Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Putinin partiyası Köçəryanı Moskvaya niyə çağırıb? (ŞƏRH)

Putinin partiyası Köçəryanı Moskvaya niyə çağırıb? (ŞƏRH)

“Rusiya artıq Qafqazda həyata keçirmək niyyətində olduğu strategiyanı hazırlamaq üzrədir. Köçəryan da, düşünürəm ki, məhz bu xüsusda Moskvaya çağırılıb”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Rusiyanın hakim Vahid Rusiya Partiyasının Ermənistanın keçmiş prezidenti Robert Köçəryanı siyasi məsləhətləşmələr üçün Moskvaya çağırmasına münasibət bildirərkən deyib.
N. Mirinin fikrincə, bu dəvət Moskvanın bölgə ilə bağlı hansısa planlarının olduğundan xəbər verir: 
“Köçəryan Parlamentdə ana müxalifətin lideri qismində çıxış edir. Burada hadisələr məhz Köçəryanın barmaq işarəsilə baş verir. Parlamentdə yer alan Serj Sərkisyan tərəfdarları Köçəryan bloku ilə birgə hərəkət edir. Düşünürəm ki, bunun əsasında müəyyən məsləhətləşmələr və gələcək strategiya müəyyənləşəcək. Görünür, Rusiyanın hansısa məlumatı və konkret planları var. Ola bilər, Köçaryanın Moskvaya səfəri fonunda Azərbaycan-Ermənistan sərhədinin müəyyənləşməsi, kommunikasiyaların açılması, Qarabağdakı rus sülhməramlıları və erməni silahlı birləşmələrilə bağlı problemlər ətrafında ciddi məsləhətləşmələr aparılacaq”.
Həmsöhbətimiz Köçəryanın Moskvaya dəvətilə Qarabağdakı rus sülhməramlıları komandanının yenilənməsinin eyni vaxta düşməsini heç də təsadüfi hal hesab etmir: 
“Maraqlıdır ki, Köçəryanın Rusiyanın iqtidar partiyası tərəfindən Moskvaya dəvət olunması Qarabağdakı rus sülhməramlılarının komandanı dəyişən vaxta təsadüf edir. Düşünürəm ki, siyasətdə belə təsadüflər olmur. “Abxaziya qatili”nin Azərbaycana sülhməramlıların rəhbəri kimi göndərilməsi artıq Bakıya verilən mesajdır. Fikrimcə, Köçəryanın Moskvaya dəvətilə “Abxaziya qatili”nin Qarabağa gətirilməsi arasında dolayısı ilə bir bağlantı var”.Qeyd edək ki, mətbuatın yazdığına görə, Rusiyanın hakim Vahid Rusiya Partiyası Ermənistanın keçmiş Prezidenti, müxalif “Ermənistan” Alyansının rəhbəri Robert Köçəryanı Moskvaya dəvət edib. Bildirilir ki, R.Köçəryan siyasi məsləhətləşmələr üçün Moskvaya çağırılıb.

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …