki, etiraz aksiyalarına gələnlərin sayı heç 10 min nəfər olmur. Ona görə də tutaq ki, Köçəryan müxalifətin vahid namizədi olsa belə, nəyisə dəyişə bilməyəcək. Çünki sosial dayaqları çox zəifdir”.

İAT sədri hesab edir ki, yaşanan ciddi məğlubiyyət sindromuna rəğmən, Ermənistan cəmiyyətinin Köçəryan və onun komandasına stavka edəcəyi real görünmür. (Bakı-Xəbər)

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …