Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Arzuxan Əlizadə: “Bəs o zaman nə mane olurdu bu adamların “aktiv” fəaliyyətinə?”

Arzuxan Əlizadə: “Bəs o zaman nə mane olurdu bu adamların “aktiv” fəaliyyətinə?”

Radikal müxalifət təmsilçiləri deyirlər ki, koronavirus pandemiyası ölkənin hər sahəsinə mənfi təsir etdiyi kimi, ictimai-siyasi fəaliyyəti də iflic vəziyyətinə qoyub. Azərbaycanda olan siyasi partiyalar bir çox tədbirini, geniş toplantılarını pandemiya səbəbindən təxirə salıblar. Mümkün etiraz aksiyalarının hamısı pandemiya səbəbindən təxirə düşüb.  

Guya pandemiya olmasaydı, onlar daha yaxşı təşkilatlanardılar və ölkədəki proseslərə təsir imkanı əldə edəcəkdilər. Məgər radikal müxalifətin keçirdiyi aksiyalara gələnlər olurdu ki? Əksər halda aksiyaya gələnlər olmurdu. Aksiyaya adam çıxarmaqdan ötrü radikallar min hoqqadan çıxırdılar. Ancaq yenə də istədikləri nəticəni əldə edə bilmirdilər. Nəzərə alsaq ki, radikalların təmsil olunduğu Milli Şuranın sıraları biabırçı formada seyrəlməkdə davam edir, ard-arda tərbiyəsiz görüntülü ünsiyyətləri yayılır, cəmiyyət bu qüvvələrə etimad göstərmir, o zaman onların bu “koronavirus arqumenti” nə dərəcədə əsaslıdır?

Məsələyə münasibət bildirən AMİP-in sədr əvəzi Arzuxan Əlizadənin sözlərinə görə, pandemiya səbəbindən ölkədə ictimai-siyasi fəaliyyətin iflic hala gəlməsini demək həqiqətdən çox uzaqdır: “COVID-19 koronavirus pandemiyasının insanların həyatı və sağlamlığı üçün yaratdığı ciddi təhlükə ilə yanaşı, hər sahədə bütün dünya düzənində törətdiyi fəsadlar göz önündədir. Belə bir dövrdə, yəni beynəlxalq səviyyəli tədbirlərin, dünya çempionatlarının, olimpiadaların təxirə salındığı və ya bir çox toplantının onlayn rejimdə həyata keçirildiyi dönəmdə mövcud durumun Azərbaycanın ictimai-siyasi həyatına da təsirsiz ötüşməməsində qeyri-adi bir şey yoxdur. Məsələn, AMİP olaraq biz də bu səbəbdən partiyanın növbəti qurultayının keçirilməsi də daxil olmaqla, bir çox tədbirimizi təxirə salmışıq, eləcə də digər cari toplantılarımızı və partiya üzvlərimizlə təmaslarımızı da daha çox onlayn rejimə keçirmişik. Əlbəttə ki, hazırkı vəziyyət geniş anlamda aktiv fəaliyyətin adi dövrdəkinə nisbətdə bir qədər zəifləməsinə səbəb olub. Amma pandemiya səbəbindən ölkədə ictimai-siyasi fəaliyyətin iflic hala gəlməsini demək həqiqətdən çox uzaqdır. Hesab edirəm ki, bu fikri səsləndirənlər daha çox öz bacarıqsızlıqlarına və fəaliyyətsizliklərinə bəraət qazandırmaq məqsədi güdürlər. Əgər söhbət dediyiniz radikal düşərgədən və özünü “milli” adlandıran qruplaşmadan gedirsə, bu adamların son dövr “fəaliyyətləri” də göz önündədir. Xüsusilə də son günlər ərzində yayılan videogörüntülər sayəsində bunların öz toplantılarında hansı məsələləri müzakirə etdikləri də artıq hər kəsə məlumdur. Bu adamlar yığışıb siyasi əxlaq və mədəniyyətdən kənar məsələləri qeybət səviyyəsində müzakirə etməyi siyasi fəaliyyət kimi anlayır və bu adla da insanlara sırımaq istəyirlərsə, birmənalı deyirəm ki, bu oyunlar artıq keçərli deyil”.

A.Əlizadə onu da qeyd etdi ki, cəmiyyət kimin kim olduğunu yaxşı bilir: “Azərbaycan cəmiyyətinin əksər hissəsi kimin hansı məqsədə qulluq etdiyini hər halda ayıra bilir. Pandemiyadan əvvəlki dönəmlərdə gündəmdə qalmaq üçün məqsədli şəkildə dəfələrlə mitinq təyin edib sonra təxirə saldıqları da hələ yaddan çıxmayıb. Bəs o zaman nə mane olurdu bu adamların “aktiv” fəaliyyətinə? Guya pandemiya olmasa, bunların ölkənin siyasi həyatına təsir etmək imkanları artacaqdı kimi nağıllara isə özlərindən və getdikcə seyrəlməkdə olan ətraflarındakı kiçik bir toplumdan başqa kimsə inanmır”.

Radikal müxalifət öz uğursuz fəaliyyətini pandemiya ilə əlaqələndirməyə çalışsa da, bu, gülünc təsir bağışlayır. Çünki pandemiyadan əvvəl bu düşərgə nə vəziyyətdə idisə, indi də o vəziyyətdədir. (Bakı-Xəbər)

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …