Cümə , Aprel 26 2024
Ana səhifə / Müsahibə / “Pulu çatmayan yaşlı alman qadını tələsik borc tapıb əsərimi aldı”- Almaniyada yaşayan rəssamımız

“Pulu çatmayan yaşlı alman qadını tələsik borc tapıb əsərimi aldı”- Almaniyada yaşayan rəssamımız

Əşrəf Heybət uzun illərdir ki, Almaniyada yaşayır. Həm orada, həm də Avropanın bir çox ölkələrində əsərləri ilə Azərbaycanı, azərbaycançılıq ruhunu hər zaman təbliğ edib. UNESCO Rəssamlar Federasiyasının, Rusiya və  Almaniyadakı Rəssamlar İttifaqlarının üzvüdür. Azərbaycan Rəssamlar İttifaqının isə fəxri üzvüdür.
Beynəlxalq “Sülh səfiri” diplomu laureatıdır.  Bir çox beynəlxalq və Azərbaycan Cəmiyyətlərinin diplom və fəxri fərmanlarına layiq görülüb.
Əşrəf Heybət 1951-ci ildə Bakıda anadan olub. Təsviri sənətin bütün janrlarında uğurlu  əsərlər müəllifi kimi tanınır.
1979-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirərək, “Sənaye dizayn” diplomu alıb.
1980-ci ildən Moskva şəhərində, 1995-ci ildən isə Almaniyada yaşayır.
ATV şirkətinin rəssamlıq, rəsm əsərləri, rəssamların təbliği istiqamətində həyata keçirdiyi mühüm layihə bu dəfə ona həsr olunub. Əşrəf bəylə elə öz əsərlərinin, divardan asılan tabloların arasında görüşürük. Beləcə,  ünsiyyətdə olduğumuz tərəf müqabillərinin sayı artır. Çünki hər tablo elə qarşımızda rəssamın sanki özüymüş kimi bizimlə danışır. Elə Əşrəf müəllimin özü də öncə bizə bu tabloların dilini tərcümə edir,  onların nə  demək istədiklərindən bizi də xəbərdar edir.
Beləcə, müsahiblə daha da yaxından tanış olmaq üçün  sərgi salonunu onunla birlikdə gəzirik. Divardan asılan hər tablo Əşrəf bəy haqqında ayrıca bir informasiyanı bizə ötürür. Qəfildən həmin əsərlərin birinin qarşısında dayanır:
-Bu, panodur; 4 hissədən ibarətdir. Onu Azərbaycanın, türk dünyasının milli bayramı olan Novruzdan ilhamlanaraq, çəkməşəm. Burada Azərbaycana–onun tarixinə, folkloruna, milli irsinə aid hər şeyi görə bilərsiz. Bu əsər həm də mənim ürək sözlərimdir: Vətənə bağlılığımı, sevgimi göstərən ürək sözlərim. Elə ona baxıb, çox suallara cavab tapa bilərsiniz.
Sərgilənən növbəti əsərə yaxınlaşırıq. Qeyd edək ki, bu əsərlərin hamısında rəssamın özü də var. Amma birbaşa yox, kiçik bir ştrix kimi… Müəllif epizodik olaraq, rəsm əsərinin bəlkə də ən künc nöqtəsində görünür. Amma bütün əsər məhz o nöqtədəki adamdan başlayır. Çünki o nöqtədəki adam əvvəlcə görür, düşünür, xəyal edir və daha sonra nələrisə yaradır:
-Bu panoda isə  keçmişdən bu günə bütün Azərbaycan, Bakı var. Burada, həm Dədə Qorqud-ozan var, həm “Avesta”nın yaradıcısı Zərdüşt var. Onların hər ikisi bizim düşüncəmizin alt qatının, genetik yaddaşımızın bünövrəsində dururlar. Görürsüzmü, bu əsər həm də fəlsəfədir; Azərbaycan ruhu, Bakı ruhu haqqında fəlsəfi mülahizələrdir. Burada Günəş var-qədim azərbycanlıların müqəddəs rəmzi… Başqa nələr yoxdur ki?!  Gərək, bu tablo ilə özünüz “söhbət edəsiniz”
Etiraf edək: “söhbət etmək” Əşrəf müəllimin dediyi kimi asan olmur. Yəni, ən azından bizim üçün… Çünki, bu tablolarla söhbət etmək üçün gərək bir çox tarixi məqamları, bilgiləri de-şifrə etmək qabiliyyətində olasan. Çünki bu əsərlərin hamısına ruh hopub; de-şifrə olunmasını gözləyən gizli bir ruh. Ruh üzərində səyahətimizi davam etdirib Əşrəf bəyi dinləyək:
 
-Həə, bax bu əsərlər köhnə Bakı haqqındadır. (yanakı asılan bir neçə tablonu göstərir). Bunların hər birində mən öz doğma şəhərimdən bəhs etmişəm. Amma tək onun özündən, küçələrindən yox, həm də insanlarından, ruhundan da istifadə etmişəm. Köhnə Bakı insanının ruhunu çəkmişəm. Mən bu gün də o ruh üçün darıxıram. Bütün təhsilim-baxçadan tutmuş, universitetə qədər- ancaq rus dilində olub. Dayəm də rus olub. Uzun müddət Rusiyada, sonra isə Almaniyada yaşamışam. Amma yenə də bu Ruh mənimlədir. Bax, görürsüzmü, mən Azərbaycan dilində zəif danışıram. Amma hər dəfə bura gələndə çalışıram ki, yalnız öz ana dilimdə danışım, ana dilimdə sözlər eşidim.
Bu rəsm əsərlərində çalışmışam ki, Bakı ruhuna tam fərqli baxım. Rəssamın gərək, öz yaradıcı dili, yaradıcılıq xətti ola. Rəsmə baxan kimi gərək bilinsin ki, onu kim çəkib. Məsələn, Toğrul Nərimanbəyovun, Səttar Bəhlulzadənin əsərlərinə uzaqdan baxanda müəllifi artıq bilinir.
Əşrəf Heybət danışdıqca, onun Azərbaycanın, türk dünyasının, Şərq aləminin qədim tarixinə bələdliyi və sevgisi açıq-aşkar hiss olunur. Bir az çətinlik çəksə də, çalışır ki, ancaq öz ana dilində danışsın. Deyir, hər dəfə Bakıya gələndə çalışıram ki, ana dilimdə danışım və başqaları da mənimlə bu dildə danışsınlar:
-Türkologiyanı, Azərbaycan tarixini, qədim folklorunu çox sevirəm. Düşünürəm ki, bunları bilmək mənim borcumdu. Əsərlərə türk tarixini, Azərbaycanın qədimliyini köçürürəm. Bir məlumatı deyim ki, gələn il mənim Azərbaycanda sərgim keçiriləcək. Həmin sərgi məhz türk dünyasına aiddir. Türk dünyası, onun tarixi, adət-ənənəsi, ruhu, dini inancları ilə bağlı  rəsm əsərlərindən ibarət olacaq. İndi siz görən sərgi isə daha çox Azərbaycana və Bakıya həsr olunub. Buna görə də, ATV şirkətinə, Azər müəllimə, Etibar müəllimə çox təşəkkür edirəm.
Sərgi salonunu gəzməkdə davam edirik. Bizimlə birlikdə rəssamın xanımı Regina Lıvovna da var. O, bizim danışdığımız dili bilməsə də, danışdığımızı sanki hiss edir. Bəzən, başı ilə danışdığımız məsələni təsdiq edir. Rəssam deyir ki, ondan da bir neçə cümlə soruş, “o, böyük adamdı, tanınmış alimdir”, deyib qəfildən başqa bir tablonu bizə göstərir:
-Gəlin, orada bir tablo var, ona da baxaq. Adını “Böyük ay” qoymuşam. Diqqətlə baxsanız,  mənim əksər əsərlərimdə ay obrazını görə bilərsiniz. Özü də ayı hər zaman gur, emosional rənglərlə işləyirəm. Ay bizim üçün qədimdən bu yana böyük simvoldu, rəmzdi. Mən ona böyük bir simvol kimi müraciət edirəm. Ümumiyyətlə, Ay, Günəş, dəniz, günbəzdən çox istifadə edirəm.
Belə bir sual veririk; “Əşrəf bəy, bu rəsmlər sanki sizin oyanan uşaqlıq yaddaşınızın qürbətdə verdiyi reaksiyalarıdır. Siz hələ də o yaddaşın içində yaşayırsız?” Rəssamın sanki dərdi açılır:
“Bütün sənətlərin vətəni uşaqlıqdır. Uşaqlıq xəyyalları bütün əsərlərin əsas mənbəsidir, meyarıdı. Mən avtoportret çəkmirəm. Amma bütün əsərlərdə varam. Sanki tablonun içində gizli bir səyyah kimi dolaşıram. O səyyah məhz mənim obrazımdı. Bakıda gəzirəm və onun ruhunu əks etdirən nələrisə çəkirəm.
Xanımımın adı Reginadır. Bax, buradakı tablonun  da adı “Regina Bakıda” adlanır. Əsərdə həmişə olduğu kimi canlı rənglərdən istifadə etmişəm. Bakı bulvarına, dənizə Bakıya ilk dəfə gələn Reginanın gözləri ilə baxmışam. Metafora, alleqorik forma burada çox güclüdür. Mənim üçün əsl sənət realizm deyil. Əlbəttə ki, realizmi də bilmək lazımdı. O bir məktəbdi. Amma əsl sənət fantaziyadır, romantik dünyadır.
 
-Azərbaycanın,  türk dünyasının təbliği olan əsərləriniz Avropa cəmiyyətinə nə dərəcədə maraqlı olub?
-Almaniyada, Polşada–Avropanın demək olar əksər ölkələrində sərgilərim olub. Azərbaycanı bütün Avropada öz sənətimlə təbliğ etmişəm. Tariximizi, milli yaddaşımızı, musiqmizi, muğamımızı təbliğ etmişəm. Muğamla bağlı bəlkə, 30-dan çox tablom var. Onların ayrı sərgisi keçiriləcək.
Bütün əsərlərimdəki əsas mövzu Azərbaycandı. Bu, böyük mövzunun içində qədim Bakı, tarixi Zərdüştə qədər gedib çıxan muğamlarımız da var. Bu yaxınlarda İçərişəhərdə, Qala kəndində də sərgimiz olub.
Hər şey–çəkdiyim  bütün tablolar əsas mövzum-Azərbaycanın tərkib hissəsidir. Azərbaycanın maraqlı tipləri, mənzərələri, Azərbaycan gözəlləri hamısı mənim üçün yalnız böyük Azərbaycanın bir hissəsidir. Amma sizə bir söz deyim, son illər mən türk dünyasına aid əsərlərə daha çox yer ayırıram. O zaman isə Azərbaycanı bütövlükdə türk dünyasının tərkib hissəsi kimi verirəm.
 
-Bayaq dediniz ki, muğamlardan bəhs edən 30-dan çox tablo, rəsm əsərim var. Maraqlıdır, siz muğamın fəlsəfəsini fırça ilə  necə əksr etdirmisiniz?
-Musiqi Azərbaycanın kökündən gəlir. Mən muğamlardan ilhamlanaraq çəkdiyim əsərlərdə əslində, Azərbaycanın özünü göstərmişəm.  Tablolar muğama aiddir, amma ruhu Azərbaycandır. “Şur” muğamı, “Segah” muğamı – bunlar əsərlərimin əsas ilham qaynağı olub. “Segah” bilirsən nə qədər dəhşətlidir?! Hər dəfə göz yaşı içində ona qulaq asıram…
Azərbaycanda bu möhtəşəm musiqi ənənəsi indi də qalıb. Bəstəkar Eldar Mansurovun əsərlərini çox sevirəm. O bəstələrində Şərq ruhu ilə Qərb musiqisini sintez edir. Eynən Azərbaycan kimi, onun musiqiləri də bu iki düşüncənin hər ikisinə sahibdir. Mən çox fəxr edirəm ki, Eldar Mansurov kimi bəstəkarla dostluq edirəm. Hər dəfə Bakıya gələndə onunla mütləq görüşürəm.
“Bir sufinin  portreti”
-Bir dəfə Almaniyanın Maynts şəhərində sərgi keçirirdik. Sərgi 20 gün davam etdi. Gördüm ki, bir yaşlı alman xanımı sərgiyə tez-tez gəlir. Gah ora baxır, gah bura baxır… Müəyyən tərəddüddən sonra  mənə yaxınlaşdı. Soruşdu ki, müəllif sizsiniz? Təsdiqləyəndən sonra bir tablonu göstərib dedi ki, çox istəyirəm ki, bunu alım. Qiymətini soruşdu. Mən də çox baha qiymətə heç vaxt rəsm satmıram. Orta qiyməti dedim. Dedi ki, hazırda yanımda o qədər pul yoxdu, siz olar ki, bun rezerv edəsiniz? Xatırlayıram ki, bir sufi obrazınının əksi idi. Portretdə Şərq ruhu, müdrikliyi, hikməti bir sufinin üzərinə hopdurulmuşdu. Alman xanım da ona sadəcə, məftun oldu. Dedim ki, əsəri götürün, aparın, daha sonra pulunu verərsiniz. Razılaşmadı, bizdən xahiş etdi ki, tablonu rezerv edək. Etdik. Amma bir neçə saatdan  sonra gördük ki, qadın yenidən gəlib. Pulun yarısını gətirib bizə verdi. Dedi, qorxuram ki, belə bir möhtəşəm əsər əldən çıxar. Mən yenə etiraz etdim. Hətta dedim ki, nə zamansa gəlsəniz, bizim yaşadığımız şəhərə gətirə bilərsiniz. Razı olmadı. Bir müddətdən sonra pulun qalan yarısını da kimdənsə borc taparaq gətirib verdi və tablonu apardı. Almanlar Şərq ruhuna bu qədər vurğundular.
20 ildən çoxdur ki, Almaniyada yaşayan rəssamdan Azərbaycanın sənət mühiti, rəssamları barəsində soruşuruq. Əşrəf Hehbət gözlədiyimiz qədər də bizim sənət cameəsindən uzaqda deyilmiş. Almaniya ondan azərbaycanlı dostlarını oğurlaya bilməyib:
-Mən nə yaxşı ki, Səttar Bəhlulzadə kimi böyük rəssamı görmüşəm, onunla dostluq etmişəm. O, mənim həm müəllimim olub, həm də dostum. Səttar heç zaman universitetdə dərs deməyib. Biz onun universitet tələbəsi olmamışıq, həyat tələbəsi olmuşuq. O,  öz xarakteri, fərqliliyi, vətənə olan sevgisi ilə bizə müəllimlik edirdi. Mən Səttardan Vətəni, onun təbiətini, gözəlliyini sevməyi öyrəndim. Yadımdadı,  Səttarla Azərbayanın bir çox rayonlarına gedib, orada çalışırdıq;Qubaya, Şamaxıya, hər yerə…  Səttar mənə təbiətdən zövq qalmağı öyrətdi.
Mən şadam ki, Toğrul Nərimanbəyov kimi böyük rəssamla dostluq etmişəm. O, həqiqətən də dünyamiqyaslı bir rəssam idi. Onun əsərlərindəki fəlsəfə haqqında nə qədər danışsaq, azdır.
İndi də Azərbaycanda rəssam dostlarım var. Ən yaxınlarından biri də Xalq rəssamı Ağaəli İbrahimovdur. O, da böyük rəssamdır. Hər dəfə mütləq vaxt tapıb sərgilərimdə iştirak edir.
Sonda rəssamın həyat yoldaşı Regina xanımla da ünsiyyətdə oluruq. İqtisadiyyat üzrə elmlər namizədidir.12 kitabın müəllifidir. İxtisası üzrə köhnə SSRİ-nin hər yerində mühazirələr oxuduğunu, elmi ezamiyyətdə olduğunu deyir. Bir də deyir ki, Azərbaycanda da çoxlu tələbələrim, aspirantlarım olub. Hazırda işləmir. Azərbaycana, rəssamın əsərlərindəki Azərbaycana sevgisi və sayğısı sonsuzdur. Deyir, Əşrəf  bəyi iş prosesi zamanı görmək lazımdır. Özünü hər şeydən təcrid edib, tamamilə əsərə bağlanır.
Daha sonra rəssam müsahibimiz xanımı haqqında bir neçə söz deyir. Deyir ki, Azərbaycan mətbəxini, musiqinisini çox sevir. Çox qonaqpərvərdir. Almaniyada evimizə gələn ütün qonaqları əsl qonaqpərvərliklə qarşılayır. Yaxşı vokal imkanları var, hərdən oxuyur. Şeirlər də yazır. Ana haqqında yazdığı bir şeiri mərhum bəstəkarımız Rauf Əliyev musiqi bəstələyib.
Ən sonda isə bildirir ki, Azərbaycan barəsində çox nəhəng bir pano çəkmək istəyir. Orada, Azərbaycaının bütün tarixi öz əksini tapacaq. 
Deyir, o əsərlə göstərmək istəyirəm ki, mən Azərbaycanı necə sevirəm. Gstərmək istəyirəm ki, mən Azərbaycanca necə yaxşı danışıram…

Həmçinin oxuyun

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Azərbaycan kinematoqrafçıları vahid ittifaqda birləşsələr də, qurum ətrafındakı söz-söhbətlər səngimir. Daxil olan məlumata görə, tanınmış …