Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Sinan Oğanın seçiciləri kimə səs verəcək? – TƏHLİL

Sinan Oğanın seçiciləri kimə səs verəcək? – TƏHLİL

Məncə, əksəriyyəti heç kimə. Hətta Oğan tərəflərdən biri ilə anlaşıb, çağırış etsə belə, bu kütlənin çoxluğu böyük ehtimalla səsverməyə qatılmayacaq. Çünki bunlar Oğanın stabil elektoratı deyil, hər iki namizəddən də məmnun olmayan protest millətçi kəsimdir.

Ümumilikdə isə Sinan Oğanı bu seçkilərin qalibi saymaq olar. Kampaniya dövründəki davranışları və əldə etdiyi nəticə ilə Türkiyə siyasətində mühüm bir aktor ola biləcəyini göstərdi. Lakin bu yolda onu gözləyən qeyri-müəyyənliklər var.

S.Oğanın xəyalı MHP liderliyidir, bu isə nail olunması çox çətin bir vəzifədir. Mövcud MHP rəhbərliyi Oğanı partiyadan xaric edib və nə qədər ki, Bahçeli həyatdadır, onun partiyaya dönməsinə icazə verilməyəcək. Ehtimal var ki, Bahçeli öz varisini müəyyən edərək hələ sağlığında partiyanı bu şəxsə təhvil versin.

S.Oğan üçün digər alternativ onu namizəd göstərən Zəfər Partiyasıdır, lakin bu partiyanın da iddialı lideri var və Ümit Özdağ çətin ki, birinci adamlığı başqasına güzəştə getsin. Yeni siyasi partiya yaratmaq Oğan üçün alternativlərdən biri ola bilər, amma millətçi səslərin bir neçə partiya arasında bölündüyü bir tabloda uğur qazanmaq asan deyil.

Yeri gəlmişkən, millətçi səslər bölündükcə çoxalır. Bu seçkidə 4 millətçi partiya (MHP, İYİ, Zəfər, BBP) toplam 23% səs aldı. Xüsusən MHP gözləniləndən daha yuxarı nəticə göstərdi və ötən seçkilərlə müqayisədə 7% səs itirən AKP parlament çoxluğu yaratmaq üçün yenə MHP-yə möhtac durumda qaldı. Bu isə MHP-nin qərarların qəbulunda öz ağırlığını saxlayacağını göstərir.

Şahin Cəfərli, politoloq

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …