Cümə axşamı , May 2 2024
Ana səhifə / Müsahibə / Təbriz Musayev: “Stoltenberqin dedikləri sadəcə ümumi təbliğatdır” 

Təbriz Musayev: “Stoltenberqin dedikləri sadəcə ümumi təbliğatdır” 

NATO-nun baş katibi Yens Stoltenberq NATO Xarici İşlər Nazirləri Toplantısının sonunda təşkil edilən mətbuat konfransında Ukrayna ilə bağlı bir sıra məqamlara toxunub.

Stoltenberq qeyd edib ki, Rusiyanın ələ keçirdiyi bölgələrin yüzdə 50-si Ukrayna ordusu tərəfindən geri alınıb. Ukraynanın suveren dövlət olaraq mövcudluğunu davam etdirdiyini və bunun mühüm nailiyyət olduğunu vurğulayan Stoltenberq Rusiyanın müharibələrdə böyük itkilər verdiyini və iqtisadi cəhətdən zəiflədiyini iddia edib: “Moskva gələcəyini Pekinə girov qoyur. Rusiya hərbi baxımdan qüvvələrinin əhəmiyyətli hissəsini itirdi. Yüzlərlə təyyarə, minlərlə tank və 300 mindən çox canlı itki verdi”.

Rusiyanın iqtisadi təzyiq altında olduğunu, neft və qaz gəlirlərinin azaldığını, 1000-dən çox xarici şirkətin ölkədəki fəaliyyətini dayandırdığını və ya miqyasını azaltdığını, keçən il 1,3 milyon insanın Rusiyanı tərk etdiyini bildirən Stoltenberq deyib ki, bütün bunlar Putinin Ukraynanı işğal etməklə strateji səhvə yol verdiyini göstərir. Stoltenberq Rusiyanın ciddiyə alınması gərəkdiyini ifadə edərək, ölkənin hədəflərinin dəyişmədiyini bildirib.

“Uğursuzluğun başlıca səbəbi Qərbin zamanında lazım olan silahları Ukraynaya verməməsi ilə bağlıdır”

Bu və digər məsələlərlə bağlı İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayevə bir sıra suallar ünvanladıq: 

– Stoltenberqin Ukrayna müharibəsində Rusiyanın itkilərini sadalaması, Kiyevin 24 fevraldan sonra ərazilərinin 50 faizini azad etməsi və s. bütün bunlar real vəziyyəti əks elətdirir, yoxsa Qərbin təbliğat tezisləri idi?

– Stoltenberqin bu dərəcədə nikbin mövqedən çıxış etməsi həm təəccüblüdür, həm də reallıqla uzlaşmayan bir yanaşmadır. Məsələ ondadır ki, Ukraynanın ərazilərinin 50 faizini işğaldan azad etməsi ötən il baş verib. Bu il Ukrayna ordusunun əraziləri azad etmək baxımından uğurları çox məhduddur. Faktiki olaraq, Ukrayna ordusunun bu ilin iyununda başlayan əks-hücum əməliyyatları gözləntiləri doğrultmadı. Rusiya ordusunun əraziləri kütləvi şəkildə minalaması və güclü müdafiə xətti qurması Ukrayna ordusunun irəliləməsinin qarşısını aldı. Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı ötən ay xaricı mətbuata açıqlamasında açıq etiraf etdi ki, onların hücumu dalana dirənib. Qeyd etdi ki, hücumları genişləndirmək və Rusiya ordusunun müdafiə xəttini yara bilmək üçün yeni texnologiyalar lazımdır, əks halda Ukrayna qoşunları cəbhədə irəliləyişə nail ola bilməyəcək. O da məlum oldu ki, bəzi ordu komandirləri dəyişdirilsə də, cəbhədə heç bir nəticə əldə olunmayıb.

– O zaman Stoltenberqin dedikləri nə deməkdir?

– Sadəcə ümumi təbliğatdır. O elə danışır ki, sanki bu gün-sabah Rusiya çökəcək. Əslində isə belə deyil. Ukraynaya yardım məsələsində NATO-da fikir ayrılıqları getdikcə kəskinləşir. Avropa dövlətlərində bir yorğunluq ab-havası var. Macarıstan, Çexiya yardım etməkdən imtina edir. Digər NATO ölkələri hərbi yardım göstərməkdən yayınırlar. Ukraynanın əsgər çatışmazlığı problemi var. Bu səbəbdən orduya çağrılanların yaşı artırılıb. Ölkənin bir sıra yaşayış məntəqələri viran qalıb…

– Sizcə, Ukrayna ordusunun əks-hücum əməliyyatlarının dalana dirənməsinin səbəbi nədir?

– Uğursuzluğun başlıca səbəbi Qərbin zamanında lazım olan silahları Ukraynaya verməməsi ilə bağlıdır. Zamanında müasir “Petriot” hava hücumundan müdafiə vasitələri verilsəydi, Rusiya vəhşicəsinə enerji infrastrukturunu məhv edə bilməzdi. Ukrayna havada üstünlüyü ələ keçirmədən necə cəbhədə uğur qazana bilər? Hələ də F-16 qırıcı təyyarələrin verilməsi yubadılır. Halbuki, hücum əməliyyatları zamanı buna böyük ehtiyac var idi. Lazım olan qədər texnika vaxtında verilmir. Məsələn, Ukraynanın hücum üçün 300 “Leopard” tankına ehtiyacı olduğu halda, 30-u verilib. Bununla uğur qazanmaq olar? Xarici mətbuat açıq yazır ki, Ukraynada mərmi çatışmır. Üstəlik, qışın gəlməsi vəziyyəti daha da ağırlaşdırır.

– Qarşıdakı dövrlə bağlı proqnozunuz nədir?

– Müharibənin dondurulması və atəşkəslə bağlı Ukraynaya təzyiqlərin artacağı ehtimalı var. Çünki Qərbin aparıcı media resursları son vaxtlar ard-arda Ukraynanın uğursuzluğundan, Zelenski ilə Zalujnı arasında ziddiyətlərin kəskinləşməsindən bəhs edirlər. Bütün bunlar heç yaxşı əlamət deyil. (Bakı-Xəbər)

Həmçinin oxuyun

Komitə sədri: “Vətəndaşın qanunsuz tikdiyi ev söküləndə, təzminat ala bilər”

Bəzi torpaqların bələdiyyələr tərəfindən qanunsuz olaraq satılması problemlərə gətirib çıxarır. Belə ki, bəzi bələdiyyə sədrləri …