Ana səhifə / Siyasət / Dunya Miyatoviç: Azərbaycanda nələrinsə dəyişəcəyinə ümid etsək də, bu baş vermir

Dunya Miyatoviç: Azərbaycanda nələrinsə dəyişəcəyinə ümid etsək də, bu baş vermir

Azərbaycanda söz və mətbuat azadlığının vəziyyətində heç bir müsbət dəyişiklik yoxdur, məhdudlaşdırıcı mühit qalmaqdadır və yeni media qanunu daha çox senzura və məhdudiyyətlər tətbiq edir.

Bunu Avropa Şurasının insan haqları üzrə komissarı Dunya Miyatoviç “Amerikanın Səsi”nə müsahibəsində bildirib. 

Miyatoviç jurnalistlərə, hüquq müdafiəçilərinə və vətəndaş cəmiyyəti nümayəndələrinə qarşı davam edən təzyiq və təqibləri qəbuledilməz adlandırıb.

Əvvəllər ATƏT-in media azadlığı üzrə nümayəndəsi olan Dunya Miyatoviç bir neçə dəfə Azərbaycana səfər edib. O qeyd edib ki, həmin vaxtdan bəri ölkədə söz və media azadlığının vəziyyətində heç bir müsbət dəyişiklik olmayıb, məhdudlaşdırıcı mühit qalmaqdadır və yeni media qanunu daha çox senzura və məhdudiyyətlər tətbiq edir.

“Hazırda Azərbaycanda insan hüquqları, söz və sərbəst toplaşma azadlığı ilə bağlı bir neçə məsələnin monitorinqini aparıram. 2019-cu ildə hakimiyyət mənə 17 və 16 saylı cəzaçəkmə müəssisəsinə getməyə, o vaxt həbsdə olan Seymur Həzi və Əfqan Muxtarlı ilə görüşməyimə icazə vermişdi. O vaxt müəyyən əməkdaşlıq var idi. Ədliyyə Nazirliyi, Prezident Xidmət, Daxili İşlər Nazirliyi ilə çoxlu müzakirələr apardım, tövsiyələrimi bölüşdüm.

Mən öz narahatlığımı dəfələrlə Azərbaycan hökumətinə çox açıq şəkildə bildirmişəm, ümid edirdim ki, müəyyən həll yolları tapılacaq. Amma təəssüf ki, baş tutmadı”.

Miyatoviç media azadlığının vəziyyəti ilə bağlı suala cavabında bildirib ki, Azərbaycanda jurnalistlərin təhlükəsizliyi ciddi narahatlıq doğurur:

“Media azadlığı ilə bağlı vəziyyət son dərəcə narahatedicidir. Mövcud qanunvericilik daha çox senzura və məhdudiyyətlər tətbiq etməklə ümumilikdə söz azadlığına daha da mənfi təsir göstərir. Avropa Şurasına daxil olan ölkələr 21-ci əsrdə özlərini belə aparmamalıdırlar”.

Həmçinin oxuyun

Ukrayna Azərbaycanı “Zelenski formulu”na qoşulmağa çağırdı

Ukrayna Azərbaycanı Zelenskinin sülh formulasına qoşulmağa dəvət edib. Bu barədə Ali Radanın sədr müavini Yelena …