Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / “Həm gülməli, həm də axmaq vəziyyətdir”

“Həm gülməli, həm də axmaq vəziyyətdir”

Rusiya xarici işlər naziri Serqey Lavrovun 5-6 may tarixlərində İrəvana, daha sonra 10-11 may tarixlərində Azərbaycana gözlənilən səfəri Ermənistanda narazılığa səbəb olub. Erməni ekspertləri Serqey Lavrovun “persona non-qrata” elan edilməsinin vacibliyindən danışmağa başlayıb.

Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri hansı hərəkətinə görə belə rəftara layiq görülüb?

“Lraqir” qəzetinin yazdığına görə, İrəvanda Serqey Lavrov bir sıra məsələlərdə ultimatum irəli sürəcək, sonra hesabatla Bakıya gələcək. Nəşr ümumilikdə Ermənistan əhalisinin əhəmiyyətli hissəsinin Rusiyaya münasibətindən yazıb: “Rusiya – daxili sahələrində bərpası mümkün olmayan deqradasiyaya görə didərgin-ölkəyə çevrilib. İndi Rusiya dünyada zəhərlənmə, haker hücumları, təxribat və casus qalmaqalları ilə xatırlanır. Rusiya hazırda ancaq Ermənistana təpinə bilər”.

Məqalədə Rusiyanın “Qarabağda Ermənistana qarşı terror müharibəsi” apardığı (!), “Ermənistanı parçalamaq və suverenliyini ləğv etmək siyasəti” ilə məşğul olduğu qeyd olunub, iyun ayında isə Ermənistanda keçiriləcək erkən parlament seçkilərində “Moskvanın Ermənistanın suverenliyinin qalıqlarını məhv etmək niyyətində olduğu” vurğulanıb.

Vəziyyəti Rusiya Federasiya Şurası Beynəlxalq İşlər Komitəsinin Ekspert Şurasının üzvü, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının ekspert-analitiki, psixologiya elmləri namizədi Anatoli Nikiforov caliber.az-a verdiyi müsahibədə izah edib. Sitat: “Rusiya ABŞ-la gərgin diplomatik münasibətlərə malikdir, viza məhdudiyyətləri tətbiq olunur. Və tamamilə aydındır ki, ABŞ hazırda bütün uzaq anti-Rusiya layihələri ilə (hətta onlar qlobal siyasətdə heç bir əhəmiyyətə malik olmasalar belə) ”oynayacaq”. Ermənistan – müəyyən dərəcədə dövlətçilikdə yetişməmiş, Qərbin xarici təsiri altında olan bir dövlətdir. Bu, baş nazir vəzifəsini icra edən Nikol Paşinyana da aiddir. Ermənistanda indi qərbyönümlü qüvvələr informasiya məkanındakı təsirlərini artıracaq, Rusiyanın “Ermənistanı parçalayacağı” ilə bağlı səs-küy də burdandır. Bütün bunlar amerikalı siyasi strateqlərin işinin birbaşa təzahürüdür. Ancaq bir nəticə əldə etmək mümkün olmayacaq, Rusiyanın ciddi güc mənbəyi var.

Əlbətdə ki, Moskva öz ətrafında qarşılıqlı faydalı iqtisadi layihələri inkişaf etdirməyə qadir olan tərəfdaşlarının olmasını istərdi. Serqey Lavrovun həm Ermənistana, həm də Azərbaycana səfər etməsi Rusiya siyasətinin sabitliyinin göstəricisidir. Moskva, şübhəsiz ki, həm Bakı, həm də İrəvanla yaxşı münasibətlərdə maraqlıdır. İrəvan bundan inciyə bilər, amma Azərbaycanla müharibə hər şeyi göstərdi. Ermənistan qaçdı, büdrədi, “burnunu qırdı”. Rusiya ilə də münasibətlər çətindir. Burada dünya birliyinə siqnal var – Rusiya xarici işlər nazirini “persona non qrata” elan etməyə hazır olan və bundan çəkinməyən Ermənistan budur. Yəni İrəvan Qərbin ideoloji anti-Rusiya vektoruna qoşula bilər. Ancaq bunlar hamısı Krılovun məşhur “Fil və alabaş” nağılına bənzəyir. Həm gülməli, həm də axmaq vəziyyətdir”.

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …