Cümə axşamı , May 2 2024
Ana səhifə / Müsahibə / “Mollalar həmişə cənnəti təsvir edir, bu, nağıldır” – Müsahibə 

“Mollalar həmişə cənnəti təsvir edir, bu, nağıldır” – Müsahibə 

Nəğməkar şair, Əməkdar incəsənət xadimi Baba Vəziroğlunun “Yeni Sabah”a müsahibəsi:

– Bu günlərdə 70 yaşınız tamam oldu. Dostların diqqətindən razı qaldınız? Doğum gününüzdə hansı sürprizlə qarşılaşdınız?

– Bunu deyək ki mən şan-şöhrət həvəskarı olmamışam. Bəzi insanlarda belə bir təəssürat var ki, mən şan şöhrətli insanam və buna görə də şan-şöhrəti sevirəm. Sizə bir sirr açım ki, mən heç vaxt şan-şöhrətin dalınca qaçmamışam, o özü gəlib məni tapıb. 

Yadıma gəlmir ki, nə vaxtsa təmtəraqlı bir yığıncaq keçirim, ad günümü, orden və ya mükafatımı qeyd edim. Hamı istəyir ki, bir görüş olsun. Mən ümumiyyətlə böyük məclisləri sevmirəm. Sadəcə dostlarla bir yerə yığışıb xoş vaxt keçirməyi sevirəm. Adamın dostu ya bir olar, ya iki. Toy atmosferi məni yorur, yarım saatdan artıq otura bilmirəm. Həm də bəzən olur ki tanımadığın insanlarla eyni masa arxasında əyləşmək məcburiyyətində qalırsan.  Artıq masa arxasında bir-iki tanışın varsa, bu, böyük bir zövqdür. 

Mən də sadəcə görüş üçün razılıq verdim. Doğum günümdə evdə oldum, hətta evdə də tapılmadım, ancaq efirlərdə, görüşlərdə olurdum. Artıq saat 10 olanda gəlirdim ki qonaqlar yuxulayır. Mən bu həyat tərzini sevirəm. Ətrafımda ancaq çox yaxın insanlar olsunlar. 

Bircə dəfə İsmayıllı rayon ictimaiyyəti məcbur etdi ki, 60 yaşımda İsmayıllıda bir görüş keçirim. Mən də yubiley yerinə görüş keçirməyə  razılıq verdim. O zaman getmişdim, böyük təmtəraqla qarşılaşmışdım. İctimai Televiziya çəkdiyi üçün məcburən çıxış etmişdim. Amma bu dəfə heç razı olmadım. Yazıçılar Birliyi və Mədəniyyət Nazirliyi gözəl bir görüş keçirmək istəyirdi, razı olmadım. Amma sağ olsunlar ki, buna baxmayaraq hamısı təbrik etdi. 

İlk zəngi mənə mənim əziz dostun, bəstəkar Kamal etdi. Nə əvvəl nə sonra, o həmişə saat 12 də zəng edir. Mədəniyyət nazirimiz Adil müəllim zəng etdi. Telefonu yerə qoydum aşağıdan dedilər ki, bir yük maşını ilə yük gətirirlər. Adil müəllim göndərmişdi. Heç qapıdan sığışmırdı. İndi portretimin qarşısındadır. Təbii ki, mədəniyyət nazirliyinin fəxri diplomunu gətirdilər. Mənim əziz qələm dostlarım zəng etdi. Böyük şairimiz Nəriman Həsənzadə təbrik etdi, mənim qədim və əvəzolunmaz dostum Ramiz Rövşən təbrik etdi. Rəşad Məcid, Anar müəllim təbrik etdi Yazıçılar Birliyi adından. 

Ən yadımda qalan təbriklərdən biri, ən böyük dostum, görkəmli İctimai xadim, İsmayıllının millət vəkili,  Qızıl Aypara cəmiyyətinin prezidenti, bəstəkar Novruz Aslan təbrik etdi, bütün günü mənimlə oldu. Prezident Admistrasiyasından əziz dostum, prezidentin köməkçisi Ədalət Vəliyev təbrik etdi. Yəni təbriklər saysız hesabsızdır. Mən ona görə bu adları çəkirəm ki bu adlar millətə nəsə deyir. 

Bütün rəsmilər, nazirlər, komitə sədrləri təbrik etdilər. Milli məclis mədəniyyət komitəsinin sədri Fazil Mustafa təbrik etdi. Gözəl insan, Əqli Mülkiyyət  Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov təbrik etdi. Bütün televiziyalar təbrik etdi, Xəzər TV bu otaqdan canlı yayım verdi, hamısı məni təbrik etdi.

– Niyə təmtəraqlı həyatı xoşlamırsınız?

– Bu mənim xarakterimdir. Rol oynamıram ki… İstəyirəm ürəyimcə olsun hər şey. Elə ürəyimcə yaşamışam hər zaman. Ona görə bəzən deyirlər ki, necə belə cavan qalmısan? Deyirəm ürəyim təmiz, ürəyim istəyən kimi yaşıyıram və yaşayacağam. Mənim şeirlərimdə də qeyd edirəm ki “Heç nə istəmirəm səndən a Dünya”. Yəni kimdənsə ummuram, kimdənsə küsmürəm. Onda yaşamaq çox çətin olur. Elə şikayət edirsən ki, dünya vəfasızdır, bu nə həyatdır, bu dünya sevənləri bir birindən ayırır, sevdiklərimizi əlimizdən alır, zalım dünya, vəfasız dünya, deyib onu danlayırıq amma bir az çətinliyə düşən kimi onu günahlandırırıq. 

Ay balam dünya ilə sən anadan olandan, lap ayağın yer, dilin söz tutandan mücadilə etmisən, müharibədəsən. Dünya səni məhv etmək istəyir. Oğulsan döyüş onla, qələbə çal. Qələbə də nədir? Həyatda bir neçə mütləq həqiqət var. Mümkün qədər cavan yaşda bu həqiqətlərə çatmalısan ki, dünya cəmi beş gündür. Mənim də 5 günlük dünya adlı şeirim var. Heç olmasa eqoist olmalısan ki, bu beş günü özün üçün yaşayasan. 

Aydın məsələdir ki, amma dərk edə bilmirik dünya beş günlükdü, əlbəttə məcazi mənada amma çox qısa bir müddətdir. Məşhur bir bayatıda deyir ki “Dünya bir pəncərədir, hər gələn baxar keçər”.  Heç olmasa göz dolusu pəncərədən baxa biləsən. Yoxsa bunun bir günü kiminsə yıxmağa, kiməsə quyu qazmağa, kiməsə paxıllıq etməyə, həsr edirsən, sonra görürsən möhlət doldu. Sonra görürsən yaşamamısan. Ömrünü qoyub ona buna həsəd aparmısan, pulunu saymısan, kimisə yıxmağa çalışmısan, paxıllıq etmisən. Amma o həqiqətdir ki, dərk edəndə ki bu dünya çox genişdir, heç kim heç kimin yerin dar etmir və heç kim heç kimi əvəz etmir. Bu həqiqətə çatanda yaşamaq çox asandı. 

Necə ki dəmiri pas içindən yeyir, insanı da paxıllıq, xudbinlik, həsəd, qəzəb, kin içindən yeyir. Əgər sənin içində bunlar yoxdursa deməli sən həmişəcavansan. Allahın da mənə elə gəlir belə insanlardan xoşu gəlir.  Buna görə şeirdə yazılıb “Məndən bir də olmayacaq.” 

Bu şeir bir çağırışdır, bir haraydır ki, ay insanlar, bir-birinizin qədrin bilin, bir-birinizə dəyər verin sağlığında. Verin ki, 7 milyard insan var yer üzündə, mən özümü demirəm, şöhrətli bir insanı demirəm, hər bir kəs bənzərsizdir və təkrarsızdır. Sizə elə gəlməsin ki bir köhnə dostu itirəndə qazandığınız təzə dost onun yerini tutacaq, bu mümkün deyil. Ya unudulmuş bir sevdanı bir yeni sevgi əvəz edəcək, bu da mümkün deyil. Ona görə məndən bir də olmayacaq deyəndə mən bir də deyirəm ki, sizdən bir də olmayacaq, qədrinizi bilin.

– Doğum gününüz münasibəti ilə prezident tərəfindən ordenlə də təltif olundunuz…

– Bu orden çox nadir hallarda verilən bir mükafatdır. Ən yüksək ali mükafatlardan biridir. Məndən sizin kimi yox, sizdən iraq bəzi jurnalistlər soruşur ki, prezidentə təşəkkür edirsinizmi? Deyirəm mən prezidentə indi təşəkkür etmirəm, 2003-cü ildən bəri təşəkkür edirəm. 

Özü də belə xırda şeylərə görə yox,  prezident tarixi bir missiyanı elə yerinə yetirib ki, Azərbaycan məmləkətimizin tarixində elə işlər görüb ki, bu onun yanında nədir? Mən elə də qəbul etmirəm ki, özəl bir insanam deyə verilən bir mükafatdır. Bu ümumiyyətlə bizim sənətimizə və ədəbiyyatımıza verilən dəyərdir. Həmişə deyirəm ki, prezidentimiz bir neçə il qabaq demişdi ki, mən nəyi, nə vaxt, necə elədiyimi çox yaxşı bilirəm. Ona görə prezident bilir, nəyi, nə vaxt, necə etməlidir. Deməli məni bu mükafata layiq görübsə, təbii ki, təşəkkür edirəm, amma mən o təşəkkürləri artıq illərdir edirəm. 

Şuşada etmişəm, “Cənab ali baş komanda” şeirində etmişəm. Şeiri ilk dəfə Vaqif poeziya günlərinin ikinci möhtəşəm açılışında səsləndirmişəm cənab Prezidentin iştirakı ilə və orda da sözümü demişəm. Demişəm ki, möcüzələr ancaq nağıllarda olur, həyatda isə möcüzələri yalnız real insanlar yaradırlar. Həmin gün özümü çox xoşbəxt hesab edirdim ki, o real insan bizimlə birlikdədir, çay içir, musiqi dinləyir, bizimlə söhbət edir, ədəbiyyatdan, incəsənətdən danışır, təbii ki o şəxs dəyərli Prezidentimiz, qalib Ali Baş Komandan İlham Əliyevdir. 

– İnsan hansı yaşda olmasından asılı olmayaraq hədiyyə almağı sevir. Sizə hədiyyə verən oldumu?

– Ən dəyərli hədiyyə dostların diqqətidir. Bundan böyük hədiyyə ola bilməz. Ən böyük mükafat diqqətdir. Sən kiminsə yadındasansa, kimsə sənə diqqət göstərir ehtiram edir. Söhbət sadəcə məşhur sənət insanı və ya rəsmi şəxslərdən getmir. Minlərlə adi oxucu zəngi, nömrəmi tapıb, zəng edirlər. Mən heç bir həftə nömrə axtarıram, tapa bilmirəm, lakin bir də görürəm oxucularım hardansa nömrəmi tapıb mənimlə əlaqə saxlayır. Zəngləri hər zaman götürə bilmirəm, whatsappla əlaqə saxlayırlar. Hamısına təşəkkür edirəm. 

Bu gəlişi gözəl söz deyil. Ona görə təşəkkür edirəm ki, məni bu səviyyəyə çatdıran onlardır. Mənim tamaşaçılarım, izləyicilərim, oxucularım olmasa mən kimə, niyə lazımam? Belə bir gözəl ifadə var ki, dünyada heç kəsin və ya heç nəyin dəyəri yoxdur, ona dəyər verən olmasa. Onlar dəyər verib ki, mən bu gün olduğum yerdəyəm. Dövlət də bunu mütləq bir status verəndə nəzərə alır. Artıq cənab prezident 3-cü dəfədir mənim xırda zəhmətimi böyük qiymətləndirir. Saysız hesabsız mükafatlar və diplomlarla təltif edir. Həm də bu bir xalq məhəbbəti ilə paralel gedir. 

– Hər yaşın öz gözəlliyi var. Baba Vəziroğlu ömrünün 8-ci onilliyinə hansı hisslərlə qədəm qoydu?

– Mən həmişə ad günlərimdə belə bir status yazıram ki, bu gün ad günümdür, adi günümdür. Heç vaxt bu günlərə bir önəm verməmişəm, buna görə də təmtəraq sevməmişəm. Çünki fikirləşirəm ki, bu sadəcə təqvim rəqəmidir. Dekabrın 31-i  və 1-i arasında nə fərq var? Çöldə ya yağış, ya qar yağır, təbiətin vecinə deyil. Yanvarın 9-u və 10-u arasında da eyni şeydir. Mənim üçün rəqəmlər önəmli deyil. Mən yenə həmin axarla işimə davam edirəm. Keçmişimə hərdən boylanıb özüm üçün müəyyən ibrət dərsləri çıxarmaq istəyirəm, gözəl günləri xatırlayıram, amma heç vaxt keçmişi vecimə almıram. 

Ümumiyyətlə mən ancaq yazı masamın arxasında romantikəm, ordan aralandıqda cəmiyyətin realist, fəal bir üzvü oluram. Bir ata, bir ailə başçısı, bir qardaş, bir vətəndaş, məmləkətin əsgəri… Ona görə bu günümlə yaşayıram və sabahıma plan qururam. Düzdü, Allah deyir ki məni güldürmək istəyirsənsə gələcək planlarından danış, amma buna baxmayaraq, insan sabaha planlar qurmalıdır. Buna görə də Allaha da elə bir dua eləməlisən ki, imkan ver mənə işlərimi tamamlayım, ürəyimdə olan arzuları yerinə yetirin.

– İlham pəriləri nə zaman gəlir?

– İlham pəriləri şairlərin uydurduğu bir nağıldır. İlham pərisini sənətkar özü göydən çəkib, ayağından ya qanadından dartıb gətirməlidir. Yoxsa o çox şıltaq bir pəridir, gəlmir. Sən deyirsən çayımı içim, sabah edərəm bu işi, bir az dincəlim sonra edərəm… İlham pərisi görür ki, sən tənbəlin birisən, Allahdan bir bəhanə gözləyirsən ki, nəsə etməyəsən, ona görə o səndən uzaqlaşır. Amma görür ki, sən oturmusan yazı masanın arxasında və nəsə edəsən, yaradasan, iz qoyasan. Axı sən də bu məmləkətin bir vətəndaşısan. Dünyaya gəldin, yedin, içdin, televizyaya baxdın, həyatdan köçdün bununla həyat bitmir axı. 

Mirzə Cəlilin məşhur bir hekayəsi var ki, həyat ondan ibarət deyil ki, səhər bir qayğanaq yeyib gömrüyə işə gedəsən, günorta da gəlib bir bozbaş yeyib yatasan. Həyat bundan ibarət deyil. Həyat daha gözəl və maraqlıdır. Həyat daha rəngarəngir. Həyat get naxıra gəl axuradan ibarət deyil, onu gözəlləşdirmək üçün gərək nəsə əlavə edəsən. Bunun üçün də gərək çox çalışasan. Mən birinci sinfə getməmiş oxumağı və yazmağı öyrənmişdim, hətta Hüqonun “Səfillər” romanını da oxumuşdum. Buna görə İsmayıllının Mollaisaqlı kəndində 1 il birinci sinifdə elə belə oturmuşam, çünki onların keçdiklərini bilirdim. 

Ömrü boyu ən yaxın dostum kitab olub. İki dəfə Bakı dövlət universitetinə girmişəm. Bir dəfə girdim, imtahanlara gəlmədiyim üçün məni universitetdən xaric etdilər, sonra onların acığına bir də girdim. Bir il oxuyandan sonra getdim Moskvada ali məktəbə daxil olub, oranı bitirdim. Sonra Bolqarıstanda ali tərcüməçilik və ədəbiyyat ixtisasını oxudum. Bunlar rəsmi diplomlardır, lakin özümü ömrü boyu tələbə kimi hiss edirəm. Mənim həyat tərzim belədir ki, mən daim dinləməyi sevirəm, danışmağı heç xoşlamıram. Təbii ki, ekranda nə isə danışmağa məcburam, lakin məclislərdə danışmağı, həm də şablon danışmağı sevmirəm. Fəqət, uşaq baxçasındakı uşaqları belə dinləməyi sevirəm. Bəlkə də bu eqoizmdir. Mən onsuz da bildiyimi bilirəm, lakin yenə bir şey öyrənmək istəyirəm. Hətta balaca körpələrdən də nə isə almaq istəyirəm. Axı onlar saf və səmimidirlər. Bu prinsip məndə hər zaman olub və olacaq. Ayrı cür mümkün deyil. 

– Çingiz Əlioğlu deyir ki, şairlər heç zaman xoşbəxt olmur. Xoşbəxt olmaq üçün şairlərə nə lazımdır?

– Çingiz Əlioğlu mənim dostumdur, indi xəstədir, ona Allahdan şəfa diləyirəm. Dəyərli şair və dəyərli insandır. Onun bu münasibətini alqışlayıram ki, belə düşünür, amma mən münasibətimi hər zaman demişəm. Yer üzündəki hər insanın öz xoşbəxtlik düsturu var. Mənə xoşbəxt olub-olmamağım haqqında sual verən jurnalistlərə həmişə demişəm ki, bunun bəndlərini mənə deyin, buna əsasən deyim ki neçə bənd üzrə xoşbəxtəm. Belə bir düstur yoxdur. Xoşbəxt anlar var, dəqiqələr var və xoşbəxtliyə münasibət var. Xoşbəxtliyin orta qızıl bir düsturu da yoxdur, hərə fərqli şeylərdən xoşbəxt olur. Şəxsi fikrimə gəldikdə isə, xoşbəxt anlarım var. Hər şey anladır. İnsana xas olan əbədi heç nə yoxdur. Buna görə belə bir şeir var ki, sevginin ömrü bir andır, qalanı xatirədir. Biz ilk məhəbbət haqqında, ilk müəllim haqqında şeirlər uydururuq, insanın yaşaması üçün insanlar nağıllar uydurur və buna inanmağa çalışır. Nə yaxşı ki, bu nağılları uydurur və ona inanır, yoxsa bizim digər canlılardan nə fərqimiz olardı? Sırf reallıq insanı məhv edər.

– Osman Sərvərli deyirdi ki, kim ki 100 il yaşamasa, günah onun özündədir. Baba müəllim 100 il yaşamaq barədə nə düşünür?

– Heç nə düşünmürəm. Ömür möhləti haqqında ümumiyyətlə düşünmürəm. İnsan kodlaşdırılıb. İnsan nə icad edirsə Tanrının icad etdiyi mexanizm və konstruksiyalara bənzədir. Bu mənada kompüterlə insan beyninə müəyyən qədər yaxınlaşmağa çalışırıq, əlbəttə bu mümkün deyil. Kompüterə qoymadığın proqram necə açıla bilər? Bu mümkün deyil. Buna görə də müəyyən kodlar və proqramlar var ki, bu bizlik deyil. Bir halda ki yüz faizlik insan beyninin cəmi üç dörd faizi çalışır, qalanı yatır, biz nəyi dərk edirik? Biz heç insanın bir gün doğulub öldüyünü informasiya olaraq bilsək də dərk etmirik. Dərk etsək belə yaşayarıq?  

Sadəcə məzarlığa dəfn mərasiminə gedəndə bunu sanki dərk edirik, 5-10 dəqiqəlik ki, hamının axırı buradır. Çıxan kimi hər şeyi unuduruq. Nə üst, nə alt şüura girmir bu. Girsə, yer üzündə sərhədlər olmaz, hərbi xərclər olmaz, əsgər olmaz. Hamı düşünər ki, Tanrının torpağıdır, pəncərəyə baxacaq qədər az bir vaxtımız var, baxaq gedək. Buna görə bu haqda düşünmürəm. 

Təsadüfi ölümlər belə proqramın nəticəsidir məncə. Dünya elmi hələ yumurtanınmı yoxsa toyuğunmu birinci əmələ gəldiyini bilməyəcək qədər acizdir. Biz kainata sonsuz deyirik, elmimiz çox inkişaf edib, amma kainata sonsuz deyən elm nə qədər doğru ola bilər? Sonsuz ancaq mənəviyyat ola bilər, kainat maddiyatdır. Niyə doğuluruq, niyə həyatdan köçürük, həyatdan sonra nə olur? Bunu dərk edə bilmirik. Görünür Tanrı qəsdlə insana bunu dərk etmə şansı verməyib. 

Tanrı əvvəl insana min il ömür verib, insan gəlib doğulub ağlı kəsəndən gecə gündüz saymağa başlayıb ki ölümünə neçə il qalıb. Yaşamır, əzab çəkir. Tanrı düşünür ki yazıqdırlar, buna görə də insanlara haradasa 100 il ömür verir, amma bilmir ki, nə zaman öləcək. Bu halda nə zaman öləcəyini bilməyən insanlar xoşbəxt yaşayır. Bəlkə də Tanrı həyatı maraqlı yaratmaq üçün hətta şeytanı göndərib ki, sən daim formada olasan. Mollalar həmişə cənnəti təsvir edir, bu əlbəttə nağıllardır. Amma bu reallıqdır ki, Tanrı Adəm övladı ilə şeytanı da göndərib ki, onlar vuruşda olsun. Necə ki böyük ölkələr xırda ölkələri bir birinə qatırsa, Tanrı belə bir fövqəlgücdür ki istəyir ki maraqlı olsun.

– Deyirlər ki, sənət, yaradıcılıq qurban tələb edir. Baba Vəziroğlu nəyi qurban verib?

– Həyat qurban tələb edir. Lap adi insanlara nəzər salaq. Hamı bir-birinə qurban getməklə məşğuldur. Ata öz övladları üçün, övladlar ata üçün. Həyat belə qurulub ki nəyisə əldə etmək üçün nədənsə keçməlisən. Kimsə sağlamlığından keçir, kimsə canından keçir, kimsə ömründən kəsib verir. Həyat belə qurulub. Çünki həyat sevgi üzərində yaranıb. Kainatı Tanrı sevgi ilə yaradıb. Bu planetdə, bu günəş sistemini hər şeyi Tanrı elə yaradıb ki, nə kəndirlə, nə zəncirlə bağlanıb amma necə də mükəmməl bir sistem yaradıb. Tanrı hər şeyi də dövriyyədə yaradıb, yəni sonsuzluq. 

Buna görə də düşünürəm ki, insan ömrü də a nöqtəsindən b nöqtəsinə qədər ola bilməz. İllər, fəsillər daim dəyişir və yenidən davam edir. Düz xətt olsa hər şeyin sonu olardı. Necə hər şey dövriyyə şəklində yaranıb, sadəcə insan ömrü düz şəkildə yaranıb. İnsan ömrünün sonsuz olduğunu demək mümkün deyil, amma belə bir reallıq var ki, dünyada heç nə itmir, itə bilməz. Ağac quruyur, yenidən cücərir. Həyat həmişə davam edir dövriyyə şəklində. Buna görə də düşünürəm ki, Tanrı hər şeyi sonsuz yaradıb. Buna görə insan düşünməməlidir ki, yaşadım getdim, nə olur olsun. Buna görə gərək elə yaşasın ki, dünyaya qayıtmağa utanmasın. 

– Sizcə xalqın gözündə Baba Vəziroğlu kimdir?

– Hamı kimi biridir. Bir ziyalıdır, bir komanın, bir yerin, bir məmləkətin oğludur, bir Vətənin vətəndaşıdır, bir ölkənin əsgəridir, atadır, babadır, qardaşdır, həyat yoldaşıdır. Amma deyirlər ki, necə həyat sürdünüz Baba müəllim, yaxşı, pis, zəngin, kasıb? Mən sadəcə deyərdim ki, maraqlı bir ömür yaşadım. Mənim üçün maraqlı budur ki, bu qısa ömür yolunda hər şeyi gördüm. Çox bədbəxt olardım ki, yalnız asfalt yolla irəliləyərdim və hər şey yaxşı olardı. Mən onu ömür saymazdım. 

Orda dağ dərə də gördüm, uçurum da gördüm, çay da gördüm, səhra da gördüm, vəfa da gördüm, vəfasızlıq da gördüm, ölüm təhlükəsi ilə də üz üzə gəldim, həbs olunma təhlükəsi ilə də üz üzə gəldim sovet dövründə, antisovet ədəbiyyata görə. O zaman böyük dostum Bəxtiyar Vahabzadə xilas etdi məni. 

Yəni hər şey gördüm, dünyanı gördüm. Əsas odur ki, dünyanın ən əsas həqiqətlərinə gəldim tapındım və çox maraqlı bir ömür sürdüm. Həyatın xoşbəxtliklərini lap cavan yaşda dərk etdim, buna görə iki qat xoşbəxtəm. 

Həmçinin oxuyun

Komitə sədri: “Vətəndaşın qanunsuz tikdiyi ev söküləndə, təzminat ala bilər”

Bəzi torpaqların bələdiyyələr tərəfindən qanunsuz olaraq satılması problemlərə gətirib çıxarır. Belə ki, bəzi bələdiyyə sədrləri …