Cümə , Aprel 26 2024
Ana səhifə / Müsahibə / Sınaqda 700-ə yaxın bal yığırdı, qəbulda iştirak etməyəcək

Sınaqda 700-ə yaxın bal yığırdı, qəbulda iştirak etməyəcək

Artıq respublika və beynəlxalq olimpiadalarda iştirak edən şagirdlərin ölkə universitetlərinə imtahansız qəbulu bu sahəyə olan marağı xeyli artırıb. Bu il nəticələrinə əsasən 274 nəfər universitetlərə imtahansız qəbul olacaq ki, onlardan 127 nəfəri bölgə və kənd məktəblərinin şagirdləridir.

 “Qafqazinfo” olaraq onlardan biri ilə, bu il ölkəmizi beynəlxalq olimpiadada fizika fənnindən təmsil edəcək Merac Məmmədovla söhbətləşdik. Cəlilabad şəhər 1 nömrəli məktəb-liseyin 11-ci sinif şagirdi olan Merac dəfələrlə ölkə üzrə keçirilmiş olimpiadaların fizika fənni üzrə qalibi olub.

Respublika gümüş medalçısı olimpiadalara hazırlaşmağa ötən ildən başlayıb:

Ötən ilin dekabr ayından sırf olimpiada üzrə hazırlaşmağa başlamışam. Bundan əvvəl qəbul imtahanına hazırlaşırdım. Sınaqdan 670-680 bal toplayırdım. Gördüm ki, artıq qəbul imtahanının sualları marağımı ödəmir və başladım olimpiadaya hazırlaşmağa.

Olimpiadalar respublika səviyyəsində 3 mərhələdən ibarətdir: rayon, yarımfinal və final turları. Rayon turunda iştirak etdim və uğur qazandım. Bu, marağımı daha da artırdı. Beləliklə, daha çox öyrənməyə başladım. Rayon mərhələsini məktəb dərslikləri ilə keçmək mümkün idi. Ancaq digər turlara hazırlaşmaq üçün universitet səviyyəsində konseptlərin lazım olduğunu gördüm. Finala getmək istəyirdimsə, özüm nəsə etməliydim”. 

Bu zaman Merac Məmmədovun köməyinə beynəlxalq fizika olimpiadasının gümüş medalçısı olan əmisi oğlu Nahid Məmmədov çatıb:

“Xoşbəxtlikdən babam güclü fizik olub. Əmilərim fizika, riyaziyyat fənləri üzrə güclüdür. Xüsusilə də, əmimoğlu təcrübəsi olduğundan mənə kömək etdi. Qalanını da internetdə xarici mənbələrdən oxuyaraq hazırlaşdım. Rayon mərhələsinə gedəndə 100-150-ci olmaq belə mənə böyük naliyyət kimi görünürdü, ancaq cavablar çıxanda respublika üzrə 11-ci olduğumu gördüm. Hər uğur çox böyük motivasiya verdi və gecələr saat 3-ə kimi hazırlaşırdım. Bunun nəticəsidir ki, yarımfinalda  5-ci oldum. Respublika olimpiadasının finalı üçün daha güclü hazırlaşdım və gümüş medal qazandım. 

Respublika olimpiadasından qat-qat çətini beynəlxalq olimpiadaya gedəcək 5 nəfər üçün olan seçmələrdir. Həmin seçmələrə girdim və ilk 5-ə girdim.

Beynəlxalq olimpiada hər ilin iyul ayında baş tutur. Burada 90 ölkənin hərəsindən 5 nəfər olmaqla 450 şagird yarışır. Əlimizdən gələni elədik. Ancaq çox çətin olduğundan ötən il nəticə ala bilmədik. Bu il isə özümüzə çox inanırıq”. 

Müsahibimizin sözlərinə görə, olimpiada şagird üçün çox böyük üstünlük olsa da, hələ ki, ölkədə tam yayılmayıb:

“Xüsusilə də, bölgələrdə uşaqlar olimpiadalarda iştirakın xeyirlərini bilmir. Olimpiadada uğur qazanmaqla bağlı bir zəmanət yoxdur. Fənn sevdiyiniz fənn olmalıdır ki, gündəlik 7-8 saat onunla məşğul ola biləsiz. 

Xeyirlərinə gəldikdə isə, yeni qaydalara əsasən respublika və beynəlxalq medallarla ölkə universitetlərinə imtahansız daxil olmaq mümkündür. Bundan başqa, beynəlxalq olimpiadalarda nəinki qalibiyyət, iştirak belə xarici universitetlərə qəbul almaqda mühüm rol oynayır. Çünki hər ölkədən beynəlxalq olimpiadada iştirak üçün cəmi 5 nəfər seçilir.

Hələ ki, əsas məqsədim beynəlxalq olimpiadada dərəcə qazanmaqdır. Xarici universitetlərə sənəd göndərmişəm və onlardan cavab gözləyirəm.

Mənə görə, universitet seçdiyim zaman əsas diqqət edəcəyim şeylər ali məktəbin keçmişinin yaxşı olması, tanınmış müəllim və professorların dərs deməsi və ya şagirdlərin rahatlıqla həmin universitetə girə bilməməsidir. 

Peşə olaraq tam fikirləşməmişəm. Əvvəl həkim olmaq istəyirdim. İndi isə mexaniki mühəndislik düşünürəm”. 

Həmçinin oxuyun

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Azərbaycan kinematoqrafçıları vahid ittifaqda birləşsələr də, qurum ətrafındakı söz-söhbətlər səngimir. Daxil olan məlumata görə, tanınmış …