Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / XİN-də yeni qalmaqal-daha bir diplomatımız xarici ölkəyə sığındı

XİN-də yeni qalmaqal-daha bir diplomatımız xarici ölkəyə sığındı

Avstraliyadakı səfirliyin əməkdaşı Anar Həsənov korrupsiya faktlarını açıqladığı üçün cəzalandırıldığını, XİN isə diplomatın xidmət qaydalarını pozduğu üçün işdən kənarlaşdırıldığını iddia edir

 
Azərbaycanda növbəti “diplomat qalmaqalı” baş verib. Bu dəfə Avstraliyadakı səfirliyimizin əməkdaşı Anar Həsənov XİN sistemindəki qanunsuzluqlar barədə açıqlamalar yayıb. Artıq XİN hadisəyə münasibət bildirib və şikayət edən şəxsin işdən qovulduğunu açıqlayıb. XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev mətbuata bildirib ki, Azərbaycanın Avstraliyadakı səfirliyinin keçmiş əməkdaşı Anar Həsənov fəaliyyət müddətində xidmətdə yol verdiyi qüsurlara görə işdən qovulub.
Qeyd edək ki, mətbuatda artıq Anar Həsənovun sığınacaq üçün Avstraliya hökumətinə müraciət etməsi barədə məlumatlar yayılıb. A.Həsənov özü isə yerli mətbuata çalışdığı səfirliyin və XİN sisteminin işində rastlaşdığı korrupsiya faktları ilə bağlı məlumatlar ötürüb. Redaksiyamıza göndərdiyi məktubunda A.Həsənov qeyd edir ki, Azərbaycanın Avstraliyadakı səfiri Rövşən Cəmşidovun və səfirliyin mühasibinin külli miqdarda dövlət vəsaitini mənimsəmələri və digər qanunsuz əməlləri haqqında sübutları Prezident Administrasiyası və Xarici İşlər Nazirliyi başda olmaqla digər dövlət qurumlarına göndərib.
Məktubda Rövşən Cəmşidov və səfirliyin mühasibinin 2013-cü ilin avqust ayından indiyə qədər dövlətin ən azı 64.800 ABŞ dollarından çox vəsaiti mənimsədiyi qeyd olunur. Səfirliyin maliyyə hesabatlarında aylıq məvacibi 2700 ABŞ dolları olan saxta katibə ştatı göstərilib.
Bundan başqa səfirliyin mühasibi öz diplomatik imtiyazından sui-istifadə edərək Avstraliya dövləti tərəfindən səfirlik əməkdaşları üçün güzəştli qiymətlərlə (gömrük vergisindən azad)  satılan külli miqdarda içki və siqaret məhsullarını alaraq daha sonra tamah məqsədilə bazar qiymətləri ilə satıb. Qaydalara əsasən hər diplomata 6 ay ərzində 100 şüşədən çox spirtli içki, 100 blokdan çox (hər blokda 10 qutu) siqaret satıla bilər. Diplomatik imtiyazla 1 litr viskini 15 dollara almaq mümkündür. Onun bazar qiyməti isə orta hesabla 40 dollardır. Bir qutu siqaretin diplomatik imtiyazla qiyməti təqribən 5 dollar, bazar qiyməti isə 20 dollardır.
Məlumdur ki, bir insanın 6 ay ərzində hər gün 5 qutu siqaret çəkməsi və 1 litrdən də çox viski içməsi mümkün deyil. Mühasib isə nəinki öz şəxsi payına düşən içki və siqaretləri, hətta səfirliyin rəsmi istifadəsi üçün də nəzərdə tutulmuş daha çox malları diplomatik nümayəndəliyi öz şəxsi qazanc müəssisəsi kimi istifadə edərək satmış və üst-üstə təqribən 30 min dollar mənimsəmişdir. 
Bundan başqa səfirliyin mühasibinin Kanberradakı ev ünvanını və əlaqə vasitələrini bir turist firmasının ofis ünvanı kimi göstərdiyi kimi faktlar yer alır.
A.Həsənov yazır ki, qeyd olunan faktlarla bağlı  müvafiq tədbirlərin görüləcəyini gözləsə də, xarici işlər naziri E.Məmmədyarov bu korrupsiya faktlarına məhəl qoymayıb və yaxın dost olduğu R.Cəmşidovun məktublarını əsas götürərək onun geri çağırılması ilə bağlı əmr imzalayıb: “Məmmədyarovun imzaladığı əmrə görə səfirlikdəki korrupsiya faktlarını ortaya çıxartmış əməkdaş ya ana olmağa hazırlaşan həyat yoldaşını uzaq ölkədə tək buraxıb geri qayıtmalı, ya da hələ dünyaya gəlməmiş körpənin həyatını riskə qoyaraq həyat yoldaşı ilə birlikdə uzaq məsafəni təyyarədə uçmalı idi. Beləliklə, Azərbaycanın xarici işləri naziri olan bu şəxs nəinki səfirin və mühasibin korrupsiya əməlləri ilə bağlı tədbir görməyərək bunun əvəzində həmin cinayətlərin üstünü açanın özünü hədəf seçmiş, etinasızlıq və soyuqqanlılıqla  doğulmamış körpənin həyatını təhlükədə qoymaq kimi dəhşətli bir əməl törətmişdir. Bu hərəkətə insanlığa qarşı cinayətdən başqa ad tapmaq çox çətindir”.
A.Həsənov şikayətini ombdusmana, Prezident Administrasiyasına və digər qurumlara göndərilsə də, heç bir nəticə olmayıb. Ancaq maraqlıdır ki, keçmiş 3-cü katib müraciətlərinin PA-da şöbə müdiri Novruz Məmmədov tərəfindən nəzarətə götürüldüyü haqda məlumat aldığını deyir: “Bu müraciətdən bir müddət sonra Prezident Administrasiyasından zəng edilərək Novruz Məmmədovun bu məsələni araşdırmağı tapşırdığı bildirilmiş və məsələ ilə bağlı məlumat verilməsi istənilib.
A.Həsənov yazır ki, Prezident Administrasiyası əməkdaşının telefon zəngindən sonra səfir R.Cəmşidov və  səfirliyin sürücüsü vasitəsilə ona qarşı təzyiqlər edib, daha sonra onu yaşadığı mənzildən çıxarıblar. Əlacsız qalan səfirlik əməkdaşı isə evsizlərə, kimsəsizlərə, narkotik maddə və alkoqol asılılığı olan adamlara yardım göstərən humanitar təşkilatlara üz tutmalı olublar.
Daha sonra yazısında prezident İlham Əliyevə müraciət edən Anar Həsənov ölkə prezidentinin dəfələrlə ictimaiyyəti korrupsiyaya qarşı mübarizədə dövlət qurumlarını məlumatlandırmağa çağırdığını xatırladır. A.Həsənov Avstraliyadakı səfir R.Cəmşidovun fəaliyyəti ilə bağlı XİN, Baş Prokurorluq, MTN, Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Komissiyası, Maliyyə Nazirliyi, ombudsmanla yanaşı Prezident Administrasiyasına göndərdiyi məktubların ünvana çatdırılmadığını qeyd edir: “Elmar Məmmədyarov öz xidməti vəzifəsinin tələblərini pozaraq təqdim etdiyim korrupsiya faktları ilə bağlı araşdırma aparılması ilə bağlı heç bir addım atmayaraq əvəzində mənim özümü hədəf seçmişdir.
O, rəhbərlik etdiyi quruma hesabat verən səfirlikdə baş verən korrupsiya əməllərinə məhəl qoymayaraq R.Cəmşidovun geri çağırılması üçün sizə məlumat vermək və öz qohumu olduğu bildirilən mühasibi vəzifə səlahiyyətlərinə uyğun olaraq geri çağırmaq əvəzinə həmin addımı mənə qarşı atmışdır. Bu şəxsin qol qoyduğu ən dəhşətli cinayət isə mənim ana olmağa hazırlaşan həyat yoldaşımın hamiləliyində olan fəsada görə təyyarədə uçmasına həkim tərəfindən icazə verilməməsini bildiyi halda buna əhəmiyyət verməyərək səfirlikdən geri çağırılmağıma dair əmr imzalamasıdır.
Tərəfimdən XİN-in kadrlar idarəsinin əməkdaşı ilə telefon əlaqəsi yaradılaraq üstünü açdığım korrupsiya əməllərinə məhəl qoyulmaması bir tərəfə qalsın, həyat yoldaşımın vəziyyəti ilə bağlı həkim rəyini onlara göndərməyimə baxmayaraq nə üçün belə vicdandan, insafdan uzaq addım atılmasının səbəbi soruşulduqda o, ”biz nə edə bilərik, nazir dedi ki, belə əmr hazırlayın” cavabını verib.
Qeyd edək ki, Arif Məmmədov olayından fərqli olaraq Anar Həsənov siyasi müxalifət iddiası etmir, dövlət başçısından dəstək umur. Ancaq son addımları onu göstərir ki, A.Əliyev kimi A.Həsənov da xarici ölkəyə sığınacaq. Bu isə özlüyündə mənfi presedent yaradır. Səfirliklərdə, diplomatik korpusda xidmət edən, haqsızlıqla üzləşən diplomatlarımız çarəni xarici ölkələrə sığınmaqda görür.

 

Həmçinin oxuyun

“Nikolu devirsələr də, qüvvələr nisbəti dəyişməyəcək” – Zərdüşt Əlizadə

“44 günlük müharibədən sonra İrəvanda böyük iğtişaşlar başladı. Ermənistanın məğlub olma xəbəri bu ölkənin ictimaiyyəti …

Bir cavab yazın