Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / İran və Rusiyaya görə Azərbaycana sanksiya?

İran və Rusiyaya görə Azərbaycana sanksiya?

ABŞ Rusiya və İranın regional kommunikasiyalar üzrə həyata keçirdiyi birgə layihələrə qarşı ciddi addımlar ata bilər.

Qeyd edək ki, ABŞ Rəşt-Astara dəmir yolunun tikintisi ilə bağlı xəbərlərdən narahat olduğunu bildirib.

ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel mətbuata açıqlamasında bildirib ki, Vaşinqton bu layihənin İran və Rusiyaya sanksiyalardan yan keçməsinə kömək edəcəyini hesab edir.

Onun sözlərinə görə, ABŞ bu istiqamətdə atılacaq addımların qarşısını almaq üçün zəruri tədbirlər görəcək.

Xatırladaq ki, Rəşt-Astara dəmiryol xətti birbaşa Azərbaycan ərazisindən keçən “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsidir. Moskva bu dəmiryol xəttinin tikintisinə 1,3 milyard kredit ayıracaq. 

Bu məsələyə münasibət bildirən bəzi ekspertlər hesab edirlər ki, ABŞ İran və Rusiyanı birləşdirəcək dəmiryol xəttinin tikintisinə mane olmağa, daha doğrusu, hər iki dövlət üçün həyati əhəmiyyət kəsb edən layihənin həyata keçməməsinə çalışacaq. Bu məsələdə Vaşinqton Azərbaycana rəsmi şəkildə ciddi xəbərdarlıq edə bilər. 

Maraqlıdır, ABŞ-ın təşəbbüsü ilə Bakı və İrəvan arasında sülh danışıqlarının intensivləşdiyi bir zamanda Azərbaycan Vaşinqtonun reaksiyasına hansı formada cavab verəcək? Vaşinqtonun xəbərdarlığı sülh danışıqlarına necə təsir göstərəcək?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya açıqlamasında qeyd edib ki, ABŞ Rusiya və İranın layihəsinə görə Azərbaycana təzyiq edə bilməz:

“Birincisi, Rəşt-Astara dəmiryol xətti Azərbaycanda yox, İranın ərazisində tikilir. Bu xəttin tikintisinə Azərbaycan yox, Rusiya maliyyə ayırır. Azərbaycanın burada birbaşa iştirakı yoxdur. Eyni zamanda həmin yolun tikintisi 2-3 il vaxt aparacaq. İki-üç ildən sonra hansı proseslərin baş verəcəyini indidən proqnozlaşdırmaq mümkün deyil.

İkincisi, Azərbaycan üzərindən İrandan Rusiyaya və ya Rusiyadan İrana mal mübadiləsi həm dəmir yolu, həm də avtomobil yolu ilə həyata keçirilir. Buna görə də ABŞ-ın Azərbaycana qarşı təzyiq mexanizmi tətbiq etməsi inandırıcı deyil. Çünki Azərbaycan əhəmiyyətli tranzit ölkə hesab olunur. Bunu ABŞ-da çox yaxşı başa düşürlər.

Bu gün Avropa İttifaqının Çindən idxal etdiyi məhsulların ən azı yarısı Rusiya ərazisi üzərindən keçir. Bu o demək deyil ki, məhz buna görə Avropa ölkələri özlərinə sanksiya tətbiq etməlidir. Əgər başqa yollar yoxdursa, alternativ logistik mərkəzlər qurulmayıbsa, tranzit ölkələrini Rusiya və İrana görə günahlandırmaq düzgün olmaz.

Yeganə tələb nə ola bilər? Azərbaycan üzərindən İrandan Rusiyaya və Rusiyadan İrana hərbi təyinatlı məhsullar daşınmasın. Azərbaycandan bu məhsulların daşınmasına qadağa qoyması tələb oluna bilər. Bu qadağada texniki və hüquqi mexamizmlər nəzərdən keçiriləcək. Ancaq Azərbaycan üzərindən İrandan Rusiyaya və ya Rusiyadan İrana ərzaq və məişət məhsulların daşınmalarına görə sanksiyalara tuş gəlmək inandırıcı deyil. Doğrusu, bu, mümkün deyil.

Qeyd edim ki, Rusiyaya qarşı ən sərt sanksiyalar tətbiq olunmasına baxmayaraq, istər Avropa ölkələri, istərsə də dünyanın digər ölkələri Rusiyadan ərzaq və kənd təsərrüfatı məhsulları almağa davam edirlər. Ötən ilin sonunda Rusiya kənd təsərrüfatı məhsullarının ixracında rekord göstərici əldə edib”. 

Azərbaycanın ABŞ-ın mümkün xəbərdarlığına qarşı reaksiyasına gəlincə, Natiq Cəfərli vurğulayıb ki, Azərbaycan beynəlxalq hüquqa uyğun addımlar atacaq:

“Hesab edirəm ki, Azərbaycan beynəlxalq hüquqa uyğun davranacaq. Beynəlxalq hüququn normaları çərçivəsində hərbi təyinatlı məhsulların daşınmasına qadağalar qoyulub. Hətta Çin kimi nəhəng ölkə də bu qadağalara əməl edir. Azərbaycanın da bu beynəlxalq sanksiyalara uyması təbii olacaq”.

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …