Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Fəzail Ağamalı: Sülhməramlılar faktiki olaraq revanşistləri himayə edir

Fəzail Ağamalı: Sülhməramlılar faktiki olaraq revanşistləri himayə edir

‘’Ermənistan mediasında siyasətçilər tərəfindən səsləndirilən revanşist fikirlər siyasi şoudan başqa bir şey deyil. Bu fikirlər erməni cəmiyyətinin qeyri- realist, faşist düşüncələrinin, özünə aid olmayan torpaqları işğal etmək ehtiraslarını nümayiş etdirir’’.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

Millət vəkili bildirib ki, 44 gün ərzində Azərbaycanın şanlı ordusu  Ermənistanın illərdən bəri millitarist mahiyyət daşıyan ordu quruculuğunu darmadağın etdi: ‘’Demək olar ki, Ermənistan ordusu faktiki olaraq artıq yoxdur. Texniki bazası və canlı qüvvəsi tamamilə məhv edilmiş, sınmış, əzilmiş, ruhdan düşmüş ordunun sadəcə  qalıqları qalıb. Hansı gücü ilə Ermənistan  Azərbaycana qarşı yenidən hərbi əməliyyatlara başlıyacaq?! Belə bir şey olarsa, bu onların sonu olacaq və Ermənistan adlı ölkə yer üzündən silinəcəkdir. Onların bu cür fikirləri illər uzunu faşist düşüncələrlə formalaşan cəmiyyətin müəyyən hissəsinin baxışlarını ifadə edir və bu, heç  bir reallığı əks etdirmir’’.

Fəzail Ağamalı qeyd edib ki, bir qrup erməni terror birləşmələri müxtəlif yollarla Azərbaycan ərazisinə keçib ölkəmizdə təxribat törətməyə çalışsalar da bunun qarşısı çox qətiyyətlə alınır: ‘’Dekabr ayında Hadrut istiqamətində erməni terrorçularının bu cür cəhdlərinin boşa çıxması buna sübutdur. Təbii ki, həmin cəhd qondarma Dağlıq Qarabağın rəhbərliyinin fikirlərində də özünü ifadə edir. Onlar yerli camaatı şüurlu ağırlıqdan və böhrandan çıxartmaq üçün guya Qarabağda yeni ordunun qurulub müasir silahlarla təchiz edilməsi barədə reallıqdan kənar, sərsəm fikirlər səsləndirir”.

Millət vəkilinin sözlərinə görə, ermənilər maksimum dərəcədə Rusiyanın sühməramlı qüvvələrinin dəstəyini qazanmağa çalışırlar: ‘’Təəssüf ki, sülhməramlı qüvvələr bir sıra hallarda buna əsas yaradırlar. Sülhməramlı qüvvələr bu cinayətkar dəstənin başçıları ilə səmimi münasibətdə olurlar. Sosial şəbəkələrdə yayılan görüntülərdən də görürük ki, sülhməramlıların münayəndələrindən biri erməni quldurlarının şərəfinə badə qaldırıraraq ‘’Hər şey sizin xeyrinizə olacaq’’- deyə sərsəm və bizi qıcıqlandıracaq  ifadələr söyləyirlər. Bütün bunların qarşısı alınaraq səlahiyyətləri bir daha onların nəzərinə çatdırılmalı, onlar funksiyaları daxilində öz fəaliyyətlərini icra etməlidir. Əgər belə davam edərsə, Azərbaycanın bir sıra müvafiq qurumları bu şəraiti yaradan və erməni quldurlarını himayə edən Rüstəm Muradovun sülhməramlı qüvvələrin rəhbərliyindən uzaqlaşdırılmasına doğru konkret addımlar atılmalıdır. Sülhməramlıların yalnız beynəlxalq səviyyədə onlara verilmiş səlahiyyətlər çərçivəsində Azərbaycan torpaqlarında fəaliyyət göstərmək hüququ var. Onlar revanşistləri faktiki olaraq himayə edir və bu cür himayəçilik sülhməramlı qüvvələrin gələcək perspektivinə kifayət qədər kölgə salır’’.

‘’Qələbə naminə öz  Ali Baş Komandanı ətrafında bir yumruq kimi birləşən Azərbaycan xalqının iradəsinin  əleyhinə hər hansısa bir addım atmaq mümkün deyil. Cənab Prezident İlham Əliyevin düzgün siyasəti və xalqın milli birliyi nəticəsində Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə son qoyuldu və işğal altında olan  torpaqlarımızın geri qaytarılmasının son dərəcə mühüm bir mərhələsi başa vuruldu. İndi isə, ikinci əsas və həlledici mərhələdə Xankəndi və ətraf rayonlarda hələ də qalan erməni terrorçuları Rusiya sülhməramlıları tərəfindən çıxarılmalıdı. Şübhəsiz ki, Azərbaycan dövləti tərəfindən  buna ciddi nəzarət edilir’’. – deyə Fəzail Ağamalı bildirib.

Millət vəkili son olaraq əlavə edib ki, Türkiyənin silahlı qüvvələrinin nümayəndələri də artıq Azərbaycandadır. Bu yaxınlarda onların da iştirakı ilə Rusiya sülhməramlıları ilə birgə Qarabağda atəşkəsin mexanizmlərinə nəzarət üçün birgə monitorinq mərkəzi fəaliyyətə başlayacaq.

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …