Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / “Soyqırım” açıqlamasının regiondakı əks-sədası

“Soyqırım” açıqlamasının regiondakı əks-sədası

“Anadolu” Agentliyində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin Xarici siyasət şöbəsinin müdiri, “Caucasus International” jurnalının baş redaktoru Cavid Vəliyevin “Baydenin “soyqırım” bəyanatı regional əməkdaşlığa və barışa necə təsir edəcək?” başlıqlı məqaləsi yayımlanıb.

Məqaləni olduğu kimi təqdim edirik:

1915-ci il hadisələrini təsvir etmək üçün ABŞ prezidenti Co Bayden tərəfindən “soyqırım” ifadəsinin istifadə edilməsi bir çox hüquqi və siyasi mübahisələrə səbəb oldu. Hüquq ekspertləri bunun siyasi bir bəyanat olduğuna və beynəlxalq hüquqla heç bir əlaqəsi olmadığına inanır, siyasi ekspertlər isə bu açıqlamanın ABŞ-ın regional siyasətinin lehinə olmadığını, Türkiyə-ABŞ münasibətlərini və erməni əsilli Türkiyə vətəndaşlarının vəziyyətini daha da kəskinləşdirdiyini bildirir. Bəyannamə Cənubi Qafqazdakı münaqişədən sonrakı sülh quruculuğu prosesinə ciddi ziyan vurma riski daşıyır.

Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılmasına dair Beynəlxalq Konvensiyaya görə, siyasi liderlər və ya parlamentlər deyil, beynəlxalq məhkəmələr soyqırım termininin tətbiq edilib-edilməyəcəyini təyin etmək səlahiyyətinə malikdirlər. Bu baxımdan 1915-ci il hadisələrini “soyqırım” kimi etiketləyən məhkəmə qərarı hələ yoxdur. Ancaq bu vəziyyətdə məhkəmələr tam əks nəticəyə gəldilər. Məsələn, Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) 2013-cü il tarixli qərarına görə, 1915-ci il hadisələrini məhkəmələr araşdırıb qərar verməlidirlər, siyasətçilər yox.

Hüquqi təsirləri ilə bağlı fikir ayrılıqları olsa da, bu ifadənin, şübhəsiz ki, siyasi təsirləri olacaq. Bu bəyannamənin, xüsusən də İkinci Qarabağ Müharibəsindən sonra Cənubi Qafqaz bölgəsindəki əməkdaşlıq imkanları baxımından mənfi nəticələri olacaq. Baydenin bəyannaməsi xüsusilə İkinci Qarabağ Müharibəsində ağır məğlubiyyətə uğrayan erməni revanşistlərinə dəstək nümayişi və regional əməkdaşlığa doğru zərərli bir addım kimi təsvir edilir. Prezident Bayden həmin açıqlamadan bir gün əvvəl Prezident Rəcəb Tayyib Ərdoğana telefonla son iyirmi ildə bu mövqedə olduğunu və verdiyi sözə əməl etməsinin lazım olduğunu söylədi. Ancaq bu, həqiqətə uyğun olmayan sadə bir izah kimi görünür. Məsələn, 2008-ci il ABŞ prezident seçkilərindən əvvəl Barak Obama da erməni diasporuna və lobbi təşkilatlarına 1915-ci il hadisələrini “soyqırım” kimi ifadə edəcəyinə söz vermişdi. Ancaq rəhbərlikdə olduğu müddətdə ABŞ-Türkiyə münasibətlərinə xələl gətirməmək üçün heç vaxt bu sözü söyləməmişdi.

Baydenin bu açıqlaması, Azərbaycan və Türkiyənin bölgədə müharibədən sonrakı əməkdaşlıq haqqında açıqlamalar verdiyi bir vaxta təsadüf etdi. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Prezident Baydenin bəyanatını “tarixi səhv” adlandırdı. Bu yaxınlarda ABŞ Dövlət katibi Entoni Blinken ilə telefon danışığı zamanı Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin münaqişədən sonrakı dövrdə bölgədə vacib və müsbət rol oynadığını və ölkəsinin strateji müttəfiqinə güclü dəstəyini ifadə etdi. ABŞ prezidentinin açıqlaması həm Azərbaycan rəhbərliyi, həm də ictimaiyyət tərəfindən narahatlıqla qarşılandı.

İkinci Qarabağ Müharibəsindən sonra Azərbaycan bölgədə üç konkret təklif verdi: Azərbaycan, Ermənistan, Rusiya və Türkiyə arasında dəmir yolu rabitə xətlərinin açılması, bölgədə altıtərəfli əməkdaşlıq formatının yaradılması və Qarabağda yaşayan ermənilərin Azərbaycana inteqrasiyası. Prezident İlham Əliyevə görə, məqsəd regional gərginliyi azaltmaq və gələcək müharibələrin qarşısını almaq idi.

Son vaxtlar Ermənistanda Azərbaycan və Türkiyənin regional əməkdaşlıq təkliflərinə cavab olaraq, aşağı səviyyədə olsa da, müəyyən dəstək var. Paşinyan da daxil olmaqla bəzi erməni siyasətçilər regional əməkdaşlıq olmadan Ermənistanın gələcəyinin təhlükə altında olduğunu qəbul edirlər. Paşinyanın Ermənistanın qonşuları ilə münasibətlərinə yenidən baxması lazım olduğu barədə açıqlaması diqqət çəkir. Ermənistan Prezidenti Armen Sarkisyan da Gürcüstana səfəri zamanı bu gerçəyi etiraf etdi və bildirdi ki, Ermənistan Gürcüstan və Azərbaycanla münasibətlərini yaxşılaşdırmalıdır.

Qarabağ məsələsinin həlli həm də Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlər qurmaq və aralarındakı sərhədləri açmaq üçün yeni imkanlar yaratdı. Hər iki ölkənin səlahiyyətlilərinin açıqlamaları bu istiqamətdə getməyə hazır olduqlarını göstərir. Bu vəziyyətdə tərəflər arasındakı əsas məsələlərdən biri də etibar məsələsidir. Hər iki tərəfin xalqları arasında münasibətlərin normallaşmasına nail olmaq üçün iki tərəf arasındakı diplomatik münasibətlərədə əlavə olaraq qarşılıqlı inam qurulmalıdır. Digər tərəfdən, Baydenin açıqlaması iki xalq arasındakı inamı sarsıdır və münasibətlərin normallaşmasını təhlükə altına qoyur. “On illərdir parlamentin gündəmində olan məsələdən istifadə nəticəsində yaranan gərginlik iki xalqın yaxınlaşmasına xidmət etməyib, əksinə, düşmənçilik hisslərinə səbəb olur və barışı təxirə salır”- deyə, Türkiyənin Erməni Patriarxlığının rəhbəri Sahak Maşalyan qeyd etmişdi.

Baydenin açıqlaması nəticəsində “soyqırım”ın tanınması tələbinin iki tərəfdə də yenidən gündəmə gəlməsi ehtimalı var. Türkiyənin bu mövzuda açıq bir təklifi var: 1915-ci il hadisələrini araşdırmaq üçün ortaq bir komissiya qurulsun. Lakin Ermənistan bu təklifi rədd edir və hadisələrin obyektiv araşdırılmasına qarşı çıxır. Bu səbəbdən Baydenin açıqlaması Türkiyə ilə Ermənistan arasında uzlaşma ehtimalını pozur.

Bundan əlavə, Paşinyanın istefasından sonra elan edilmiş növbədənkənar parlament seçkiləri ərəfəsində Paşinyanla rəqabət aparan revanşist və radikal millətçi müxalifət qrupları da var. Bu qruplar uzun müddətdir ki, Ermənistanda dəstək qazanmağa çalışsalar da, Paşinyana qarşı zəif qaldılar. Baydenin açıqlaması üzündən, Ermənistandakı bu radikal qrupların indi daha da aktivləşmək və tərəfdarlarının sayını artırmaq şansı var. Bu səbəbdən, Baydenin açıqlaması, regional əməkdaşlıq imkanlarına və Ermənistanın seçkiqabağı mühitinə mənfi şəkildə təsir edir. Baydenin bu açıqlaması Türkiyə ermənilərinin mənafeyinə də cavab vermir. Prezident Rəcəb Tayyib Ərdoğanın Türkiyə ermənilərinə başsağlığı mesajları son 18 ildə Türkiyədə etibar mühitinin qurulmasına xidmət etdi. Bu səbəbdən Türkiyədə yaşayan ermənilər Baydenin açıqlaması ilə bağlı narahatlıqlarını ifadə edirlər. Üçüncü tərəflərin erməni məsələsindən siyasi mənfəət üçün istifadə etdiklərinə inanırlar.

Gördüyümüz kimi, Baydenin açıqlaması nə Türkiyəni, nə Azərbaycanı, nə də bütün erməniləri sevindirdi, əksinə diasporadakı və Ermənistandakı bəzi radikal millətçi ünsürlərin üzünü güldürdü. Bu bəyanat Ermənistanın gələcəyini bir əsr əvvəl baş verən hadisələrlə məhdudlaşdırarkən regional sülhü təhlükə altına qoyur. Bu cür təxribat xarakterli bəyanatlar vermək əvəzinə, Bayden administrasiyası bölgədə münaqişədən sonrakı sülh quruculuğu prosesini dəstəkləmə yolları axtarmalıdır. Bu, 10 Noyabr bəyannaməsinə əməl edərək Türkiyə ilə Ermənistan, eləcə də Azərbaycanla Ermənistan arasında davamlı sülh şansını artırmağa kömək edər. AzPolitika.info

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …