Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Böyük güclərin Qarabağla bağlı “qamçı və kökə” siyasəti

Böyük güclərin Qarabağla bağlı “qamçı və kökə” siyasəti

Rusiyada prezident seçkisi başa çatdı. Möcüzə olmadı, çünki demokratik olmayan seçkidə Vladimir Putinin “qələbəsi” heç kimdə şübhə doğurmurdu. Bizi isə ən çox Putinin qarşıdakı 6 ildə Azərbaycan da daxil, “Yaxın xaric”lə bağlı aparacağı siyasət maraqlandırır. 

Əslində Putinin hakimiyyətdə qalması o deməkdir ki, Kremlin ənənəvi Qarabağ siyasəti davam edəcək. Ola bilsin, konyunkturadan asılı olaraq, yaxud dünyada gedən proseslərin, xüsusilə də kəskinləşən ABŞ-Rusiya münasibətlərinin xarakterinə və dinamikasına uyğun olaraq, bu siyasətə bəzi korrektələr edilsin. Ancaq hansı tərəfin – Azərbaycanın, yoxsa Ermənistanın xeyrinə – bunu artıq zaman göstərəcək. Söhbət konkret olaraq təzə-köhnə prezident V.Putinin mövqeyindən gedir.

*****

Rusiyalı tanınmış politoloq və tarixçi-alim Oleq Kuznetsov bu xüsusda hesab edir ki, Rusiyanın Cənubi Qafqaza münasibətdə xarici siyasətinin real məzmunu obyektiv olaraq heç kimə, hətta təzədən prezident seçilən Vladimir Putinin özünə də məlum deyil. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə o, rusdilli vesti.az-a müsahibəsində deyib.

Qarabağ ətrafında durumu şərh edən analitikin fikrincə, Azərbaycan və Ermənistandakı seçkilərdən sonra tərəflər genişmiqyaslı müharibəyə daha bir addım yaxın olacaq: “Siyasətçilər öz çıxışları, politoloqlar isə öz məqalələri ilə cəmiyyəti artıq müharibənin labüdlüyünə hazırlayıblar – hansı müharibə ki, cəmiyyət üçün indi elə də qorxunc görünmür, əksinə, hətta arzu olunan və zəruri sayılır. Cənubi Qafqazda, xüsusən də Ermənistanda situasiya kaleydoskop sürəti ilə dəyişir. Rusiya xarici siyasəti baş verən bu dəyişikliklərə uyğunlaşmağa macal tapmır. Rusiya siyasətinin Qafqaz istiqamətini kurasiya edən, bir çoxunu şəxsən tanıdığım adamlar isə xüsusi təşəbbüskarlığı və yüksək intellektual qabiliyyətləri ilə fərqlənmirlər. Ona görə də onlar Kremldən nə deyəcəklərsə, onu da edəcəklər”.

Ekspert daha sonra deyib: “Rusiyanın siyasi rəhbərliyi Ermənistanda hakimiyyətdə açıq-aşkar nasist ideologiyasının daşıyıcılarının olduğunun çox gözəl fərqindədir. O üzdən bütün federal orqanlara tapşırılıb ki, Rusiya-Ermənistan qarşılıqlı münasibətlərində bu məqamı nəzərə alsınlar. Erməni tərəfi bunu yaxşı bilir və Qərblə oyun hesabına Rusiyaya təzyiq edir ki, dövlət siyasəti səviyyəsinə qaldırılmış nasist ideologiyasından imtina eləməsin. Odur ki, indiki halda Rusiya-Ermənistan əlaqələri yüksək səviyyədə deyil. Və bu əlaqələr Rusiyadakı prezident seçkisindən sonra necə inkişaf edəcək, o, bircə Allaha məlumdur”.

O.Kuznetsova görə, Rusiya Dağlıq Qarabağ məsələsinə öz daxili milli təhlükəsizlik prizmasından baxır: “Və mən hesab edirəm ki, regiona daimi sabitliyi yalnız yeni müharibə gətirə bilər – hansı müharibə zamanı ki, tərəflər öz aralarındakı bütün ərazi və ideoloji iddiaları birdəfəlik çözəcəklər. Çünki tərəflərin mövqeləri o dərəcədə antoqonist xarakterlidir ki, sülh yolu ilə bu antoqonizmi aradan qaldırmaq artıq mümkün deyil. Təbii ki, bu müharibədə mənim rəğbətim Azərbaycan tərəfdə olacaq. Nədən ki, bu, demokratiya və çiçəklənmənin nasizm və nifrətə qarşı savaşı olacaq”.

*****

Rusiyalı analitikin yuxarıdakı fikirləri ilə razılaşmamaq çətindir. Yalnız bunu əlavə eləmək qalır ki, yaranmış vəziyyətə görə Azərbaycan heç bir günah yiyəsi deyil. Ərazisinin 20%-i işğal altında olan Azərbaycan müharibə, ölüm-itim, qırğın tərəfdarı da deyil. Olsaydı, on illərdir nəticəsiz sülh danışıqlarına qatılmaz, buna dözüm göstərməzdi. Azərbaycanın tək istəyi BMT TŞ-nin Qarabağa dair qətnamələrinin qeyd-şərtsiz yerinə yetirilməsi, ərazi bütövlüyü və suverenliyimizin təmin edilməsidir ki, bu da beynəlxalq hüquqdan qaynaqlanır.

Yəni radikal, diametral zidd mövqe deyərkən məhz öz qonşusuna qarşı əsassız ərazi iddiası ilə yaşayan işğalçı Ermənistandan danışılmalı, bütün təzyiq və təsirlər də ona yönəlməlidir. Azərbaycan isə əsla radikal mövqedə deyil, beynəlxalq hüququn diktə elədiyi normal mövqedədir.

Bu hüquq ona öz ərazi bütövlüyünü istənilən yolla, o cümlədən silah gücünə bərpa eləmək haqqı tanıyır. Ermənistanın isə beynəlxalq hüquqa görə yalnız bir “hüququ” var: nə qədər böyük savaş başlamayıb, işğal altındakı torpaqları qeyd-şərtsiz öz qanuni və halal sahibinə qaytarsın. İşğalçıya güzəştə getmək elə işğalı, torpağı güzəştə getmək deməkdir və bu güzəşt digər münaqişəli bölgələr üçün, beynəlxalq düzən üçün çox pis presedent yarada bilər.

Məsələ də ondadır ki, Ukraynaya (Krım, Donbas) görə aparıcı dövlətlər, Qərb, ABŞ necə ki, bu təhlükəni göz önünə alaraq işğalçı Rusiyaya qarşı sərt davranış sərgiləyir, separatçılara göz açmağa imkan vermir, onlara qarşı sanksiyalar tətbiq edir, eyni yanaşmanı digər işğalçı ölkəyə və Rusiyanın işğal ortağı olan Ermənistana, Qarabağ separatçılarına münasibətdə də göstərməldir. İşğalçı Ermənistan, ya Rusiya – nə fərqi var ki?

Təəssüf ki, söhbət erməni separatçılarına gələndə biz bunun tam tərsini, ikili standart yanaşmasını, ikiüzlü siyasəti görürük. Qarabağdakı qondarma rejimin başçısı Bako Saakyanın ABŞ səfəri buna parlaq sübutdur. Hərçənd ATƏT-in Minsk Qrupunun sabiq amerikalı həmsədri, ABŞ-ın ölkəmizdəki keçmiş səfiri Metyu Brayza ölkəsinin ikili standartını incə şəkildə “malalamağa”  çalışır və iddia edir ki, separatçının Amerika səfəri Vaşinqton və Bakı arasında strateji tərəfdaşlığa təsir etməyəcək.

Bako Sahakyan usa ile ilgili görsel sonucu

“Bu, Saakyanın ABŞ-a ilk səfəri deyil. Bundan əlavə, o, ABŞ hökuməti tərəfindən heç bir sponsorluqla təmin edilmir. Keçmişdə olduğu kimi, onun ABŞ hökumətində rəsmilərlə heç bir görüşləri nəzərdə tutulmayıb, bəlkə ola bilsin ki, ABŞ-dan olan Minsk Qrupunun həmsədri istisna olmaqla – o da qeyri-rəsmi. Beləliklə, Saakyanın bu hərəkətlərini ABŞ hökuməti şəxsi səfər kimi qəbul edir və bu, Azərbaycanla ABŞ arasında strateji münasibətlərə heç bir təsir göstərməyəcək”, – deyə o bildirib.

Ola bilər. Ancaq fakt faktlığında qalır ki, Birləşmiş Ştatlar ölkəyə sərbəst giriş və burada görüşlər keçirməklə bağlı isti münasibəti nədənsə yalnız erməni separatçılarına, quldurbaşı Saakyana rəva bilir. Nə katalonlara, nə ruslara, nə abxazlara və osetinlərə belə lüks yerli-dibli tanınmır. Sonunculara “kökə” yox, “qamçı” göstərilir. Görəsən, niyə? Və bir də ABŞ Qarabağ məsələsinə yanaşmada, görəsən, Kremldən nə qədər ədalətlidir?

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …