Cümə , Aprel 26 2024
Ana səhifə / Müsahibə / Rauf Qurbanov: “Azərbaycanla bağlı ikili standartlarda din amilinin olduğunu düşünmürəm”

Rauf Qurbanov: “Azərbaycanla bağlı ikili standartlarda din amilinin olduğunu düşünmürəm”

Son 30 il ərzində BMT qətnamələri icra olunmadı, Ermənistanın işğalçı siyasəti Avropa İttifaqı tərəfindən bir dəfə olsun pislənmədi. İşğal zamanı viran edilmiş torpaqlarımıza YUNESKO gəlmədi, ancaq Aİ Azərbaycanla sərhədə missiya göndərir.

Zelenski deyəndə ki, “Donbasda yaşayanlar insan deyil, məxluqdular, tarixi vətənlərinə (Rusiyaya) rədd olsunlar”, Avropa ona əl çalır. Ancaq İlham Əliyev deyəndə Qarabağda yaşayanlardan kim istəsə Azərbaycan vətəndaşlığını qəbul eləsin, istəməyən gedə bilər, o dəqiqə Azərbaycanı etnik təmizləmə siyasəti aparmaqda ittiham edirlər.

  • “Azərbaycanın inkişafını, onun istər iqtisadi, istərsə də hərbi cəhətdən qüdrətlənməsini gözü götürməyən dövlətlər və beynəlxalq təşkilatlar var”

Bu və digər məsələlərlə bağlı Azərbaycan Kommunist Partiyası MK-nın sədri Rauf Qurbanova bir sıra suallar ünvanladıq:

– Belə ədalətsizlik, ikili standartlar nə ilə bağlıdır?

– Beynəlxalq təşkilatların və o cümlədən dünyanın bəzi aparıcı dövlətlərinin Azərbaycan Respublikası ilə bağlı məsələlərə ikili mövqedən yanaşmaları bizim cəmiyyət  üçün yeni bir iş deyil. 30 ilə yaxın bir dövrdə ərazimizin 20 faizi düşmən işğalı altıında olduğu zamanda da biz dəfələrlə ikili standartlarla üz-üzə qalmışıq.

– Belə yanaşmanın kökündə xristian amili faktoru varmı?

– Burada din amilinin olduğunu  düşünmürəm. Əgər doğrudan da xiristian təəssübkeşliyi olsaydı, onda bütün dünya Ukraynanı bəhanə edib, xiristian Rusiyasının üstünə getməzdi. Hesab edirəm ki, bu sadəcə imperialist Qərb  dövlətlərinin inkişaf etməkdə olan ölkələrə və o cümlədən də Azərbaycana qısqanclıqla yanaşmasından irəli gəlir. Əgər nəzərə alsaq ki, beynəlxalq qurumların da əsas təsisciləri elə həmin Qərb dövlətləridir, onda  fikrim sizə tam aydın olar.

– Beynəlxalq qurumların Azərbaycanla bağlı belə ikili mövqedən çıxış etməsi nə vaxta qədər davam edəcək?

– Azərbaycanın inkişafını, onun istər iqtisadi, istərsə də hərbi cəhətdən qüdrətlənməsini gözü götürməyən dövlətlər və beynəlxalq təşkilatlar var. Çox təəssüflər olsun ki, belə ədalətsiz beynəlxalq qurumlar var. Həmin qurumların da arxasında böyük dövlətlər dayanır. Problem ondadır ki, beynəlxalq təşkilatlar “demokratiya” pərdəsi altında hər xırda detalı şişirdərək Azərbaycana təsir etməyə cəhd göstərirlər. Ona görə də bu ikili standartların nə vaxta qədər davam edəcəyinə proqnoz vermək yanlış olar. Çünki bundan öz məqsədləri üçün istifadə edirlər.

– Bu kimi məsələlərdə Azərbaycan nə etməlidir və siyasətində nələrə diqqət etməlidir?

– Bütün bunları nəzərə alaraq, Azərbaycan beynəlxalq təşkilatlardan ədalətli mövqe gözləyincə, öz daxilində demokratik dəyərlərə söykənib vətəndaş həmrəyliyini, xalqın birliyni yaratmalıdır. Bütün bunların gücləndirilməsi istiqamətində sistemli tədbirlər görməlidir. Başlanmış islahatlar axıra qədər uğurla davam etdirilməli və ölkəmizin iqtisadi-siyasi və hərbi potensialı möhkəmləndirilməlidir. Biz nə qədər güclü olsaq, bir o qədər bizimlə hesablaşacaqlar. Yalnız belə olan şəraitda dünyada Azərbaycanın haqq səsi eşidilə bilər.

Vidadi ORDAHALLI

Həmçinin oxuyun

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Azərbaycan kinematoqrafçıları vahid ittifaqda birləşsələr də, qurum ətrafındakı söz-söhbətlər səngimir. Daxil olan məlumata görə, tanınmış …