Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / “Müharibədə uduzduğuna görə Ermənistandan xaricə axın daha da güclənəcək” – Təbriz Musayev

“Müharibədə uduzduğuna görə Ermənistandan xaricə axın daha da güclənəcək” – Təbriz Musayev

Erməni mediası yazır ki, son iki il yarım müddətində Ermənistanda vətəndaşlıqdan imtina ilə bağlı 16 894 nəfər müvafiq orqanlara müraciət edib. Qeyd edilir ki, Ermənistan vətəndaşı olmaq istəyənlərin sayı azalıb.

Belə ki, 2017-2020-ci illərdə, ümumilikdə, 22 277 nəfər vətəndaşlıqdan imtina üçün dövlət qurumlarına müraciət edib. Onlardan 6 576 nəfəri 2018-ci ildə, 7 138 nəfəri 2019-cu ildə, 3 313 nəfəri isə 2020-ci ildə yazılı şəkildə ölkənin vətəndaşı olmaq istəmədiyini açıqlayıb. Məlum olub ki, vətəndaşlıqdan çıxmaq istəyənlərin ümumi sayı 4 165 nəfər təşkil edir, bu, vətəndaşlıq almaq istəyənlərin sayından 23 faiz çoxdur: “Nikol Paşinyan və onun komandasının üzvlərinin heç vaxt bu göstəricilər barədə danışmamaları diqqət çəkir. “Məxməri inqilab”ın lideri son iki il yarım müddət ərzində vətəndaşların Ermənistana “görünməmiş axını” barədə müxtəlif göstəriciləri açıqlayıb. Rəqəmlər göstərir ki, Ermənistana gələnlərin çox az hissəsi vətəndaşlıq almaq üçün müraciət edir, eyni zamanda, on minlərlə insan Ermənistan vətəndaşlığından imtina edib”.

Göründüyü kimi, Paşinyanın daha bir yalanının üstü açıldı. Hansı ki, o, zaman-zaman ölkədən gedənlərin sayının azaldığını bəyan edirdi. Ancaq məlum olur ki, ölkədən xaricə ümumi miqrasiya azalmayıb, daha da artıb. Bununla bərabər, vətəndaşlıqdan imtina edənlərin sayı da artıb. Bu isə o deməkdir ki, gedənlər bir daha ölkəyə geri qayıtmamaq məqsədilə əlaqədar olaraq vətəndaşlıqdan imtina edirlər.

Ermənistandakı acınacaqlı miqrasiya vəziyyətini “Bakı-Xəbər”ə şərh edən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayevin sözlərinə görə, 44 günlük müharibədən sonra ölkədən xaricə axın daha da artacaq: “Necə deyərlər, hələ bu harasıdır? Ermənistan cəmiyyəti artıq Paşinyanın sosial-iqtisadi nağıllarına inanmır. O baxımdan sözügedən proses geridönməz hal alıb. Nəzərə almaq lazımdır ki, pandemiya Ermənistandan xaricə miqrasiyanı qismən əngəlləyir. Heç şübhə etmirəm ki, pandemiya olmasaydı, Ermənistandan gedənlərin sayı daha böyük rəqəmlərlə ölçüləcəkdi. Yeri gəlmişkən onu da qeyd edim ki, koronavirus pandemiyası dövründə Almaniyadan sığınacaq istəyən Ermənistan vətəndaşlarının sayı artıb. Ermənilər bu imkandan da maksimum istifadə etməyə çalışırlar. Məlumata görə, təkcə oktyabr ayında 120 nəfər koronavirus pandemiyası ilə əlaqədər Almaniyaya gəlmədən bu ölkənin Ermənistanda yerləşən səfirliyinə sığınacaq üçün müraciət edib. Deməyim odur ki, ermənilər ölkəni tərk etmək üçün bütün vasitələrdən istifadə edirlər. Ermənistan vətənşdaşlığından imtina edənlər əsasən Fransa, Almaniya, Amerika Birləşmiş Ştatları, İngiltərə, Niderland Krallığı və s. dövlətlərin vətəndaşlığını qəbul ediblər. Əvvəllər Almaniyada ermənilərin sayı elə də çox deyildi. Ancaq müşahidələr göstərir ki, son illər ermənilər daha çox Almaniyada yaşamağa önəm verirlər. Hazırda Almaniyada 300 mindən çox erməninin yaşadığı deyilir. Onlar əsasən Köln, Hamburq, Berlin və Münhendə kompakt şəkildə məskunlaşıblar. Bu əsasən Almaniyanın iqtisadi baxımdan daha güclü inkişaf etməsi ilə bağlıdır. Paşinyan hakimiyyəti aqressiv siyasət yeridərək bu ölkəni uçuruma yuvarladı. Məsələ ondadır ki, 44 günlük məğlubiyyətlə nəticələnən müharibə həm də Ermənistan iqtisadiyyatına sarsıdıcı zərbə vurdu. Bu isə o deməkdir ki, bundan sonra ağlı başında olan erməni heç vaxt bu ölkədə yaşamaq istəməz. O baxımdan hesab edirəm ki, müharibədə uduzduğuna görə Ermənistandan xaricə axın daha da güclənəcək”.

Ekspert hesab edir ki, artan miqrasiya Ermənistanı məhvə aparır.

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …