Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Qabil Hüseynli: “9 Mayı istənilən halda Qələbə günü kimi qəbul etməliyik”

Qabil Hüseynli: “9 Mayı istənilən halda Qələbə günü kimi qəbul etməliyik”

Bu gün faşizm üzərində qələbədən 75 il ötür. İlk dəfə olaraq Rusiyada bu tarixi gün koronavirusla əlaqədar paradsız qeyd olunacaq. Bu da diqqəti xüsusilə çəkir.

9 Mayla bağlı Azərbaycanda hər zaman geniş müzakirələr gedir. Bu tarixi qələbə Dağlıq Qarabağ kontekstində dartışılır, bunun nə demək olduğu barədə ikitirəlik yaranıb. Bir tərəf xalqımızın dörd yüz mindən çox itki verdiyi 9 Mayı qələbə günü kimi qəbul edir, digər tərəf bunun əksini deyir. Bunun da səbəbkarı kimi Rusiya göstərilir. Belə ki, SSRİ-nin varisi olan şimal qonşumuz ən ağrılı problemimiz olan Qarabağ məsələsində 2-ci Dünya müharibəsinin məğlub ölkəsi olan Almaniyaya nisbətdə ədalətsiz mövqe sərgiləyir, ermənilərin tərəfində olduğunu açıq şəkildə nümayiş etdirir. Qələbə gününə münasibətdə bu detal özünü büruzə verməyə bilməz.

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli istənilən halda bu günün qələbə kimi qeyd edilməsinin tərəfdarıdır: “Faşizm bütün dünya üçün qorxulu bir ideologiyadır. Bu ideologiya üzərində qələbə təkcə Rusiyanın deyil, bütün dünya xalqlarının qələbəsidir. Şimal qonşumuz bu məsələdə birtərəfliyə yol verir. Qələbəni bütünlüklə ruslara, yaxud da Sovet İttifaqının o dövrdəki ordusuna aid edir. Amma son vaxtlar açılan faktlar, edilən təhlillər göstərir ki, faşizmlə mübarizədə başda Amerika, İngiltərə, Fransa olmaqla, Avropa və Qərbin bir çox dövlətləri yaxından iştirak edib. Onlar bu qələbənin baş tutmasında Sovet İttifaqından hətta daha çox rol oynayıblar. Bizi maraqlandıran əsas məsələ odur ki, 2-ci Dünya müharibəsinə necə yanaşmalıyıq. Zənnimcə, faşizmə qarşı mübarizədə Azərbaycan xalqının xidməti misilsizdir. Bakı nefti bu qələbəni təmin edən əsas amillərdən biri olub. Belə ki, İkinci Dünya müharibəsində Sovet İttifaqının neft məhsullarına, ilk növbədə aviasiya, tank üçün yanacaq növlərinə, eləcə də sürtgü materiallarına olan tələbatının 85-87%-ni Azərbaycan nefti ödəyib. Bu mənada deyərdim ki, Azərbaycan nefti olmasaydı, Sovet İttifaqı almanlar tərəfindən işğal edilə bilərdi. Üstəlik, xalqımız həmin dövrdə mənsub olduğu dövlətin daxilində  müharibədə fəal iştirak edib. Azərbaycandan sovet ordusunun sıralarında 700 mindən çox döyüşçü döyüşüb. Bu, kifayət qədər böyük rəqəmdir. Həmin 700 minin 400 minə qədəri müharibə meydanında həlak olub.

“Müasir erməniçilik faşizmin daha qəddar formasıdır”

Bu nöqteyi-nəzərdən faşizmə qarşı mübarizə bütün dünya xalqlarının mübarizəsi idisə və bu mübarizədə də xalqımızın neft və ölkədə istehsal edilən silahlardan başqa insan ehtiyatları ilə böyük töhfəsi olubsa, bununla qürur duymağa haqqımız var. Rusiyadan fərqli olaraq biz bu müharibəni rusların və yaxud sırf Sovet İttifaqının qələbəsi kimi qəbul etmirik, bunu bütün dünya xalqlarının qələbəsi kimi qəbul edirik. Təsəvvür edin ki, anti-faşist cəbhəsinə hətta Şimali Afrikanın ölkələri belə qoşulmuşdu. Bunlar onu göstərir ki, dünya taun və digər yoluxucu xəstəliklər qədər qorxulu olan faşizmə qarşı qüvvələrini, güclərini o zaman birləşdiriblər”.

Sabiq dövlət müşaviri məsələyə Dağlıq Qarabağ kontekstindən də yanaşdı: “Qarabağ məsələsi ilə 2-ci Dünya müharibəsinin nəticələrinə eyni kontekstdən yanaşmaq mümkün olmur. Çünki bu, dünya müharibəsi idi. Ötən əsrdə baş verən və daha çox insan həyatının məhvinə gətirib çıxaran bir müharibə idi. Bu müharibədə onlarla ölkənin xalqları və nümayəndələri iştirak edib. Dünya faşizm bəlasından xilas olunub. Qarabağ məsələsinə gəldikdə isə, zənnimcə, erməni millətçiliyini, şovinizmini faşizmdən qətiyyən ayırmaq mümkün deyil. Özünün bütün ideoloji səciyyəsinə, tezislərinə, strukturuna görə bu gün erməniçilik faşizmin daha dəhşətli, bəlkə də, ən qorxulu bir variantıdır. Doğrudur, bütün dünyada qəbul edilməsə də, bir çox tədqiqatçılar faşizmlə erməni şovinizmi arasında paralel aparıb və onlar arasında yetərincə oxşar çalarların olduğunu qeyd edirlər. Heç təsadüfi deyil ki, faşizmə xidmət etmiş, Hitlerin sadiq köpəklərindən olmuş erməni Qaregin Njdeyə  İrəvanın mərkəzi küçəsində çox əzəmətli bir abidə ucaldıblar. O şəxsə ki, həmin şəxsin əli həm azərbaycanlıların qanına batıb, həm də müharibə illərində ilk növbədə, biz də daxil, Sovet İttifaqına qarşı vuruşub. Özü də erməni legionerlərinin, yəni əsir düşmüş, yaxud könüllü almanlar tərəfinə keçmiş, məqsədi Sovet İttifaqına qarşı vuruşmaq olan erməni legionerlərinə başçılıq edib. Bu köpək sədaqətinə və xidmətinə görə Hitlerdən xaç nişanı da alıb. Vaxtilə SSRİ-də sionizmi faşizmin bir növü kimi təqdim edirdilər. Amma bu bənzətmə sionizmə o qədər də uyğun gəlmirdi. Bu gün cəsarətlə demək olar ki, erməniçilik faşizmin daha qəddar bir formasıdır. Xocalıda baş verən hadisələrdə erməni əsgərinin törətdiyi əməlləri alman faşistləri ölüm düşərgələrində belə törətməyiblər. Onlar insanların qulağını, burnunu kəsməyiblər, sadəcə olaraq, insanları hərbi düşərgələrdə saxlayıb, normal qidalanmalarına imkan verməyiblər, sonradan da cəsədləri basdırmayıblar, yandırıblar. Faşizmə əsla bəraət qazandırmadan bununla onu demək istəyirəm ki, ermənilər bu gün insani xüsusiyyətlərinə, xislətlərinə görə o zamankı alman faşistlərdən qat-qat kin-küdurətli, əzazil davranışlar sərgiləyirlər. Bu mənada erməniçiliyi faşizmin müasir forması kimi təqdim etmək olar. Artıq bu istiqamətdə tədqiqatlar da var. 9 Mayı isə istənilən halda Qələbə günü kimi qəbul etməliyik. Çünki bu qələbədə böyük xidmətlərimiz olub. O dövrdə bəlkə də ən acı tale Azərbaycan xalqının taleyinə düşüb.  Bu baxımdan rus kontekstində deyil, bütün dünya xalqlarının qəbul etdiyi və dəyər verdiyi dəyərlər müstəvisində bayram etməliyik”. Musavat.com

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …