Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Qarabağda sülhü məhv edən terakt: qatillər necə öldü?

Qarabağda sülhü məhv edən terakt: qatillər necə öldü?

Bu gün Ermənistan parlamentində teraktın törədilməsindən 19 il keçir.

Belə ki, 1999-cu ilin 27 oktyabrında Ermənistan parlamentinə bir qrup şəxs daxil olaraq iclas zalını atəşə tutub. Terrorçular iclas zalına Maliyyə naziri Levon Barxudaryan hesabat verən zaman daxil olublar. Onlara əvvəllər jurnalist kimi çalışmış Nairi Unanyan rəhbərlik edib.

Unanyan içəri daxil olan kimi o zamankı Baş nazir Vazgen Sərkisyana yaxınlaşıb və bunu “onun övladlarının gələcəyi üçün” etdiyini deyərək, onu avtomatdan açılan atəşlə öldürülüb. Sərkisyanla bərabər terakt zamanı spiker Karen Dəmirçiyan, vitse-spiker Yuri Baxşiyan, vitse-spiker Ruben Miroyan, Operativ Məsələlər naziri Leonard Petrosyan, deputat Armen Armenakyan və deputat Mikael Kotanyan, deputat Herik Abramyan qətlə yetiriliblər.

İndiyə qədər teraktın arxasında kimin dayandığı açıqlanmayıb. Hətta teraktla bağlı araşdırmalar heç bir nəticə vermədiyi üçün istintaq 2002-ci ildə dayandırılıb. Bəzi mənbələrə görə, bu teraktın törədilməsində Robert Köçəryan və Serj Sərkisyan maraqlı olublar. Belə ki, hətta bir müddət əvvəl Sərkisyanın qardaşı Saşik Sərkisyanın Sankt-Peterburqda erməni kriminal avtoritetlərdən birinin dəfni zamanı işlətdiyi “biz parlamentdə bu qədər insanı hakimiyyəti asanlıqla başqasına vermək üçün öldürdük” sözləri ona qarşı ittihamları daha da sərtləşdirib. Hətta Ermənistanın hazırda baş nazir əvəzi olan Nikol Paşinyan keçən il parlamentdə etdiyi çıxışı zamanı Serj Sərkisyanı birbaşa hədəf göstərərək, onu parlamentin gülləbaran edilməsində ittiham etmişdi: “Xatırlatmaq istəyirəm ki, 27 oktyabr 1999-cu ildə Serj Sərkisyan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsini daşıyırdı və başlıca vəzifələri sırasına baş nazir, spiker və deputatların mühafizəsi daxil idi. Bu vəzifədə olduğu müddət ərzində Ermənistanda çoxlu sayda rəsmi şəxs öldürüldü. Sonradan bəlli oldu ki, hüquq-mühafizə orqanları terakta hazırlıq haqqında məlumata sahib idi və Milli Təhlükəsizlik Xidməti bununla bağlı heç bir iş görməmişdi. Serj Sərkisyanın əlində rıçaqları qaldığı müddət ərzində bu terakt tam şəkildə araşdırılmayacaq”.

Başqa mənbələr hadisənin arxasında Rusiyanın dayandığını iddia edirlər. Belə ki, bu hadisə sayəsində Azərbaycanla Ermənistan arasında noyabrda İstanbulda imzalanması planlaşdırılan torpaq mübadiləsi haqqında razılaşma ləğv olunub. Nəticədə ABŞ-ın tərəfləri barışdırmaq üçün hazırladığı Qobl planı tam gündəmdən çıxıb.

Ən maraqlı məqam isə parlament teraktından sonra onu həyata keçirənlərin və bu hadisənin şahidlərinin taleyi ilə bağlı qeydə alınıb. Belə ki, indiyə qədər terakt iştirakçılarının çoxu müxtəlif yollarla müəmmalı şəkildə ortadan qaldırılıblar. Teraktın iştirakçılarından olan Edvard Qriqoryan gözlənilmədən “ürək çatışmazlığı”ndan dünyasını dəyişib. Norayr Yeqiazaryan isə 2000-ci ildə qaldığı kamerada “cərəyan vurması” nəticəsində ölüb. Başqa bir terrorçu Vram Qalstyan (Nairi Unanyanın əmisi – red.) 2004-cü ildə kamerada intihar edib. Qalstyanın ölümündən bir neçə gün sonra isə teraktla əlaqədar həbs edilən, amma sonra azadlığa buraxılan millət vəkili Muşeq Movsisyan (hakim Respublikaçılar Partiyasından olan deputat Arakel Movsisyanın qardaşı – red.) Aparan-İrəvan dəmiryolunda yol qəzasına düşərək ölüb.

2004-cü ildə daha bir qəza ABŞ-da baş verib. Budəfəki qəzada parlamentin keçmiş tibb bacısı olan və teraktda şahid kimi dindirilən Roza Ovannisyan ölüb. Yenə eyni ildə parlamentin binasında parlamentin pasport şöbəsinin əməkdaşı Asmik Abramyan özünü asıb. Abramyan da Ovanisyan kimi teraktda əsas şahidlərdən sayılırdı.

2010-cu ilin mayında yenidən Nubaraşen həbsxanasında daha bir ölüm halı qeydə alınıb. Teraktı törədənlərdən biri, 14 il həbs cəzasına məhkum olunan Hamlet Stepanyanın cəsədi öz yatağında aşkarlanıb. İki il sonra azadlığa çıxacaq şəxsin ölümü suallar doğurub.

2014-cü ildə teraktın daha bir əsas şahidi ABŞ-da naməlum şəkildə ölür. Bu şəxsin Nairi Unanyanın keçmiş dostu, Ermənistan dövlət televiziyasının keçmiş müxbiri Tiqran Nəzəryan olduğu bildirilir. İddialara görə, məhz Nazaryan 27 oktyabrdan əvvəl və sonra Unanyanla əlaqədə olub, eləcə də o, teraktdan sonrakı Köçəryan-Unanyan görüşündə iştirak edib.

Maraqlıdır ki, Qriqoryanın ölümü 27 oktyabrın 18 illiyindən az öncə teraktla bağlı faktlar açıqlayacağını elan etməsindən sonra baş verib. Hələ də bilinmir ki, Qriqoryan hansı faktları açmaq istəyirdi. (Axar.az)

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …