Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Professordan Gorus-Qafan yolu ilə hərəkət edən İrana məxsus yük maşınlarının yoxlanmasına reaksiya

Professordan Gorus-Qafan yolu ilə hərəkət edən İrana məxsus yük maşınlarının yoxlanmasına reaksiya

Azərbaycan polisinin Gorus-Qafan yolunun Azərbaycandan keçən hissəsində qurulan postunda İrana məxsus yük maşınlarının yoxlanılmasına başlanıb. Bu barədə ilk məlumatı Ermənistan Milli Təhlükəsizlik Xidməti yayıb. Bildirilib ki, Azərbaycan polisi İrandan gələn yük maşınlarını yoxlamağa başlayıb. Xatırladaq ki, buna səbəb İrandan gələn yük maşınlarının sonradan erməni nömrəsini taxaraq, Laçın dəhlizindən keçməklə Xankəndiyə getməsidir.

Qeyd edək ki, 11 avqust-10 sentyabr tarixlərində İrana məxsus 58 yük maşınının qanunsuz olaraq Qarabağa daxil olduğu, onlardan 55-nin geri qayıtdığı, 3 yük maşınının isə hələ də Xankəndidə olduğu haqda məlumat yayılıb. Məlumatı təsdiqləyən foto və videolardan da görünür ki, İran yük maşınları pərdələnmək üçün erməni nömrələrindən istifadəyə çalışırlar. Bu yük maşınlarının Xankəndiyə nə daşıdığı və nə üçün bu qanunsuzluğun edildiyi bəlli olmasa da, Azərbaycan MN artıq bu gün Rusiya sülhməramlı komandanlığına 10 noyabr 2020-ci il üçtərəfli bəyanatına uyğun davranması, İran maşınlarının Qarabağa buraxılmaması üçün müraciət edib.

Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissəsində polis postu isə bir müddət öncə qurulmuşdu. Onun Eyvazlı kəndi yaxınlığında olduğu qeyd edilib. Azərbaycan ordusu Qubadlıda sərhəd demarkasiyası apardıqdan sonra Ermənistanın ərazisində qalan kənd tarixi sahibinə qayıtdı. Bu hadisə 2021-ci ilin yanvar ayının əvvəllərinə təsadüf edirdi, Eyvazlı (ermənilər Şurnux deyir) kəndinin qaytarılması isə Azərbaycan ordusunun Gorus-Qafan yolunun 21 kilometrlik zolağına nəzarət etməsi ilə nəticələndi.

Bu gün Gorus-Qafan yolunda Azərbaycan hərbçiləri ilə yanaşı, Azərbaycan polisi də xidmət edir, artıq polis postu qurulub.

Azərbaycan Daxili İşlər Nazirliyi bildirib ki, xidmətin daha səmərəli təşkili üçün məqsədəmüvafiq bilinən yerlərdə polis postları təyin olunur. Azərbaycan polisi Gorus-Qafan yolunda növbə çəkir, Çevik Polis Alayı da əraziyə cəlb olunub. Sosial şəbəkələrdə yayılan görüntülərə əsasən deyə bilərik ki, Azərbaycan polisi başında dəbilqə, əynində zirehli gödəkçə, əlində silah xidmət aparır. Bundan ermənilər bərk narahatlıq keçirir. Öz ərazimizdə polis postu qurmaq bizim suveren hüququmuz deyilmi?

Siyasi elmlər doktoru, professor Vaqif Abdullayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycan polisinin Gorus-Qafan yolu ilə hərəkət edən İrana məxsus yük maşınlarını yoxlaması tam məntiqli və Azərbaycan dövlətinin öz milli maraqlarını qorumaq üçün atdığı təxirəsalınmaz qətiyyətli addımlardır: “Çünki İran Qarabağa qanunsuz yük daşımalarını dayandırmır, maşın karvanlarının hərəkəti bir ara səngisə də, son günlər yenidən intensiv xarakter almağa başlayıb. İrandan Xankəndiyə – ermənilərə aramsız müəmmalı yüklər daşınmaqda davam edir. Azərbaycanın razılığı olmadan digər ölkələrin hüquqi və fiziki şəxsləri və onlara aid nəqliyyat vasitələrinin Azərbaycan ərazisinə daxil olması qəti yolverilməzdir, qanunsuzluqdur və bu kimi hallar ölkəmizin qanunlarının pozulmasıdır. Azərbaycan bu hallarla bağlı ötən ay İrana nota vermişdi, görünən odur ki, Rəsmi Tehran Azərbaycan XİN-in nota bəyanatına məsuliyyətsiz yanaşır”.

Professorun sözlərinə görə, təəssüf ki, İranda yeni hökumətin formalaşmasından sonra da vəziyyətin köklü şəkildə müsbətə doğru dəyişməsini müşahidə etmirik, onların bölgə ilə bağlı siyasəti əvvəlki hökumətin siyasətindən heç nə ilə fərqlənmir: “Rəsmi Tehran Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı öz siyasətində əvvəlki hökumətin səhvlərini aradan qaldırmaq əvəzinə təkrarlayır, hətta yeni səhvlər edir. Bizim ölkəmiz yaxın qonşuluğa və dostluğa sadiq qalaraq İranla xoşniyyətli və mehriban davranır, ancaq qarşı tərəfdən bu dürüst davranışı, səmimiyyəti görmürük. Azərbaycan həmişə İrana yaxşılıq edib, regionda siyasi-hərbi gərginliklər yaranan və İrana qarşı Qərb koalisiyasının basqıları artan zamanı bölgənin dayanıqlı təhlükəsizliyinin qorunması yönündə qətiyyətini nümayiş etdirib. Qərb bir neçə il əvvəl İrana qarşı siyasi təzyiqləri və iqtisadi sanksiyalar tətbiq edəndə də Azərbaycan cənub qonşumuza qarşı belə halların aradan qaldırılması üçün səylər göstərib, İranın regional təcridinə qarşı çıxıb, əməkdaşlıqda rolunun xüsusi əhəmiyyətinin təmin edilməsi istiqamətində addımlar atıb.

Ancaq bütün bunların əvəzində nə müşahidə edirik? İslam mədəniyyətini, tarixini, irsini, müqəddəs dini ocaqlarını darmadağın etmiş, dinimizə və heysiyyətimizə toxunan faşist Ermənistana dəstək verən “dost” İranın xoş olmayan siyasətini. Və onu da heç kim unutmasın ki, Azərbaycan baş verənlərə səssiz qalmayacaq. Qarabağda yolunu azmış ermənilərə hansısa formada dəstək verənlər, Xankəndidəki separatçı rejimlə əlaqədə olanlar və bölgəyə müxtəlif şübhəli malların keçməsinə göz yuman sülhməramlılar, Azərbaycan dövlətinin izni olmadan Xankəndiyə yanacaq və s. məhsullar daşıyan İran artıq anlamalıdır ki, Azərbaycanın milli maraqlarına, mənafeyinə, suverenliyinə qarşı yönələn bütün yanlış hərəkətlərin qarşısı alınacaq. Belə zərərli addımlarla onlar ermənilərə daha da pislik etmiş olurlar, bu cür təhrikedici hərəkətlər bölgədə formalaşmış kövrək sülhün pozulmasına yol aça bilər. Azərbaycan Respublikasının qanunlarına və ərazi bütövlüyünün əleyhinə yönələn bütün hərəkətlərin adekvat cavabı olacaq”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …