Cümə axşamı , May 2 2024
Ana səhifə / Siyasət / Paşinyanın Qarabağ manevri: Yükü niyə çiynindən atdı?

Paşinyanın Qarabağ manevri: Yükü niyə çiynindən atdı?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan prezidenti ilə Dağlıq Qarabağ probleminin nizamlanmasına dair gözlənilən görüşü barədə danışıb.

Nikol Paşinyan İlham Əliyevlə görüşünün gündəliyinin olmadığını, müzakirələrin əsas istiqamətinin danışıqların formatı olacağını bildirib. O, həmçinin qeyd edib ki, formatın razılaşdırılması ilə bağlı razılaşdırılma əldə olunmayıb və təmasları rəsmi danışıqlar hesab etmək olmaz. 

“Mən Ermənistanın adından danışıram.Çünki mən Ermənistanın baş naziriyəm.Mən Dağlıq Qarabağın adından danışmıram.Çünki Dağlıq Qarabağın öz hakimiyyəti var. Qarabağ danışıqlar prosesinin yeni səviyyədə subyektinə çevrilsin”, -deyə Paşinyan bildirib.

Qeyd edək ki, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nikol Paşinyanın bu fikrini tənqid edən, qeyri-mümkün hesab edən açıqlama verib: 

“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar formatı bəllidir, formatın dəyişdirilməsi müzakirə mövzusu deyil və ola da bilməz. 

Ermənistan rəhbərliyinin danışıqlar prosesinin formatının dəyişdirilməsi barədə iddiaları qəsdən danışıqları dalana salmaq və danışıqlar prosesini pozmaq cəhdlərindən başqa bir şey deyildir.Buna görə məsuliyyət tam şəkildə Ermənistan tərəfinin üzərinə düşür”-deyə Hikmət Hacıyev bildirib.

Paşinyanın danışıqlar prosesi ilə bağlı mövqeyində paradoksal yanaşma özünü göstərir.Hakimiyyətə gəldiyi ilk gündən N.Paşinyan danışıqlar prosesində Dağlıq Qarabağdakı separatçı rejimin üçüncü tərəf kimi iştirakı şərtini irəli sürür.Ancaq Ermənistanın baş nazirinin Azərbaycan prezidenti ilə keçirdiyi qeyri-rəsmi görüşləri faktiki olaraq, ikitərəfli formatda baş tutub.Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda da prezident İlham Əliyevlə baş nazir Nikol Paşinyanın görüşünə hazırlıq getdiyi bildirilir.Yəni, Paşinyan verdiyi bəyanatlara baxmayaraq, formatı dəyişə bilməyib və müzakirələri əvvəlki qaydada davam etdirmək məcburiyyətindədir. Bununla yanaşı, Paşinyan danışıqlarda Dağlıq Qarabağı deyil, Ermənistanı təmsil etdiyini dilə gətirməklə münaqişənin nizamlanmasında rəsmi İrəvanın deyil, Dağlıq Qarabağın erməni icmasının rəyinin həlledici rol oynadığını nümayiş etdirmək istəyir. Beləliklə, Ermənistanın baş naziri qeyd edilən siyasi mesajı Dağlıq Qarabağdakı separatçı rejimin ATƏT-in Minsk Qrupuna həmsədrlik edən dövlətlər tərəfindən tanınması və müstəqil subyekt kimi danışıqlara qatılmasına nail olmaq məqsədi güdür.Digər tərəfdən, N.Paşinyanın bəyanatlarını diqqətlə izlədikdə, onun Azərbaycanla müzakirələrdə kompromisdən yayınmaq cəhdi hiss olunur.Baş nazir problemin həllinin üçtərəfli danışıqlar formatında olduğunu söyləməklə məsuliyyəti Dağlıq Qarabağ ermənilərinin üzərinə atır.Bu isə Paşinyana həm kompromisdən yayınmaq imkanı yaradır.Eyni zamanda, bu manipulyasiya Ermənistan hökumətinin başçısına Dağlıq Qarabağ probleminin həllinə dair Qərbin tələblərini yerinə yetirməmək imkanı verir.Belə ki, ABŞ Paşinyanın qarşısında Azərbaycanla razılaşmaya nail olmaq şərtini irəli sürür.ABŞ-ın Ermənistanda “məxməri inqilab”a dəstək verərək Qarabağ klanını devirməsinin başlıca səbəblərindən biri də məhz münaqişənin aradan qalxmasına nail olmaq idi. Siyasi ekspertlər tərəfindən “Bolton planı” adlandırılan bu həll variantı “Madrid prinsipləri”nə uyğun olaraq, Dağlıq Qarabağın ərafındakı işğal edilmiş ən azı beş rayonun qaytarılmasını, məcburi köçkünlərin öz evlərinə qaytarılmasını, Dağlıq Qarabağa aralıq statusun verilməsini nəzərdə tutur. Vaşinqton Ermənistanın Azərbaycan və Türkiyə sərhədlərinin açılmasına nail olmaqla Rusiyanın və İranın bölgədə təsirinin aradan qalxmasına çalışır. ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton da ötən ilin oktyabr ayında İrəvana səfəri zamanı N.Paşinyanı Dağlıq Qarabağ probleminin həlli istiqamətində cəsarətli addım ataraq kompromisə getməyə çağırıb.Yəni, ABŞ Paşinyanın hakimiyyətə gəlməsi üçün ona verdiyi siyasi dəstəyin qarşılığını qaytarmasını istəyir.

Bu plan isə qeyd edildiyi kimi, Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasına dair sülhə imza atmaqdan ibarətdir.Lakin Vaşinqtonun təklifi heç də Dağlıq Qarabağın Azərbaycanın tərkibinə qaytarılmasını nəzərdə tutmur.ABŞ daha çox bölgədə münaqişəyə son qoyulmasında və sabitliyin bərpasında maraqlı görünür. Lakin Amerika strateqləri status-kvo dəyişmədən sülhə nail olmağın qeyri-mümkünlüyünü də yaxşı anlayır. Ona görə də ABŞ-ın Ermənistandakı sabiq səfiri Riçard Milz ötən ilin oktyabr ayında Ermənistanı işğal etdiyi əraziləri, ilk növbədə isə Dağlıq Qarbağın ətrafındakı yeddi rayonu Azərbaycana qaytarmağa çağırmışdı. Nikol Paşinyan isə görünür, bu barədə ABŞ-ın siyasi dairələri ilə əvvəlcə razılaşma əldə etsə də, sonradan vədindən yayınmağa başladı. O, danışıqlarda yalnız Ermənistanı təmsil etdiyini söyləməklə ABŞ qarşısında götürdüyü siyasi öhdəlikdən yayınmağa və məsuliyyəti Dağlıq Qarabağdakı separatçı qurumun üzərinə atmağa çalışır. Hətta son vaxtlar Ermənistanın xarici siyasətində ABŞ-dan uzaqlaşma istiqamətində atılan addımlar Paşinyanla Vaşinqton arasında ötən il mövcud olan isti münasibətlərin soyumasına gətirib çıxarıb. Paşinyan hökumətinin son aylar Fransa ilə daha sıx yaxınlaşması, Gürcüstan üzərindən Rusiyaya nəqliyyat dəhlizi açmaq cəhdləri, ABŞ-ın etirazlarına məhəl qoymayaraq Rusiyanın göstərişi ilə Suriyaya hərbi kontingent göndərməsi və nəhayət baş nazirin özünün fevralın 27-də İrana rəsmi səfəri sözsüz ki, Vaşinqtonla münasibətlərə təsirsiz ötüşməyə bilməz. Artıq bu narazılıq açıq müstəviyə keçib.ABŞ Dövlət Departamenti Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın Vaşinqtona rəsmi səfərini ləğv edib.Mnatsakanyan ABŞ-ın Dövlət katibi Mayk Pompeo ilə əvvəlcədən nəzərdə tutulmuş görüşün vaxtını dəqiqləşdirmək üçün Vaşinqtona zəng etsə də, ona “yox” cavabı verilib. Ermənistan mediasının yazdığına görə, Mnatsakanyan bunun səbəbini soruşduqda ona açıq şəkildə bildirilib ki, Ermənistan ABŞ-ın istəyinə zidd olaraq Rusiya ilə birgə Suriyaya hərbi kontingent göndərdiyinə görə M.Pompeo görüşməkdən imtina edib. 

Ona görə də Paşinyanın Dağlıq Qarabağ məsələsində Kremlin maraqlarına uyğun olaraq status-kvonu saxlaması, İranla müəyyən fasilədən sonra əlaqələri yenidən bərpa etməsi və Rusiya ilə hərbi əməkdaşlığı genişləndirməsi yaxın perspektivdə ABŞ-ın təzyiqləri ilə üzləşəcəyini deməyə əsas verir. (Cebhe.info)

Həmçinin oxuyun

MSK sabah Ramin Məmmədovun deputat mandatından məhrum edilməsi məsələsinə baxacaq

Mərkəzi Seçki Komissiyasının (MSK) mayın 2-də keçiriləcək iclasında Ramin Məmmədovun deputat mandatından məhrum edilməsi məsələsinə …