Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / “Bizə güclü ordu həm də İran amilinə görə lazımdır” – Təbriz Musayev

“Bizə güclü ordu həm də İran amilinə görə lazımdır” – Təbriz Musayev

“Büdcəyə əlavələr ən azı 3 milyard manat səviyyəsində olacaq, ondan da çox ola bilər. Bunun əsas hissəsi Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasında istifadə ediləcək. İkinci yerdə bizim hərbi xərclərimiz olacaq”. Bu sözləri Prezident İlham Əliyev Salyan rayonunda Azərbaycan Televiziyasına müsahibəsində söyləyib.

Ölkə başçısı qeyd edib ki, hərbi xərclərin artırılmasına böyük ehtiyac var: “Dünyada gedən prosesləri hər kəs izləyir. Dünyada təhdidlər artır, təhlükələr artır. Düzdür, biz İkinci Qarabağ müharibəsində düşmənin başını əzərək möhtəşəm Qələbə əldə etmişik. Ancaq Ermənistanda revanşist qüvvələr yenə baş qaldırır, biz istənilən vəziyyətə hazır olmalıyıq və elə bir ordu yaratmalıyıq ki, dünya miqyasında nümunəvi olsun və ən güclü ordulardan biri olsun. Bu gün də Azərbaycan Ordusu güclüdür. Biz gücümüzü döyüş meydanında göstərmişik”.

Bir daha məlum olur ki, Vətən müharibəsində Azərbaycanın qələbəsinə rəğmən, ordu quruculuğu daim diqqət mərkəzində olacaq.

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayevin fikrincə, hərbi xərclərin artırılması strateji əhəmiyyət kəsb edir: “Burada söhbət yalnız Ermənistandan gələ biləcək təhdidlərin önlənməsindən getmir. Azərbaycan önəmli strateji coğrafi məkanda yerləşir. Böyük güclərin bir sıra məsələlərdə Cənubi Qafqazda maraqları toqquşur. Azərbaycan İran kimi davakar dövlətlə uzun quru sərhədlərinə malikdir. O İran ki, Azərbaycan müstəqillik əldə edəndən bəri ölkəmizə münasibətdə düşmənçilik siyasəti yeridir. O İran ki, 44 günlük Vətən müharibəsində ordumuzun ard-arda uğurlarından ən çox narahat olan dövlətlərdən biridir. Hətta İran Zəngilan istiqamətində ordumuzun irəliləməsinə mane də oldu. Bütün bunlar azmış kimi, İran müharibədən sonra 3 dəfə Araz çayı sahilində genişmiqyası hərbi təlimlər keçirib. Məgər Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi İrana təhdid yaradır? Əlbəttə ki, yox. Sadəcə, İran Azərbaycanın güclənməsini, Zəngəzur dəhlizinin açılmasını istəmir. Bundan ötrü nə mümkündürsə onu edir. Ona görə də bizə güclü ordu həm də İran amilinə görə lazımdır. Bütün bunlarla yanaşı, güclü ordu Azərbaycanın ərazi bütövlüyünün qarantıdır. Əlbəttə ki, biz daima ordunun döyüş qabiliyyətini artırmalı və müasir silahlar əldə etməliyik. Bütün bunlar paralel şəkildə həyata keçirilməlidir. Ona görə ki, biz Ermənistan kimi məkrli bir dövlətlə qonşuyuq. Yüz ildən çoxdur ki, bizimlə düşmənçilik aparır, tarixi ərazilərimizdə özlərinə dövlət qurublar. Onların Qarabağa yönəlik iddiaları heç vaxt dayanmayacaq. O üzdən, hər zaman ordumuz güclü olmalıdır. Güclü ordunun yaradılması bu sahəyə ayrılan böyük vəsaitlərdən keçir. Bu baxımdan hesab edirəm ki, orduya göstərilən diqqət hər zaman ön sırada olmalıdır”.

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …