Cümə axşamı , May 2 2024
Ana səhifə / Müsahibə / Mirmahmud Mirəlioğlu: “Məgər Zərdüşt Əlizadə özü KQB-nin adamı olmayıb?..”

Mirmahmud Mirəlioğlu: “Məgər Zərdüşt Əlizadə özü KQB-nin adamı olmayıb?..”

Politoloq Zərdüşt Əlizadənin Qaynarinfo-ya verdiyi müsahibə ətrafında sərt müzakirələr davam edir. Zərdüşt bəyin fikirlərini alqışlayanlarla yanaşı, onu “süngü ilə” qarşılayanlar da oldu. Həqiqətin harada olduğunu müəyyən etmək isə oxucunun ixtiyarına verilir.

Bu dəfə “bu, mənim həm də mənəvi borcumdur” deyən Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) sədri Mirmahmud Mirəlioğlu Zərdüşt Əlizadənin səsləndirdiyi fikirlərə tamamilə fərqli rakursdan yanaşıb.

“Zərdüşt Əlizadə özünü Kefli İsgəndərə bənzədir, amma…”

– Mirmahmud bəy, politoloq Zərdüşt Əlizadənin son müsahibəsinin bu qədər ajiotaja səbəb olmasının səbəbi nədir? Bildiyimiz qədərilə, Siz də onun açıqlamalarını narazılıqla qarşılamısınız. Bir politoloq ölkənin yaxın və uzaq tarixində baş verənlərə fərqli münasibət bildirib. Burada qeyri-adi nə var ki? Hamı eyni düşünə bilməz axı… 

– Söhbət hadisələrə fərqli yanaşmadan getmir. Bilirsiniz, çoxları Zərdüşt bəyi ağıllı hesab edir, mən onu ağıllı yox, çox ağıllı adam hesab edirəm. Amma təəssüflər olsun ki, onun son müsahibəsi ağıl göstəricisi deyil. İnsanları qıcıqlandıran başqa nəsnədir. Bu dəfə Zərdüşt bəyin müsahibəsində onun çox ağıllı olduğunu görmədim. Əvəzində nə gördüm? Zərdüşt bəy ənənəsinə sadiq qalıb. Yenə də müsahibədə xalqı aşağılama var. Mənim ağıllı adam hesab etdiyim şəxs zəkasını cəmiyyətin inkişafına yönəltmir. Əksinə, onun xalqa yanaşması, tarixi faktlara yanaşması təəssüf doğurur. Adam sanki 1989-1990-cı ildə ilişib qalıb. Keçmişdən qopa bilmir. Qərəzi, kini imkan vermir. Zərdüşt bəyin qərəzi o qədər çoxdur ki, xalq hərəkatının bir çox fəalı və ən əsası artıq həyatda olmayan Əbülfəz Elçibəy barədə bu qədər aşağılayıcı sözlər deyir. Bu, insani baxımdan da düzgün yanaşma deyil. Bilirsiniz, həmin proseslərin içində olan hər bir kəs deyə bilər ki, Zərdüşt bəy tarixi hadisələri təhrif edir və çəkinmədən yalan danışır. Hətta təhrifin miqyasını o qədər çox edir ki, dedikləri ikrah doğurur. Müsahibədə adını çəkdiyi adamları Şeyx Nəsrullaha bənzədir. Bunu niyə edir? Cavab sadədir – özünü Kefli İsgəndər obrazında təqdim etmək üçün. Əgər adlarını çəkdiyin kimsələr gerçəkdən Şeyx Nəsrullah idilərsə, onlar səni diriltməli idilər. Müsahibədə ən çox narazılıq yaradan məsələ onun xalqı kal hesab etməsi oldu. 

– Necə düşünürsünüz, Zərdüşt Əlizadənin Əbülfəz Elçibəyə qarşı nə şəxsi qərəzi ola bilər?

– Sizə bir fakt deyim. 1975-cı ildə Əbülfəz Elçibəyin məhkəməsi keçirilib. Məhkəmədə Zərdüşt Əlizadənin atası Məmmədmübariz Əlizadə və indiki məşhur deputatlardan biri (o zaman tələbə idi-M.M.) Əbülfəz bəyin əleyhinə ifadə veriblər. Bir tələbə və bir müəllim. Hakim Elçibəyə deyib ki, son söz deyin. Bəy isə bundan imtina edib. Deyib ki, mənim son söz vaxtımı da Məmmədmübarizə verin, özünü bir az da biabır eləsin. 

“O, türk sözündən qorxur”

– Zərdüşt bəy, müsahibədə tariximiz və mədəniyyətimizdə fars və rus izlərinin olduğunu vurğulayıb. Bu məsələdə də politoloq hansısa faktları təhrif edib?

– Nəyi təhrif etməyib ki? Zərdüşt bəyin tarixlə, mədəniyyətlə bağlı dedikləri kökündən yalnışdır. Deyir ki, “Azərbaycan mədəniyyətinin kökündə farsdilli ədəbiyyat dayanır”. Bəli, fars dilinin ədəbiyyatımıza təsiri var, amma bu dil müəyyən qədər təsir edib, tam təsiri olmayıb, Azərbaycan ədəbiyyatı fars dilinin köməkçi elementi deyil. Ümumiyyətlə, o, çox qərəzli danışır. İddia edir ki, Xalq Cəbhəsini o qurub. Amma Zərdüşt bəy cəmi 6 ay AXC-də olub, gedib Sosial-Demokrat Partiyası qurub, daha sonra qardaşı ilə yola getməyib, oradan da gedib. Adam bu yaşda bu qədər yalan danışır. Azərbaycan ədəbiyyatına təsir baxımından ərəbdilli ədəbiyyatı tam kənara qoyur, ancaq farsdilli ədəbiyyatdan danışır. Xalqı aşağılamaqdan o qədər ləzzət alır ki, tarixi də unudur. 

– Bəy, razılaşın ki, Zərdüşt Əlizadə hazırlıqlı və savadlı adamdır…

– Mən dedim axı, onun ağıllı, hazırlıqlı olduğunu qəbul edirəm. Adam kifayət qədər qabiliyyətli adamdır. Qabiliyyətlidir, ağıllıdır, intellektualdır, amma qatı düşməndir, türk adına hər şeyə düşmənidir. Türk düşmənçiliyini də qəti gizlətmir, bununla fəxr edir. Mən istəyirəm, Allah ona o qədər ömür versin ki, türkün yeni bir təntənəsini görsün, ondan sonra ölsün. 

Onu deyim ki, “Şahnamə”ni Azərbaycan dilinə tərcümə edənlərdən biri Zərdüşt Əlizadənin atası Məmmədmübarizdir. O, qiymətli tədqiqatçı olub, nizamişünas olub. Amma ata-balanın Azərbaycan türkünə böyük düşmənçilikləri var. Zərdüşt bəy bu düşmənçiliyi bu gün də davam etdirir. Bu, fars təəssübkeşliyidir. Hamısı da boğazdan yuxarı deyilən sözlərdir. Adam böyük Şəhriyara da dil uzadır. O, fars dilində yazsa da, türk dilində də divanı var. Nizami Gəncəvidən də danışır. Sizə maraqlı bir fakt deyim. İranda 1940-cı illərin əvvəllərindən Təbrizdə yaşayan Vahid Dəstigirdi adlı məşhur bir nizamişünas var idi. Vahid Dəstigirdi qarşısına məqsəd qoymuşdu, bütün dünyaya sübut edəcək ki, Nizami Gəncəvi fars şairidir, türk deyil. O, ömrünün 30 ilini buna həsr elədi. “İttihad” qəzetinin məşhur bir müxbiri onunla müsahibəsindən maraqlı bir mənzərə təsvir edir. Deyir, ustad həmişə “Xəmsə”ni stolun üstündən götürüb, Quranı ziyarət edər kimi ziyarət edərdi, 3 dəfə öpüb “Xəmsə”ni açıb danışardı. Bu dəfə isə “Xəmsə”ni əlinin arxası ilə itələyib və 3 dəfə dedi ki, bundan türk qoxusu gəlir. Yəni, demək istəyirəm ki, Nizami Gəncəvini fars şairi kimi təqdim etmək istəyən şəxs belə deyir, Zərdüşt bəy isə əksini vurğulayır. Elə Məhəmməd Füzuli haqqında dedikləridə eyni məqsəd daşıyır. Füzulinin türkcə, ərəbcə, farsca divanı var. Bu isə onun böyüklüyüdür. 

– Zərdüşt bəy müsahibədə qeyd edib ki, yazdığı kitabları…

– … özü deyir, oxucular mənim kitabımı oxumurlar, amma burdan deyim ki, axtardım, tapmadım onun kitabalarını. Onun rus dilində yazdığı bir kitab var, mənə o kitabdan oxudular ki, orada Azərbaycan Xalq Cəbhəsini anti-Azərbaycan adlandırır və axırda da yazır ki, bu mənim nağılım idi. Son sözü də bu olur. Elə Zərdüşt bəyin özü də eriraf edir ki, nağıl danışır. 

– Onun prezidentlik iddiası ilə bağlı səsləndirdiyi fikirlərdə də həqiqət payı yoxdur?

– Müsahibədə deyir ki, “mən prezident ola bilərdim, amma Elçibəy prezident oldu”. Gülməlidir. Cəfəngiyyatdır. Sən hara, prezidentlik hara? Axı, sən necə prezident ola bilərdin? Kim idi səni dəstəkləyən? Sənin keçdiyin həyat yolu, fəaliyyətin, türkə münasibətin ortadadır. Sən deyirsən ki, “Rusiya Azərbaycanı Şərqdən qopararaq Qərbə inteqrasiya elətdirdi”. Lakin unudursan ki, Şərqdə elə ilk demoktratik respublika Azərbaycanda qurulub, 1920-ci il işğalına qədər dünyaca məşhur kifayət qədər ziyalılarımız olub, Şərqdə qadınlara ilk səsvermə hüququnu Azərbaycan tanıyıb.

“Zərdüşt bu xalqın düşmənidir, ancaq ağıllı düşməndir, hiyləgər düşməndir”

–  Zərdüşt Əlizadə Azərbaycan tarixini niyə təhrif edir? Onun bu məsələdə nə marağı ola bilər? Bəlkə yanaşması belədir?

– Bu suala açıq cavab verəcəyəm. Adam düşməndir, özü də qatı düşmən. Sözündən dönməyən, axıra qədər gedən ağıllı düşməndir. Adam özü şərqşünasdır. Dediyim kimi, kifayət qədər təhsilli, ağıllı, intellektualdır. Ancaq ağıllı düşməndir, hiyləgər düşməndir. O, bir şərqşünas kimi bilməli idi ki, Şərq və Qərbdən əvvəl günbatan, gündoğan var idi. Azərbaycan Xalq Cümhiriyyətinin üstündən ötüb keçir. O, Şərqlə bərabər Qərbə dərs keçən qosqoca Cümhuriyyəti görməzdən gəlir. 31 Martda rus və erməninin Azərbaycanda türk və müsəlman olduğuna görə törətdiyi soyqırımın üstündən ötüb keçir. Xocalı soyqırımından, 20 Yanvar faciəsinin üstündən ötüb keçir. Amma bütün bunların fərqindədir. Hətta bəzi məsələləri təqdir edir, öz istədiyi, arzuladığı kimi təqdim edir. Bircə onu düz deyir ki, Bakı heç vaxt türk şəhəri olmayıb. Çünki qoymayıblar olsun. Hüseynqulu xanın qardaşı oğluna görə qoymayıblar, Sisiyanovun qala qapılarının qarşısında başı kəsildiyi üçün qoymayıblar. Ona görə də həmişə istəyiblər ki, Bakı kosmopolit şəhər kimi qalsın və türk kimliyinin faizi heç vaxt 49-u keçməsin. O, bunu düz deyir. Bakı 1988-ci ildə Qərbi Azərbaycandan türklərin deportasiyasından sonra türk şəhəri olmağa başlayanda, türklərin sayı 50 faizdən çox olan kimi 20 Yanvar faciəsini törətdilər. Lakin mən Zərdüşt bəyə həm də təşəkkür edirəm. O belə danışmaqla, həm də bizə söz haqqı tanıtdırdı, biz də bunları dedik.  

– Mirmahmud bəy, mən həmin dövrdə uşaq olmuşam, bilmirəm nələrin baş verdiyini. Məndən yaşca daha kiçik olan nəsil isə tam məlumatsız olacaq. Zərdüşt bəy müsahibədə Xalq Cəbhəsinin yaradılması ilə bağlı bəzi fikirlər səsləndirir. Lakin müsahibəyə verilən sərt reaksiyalardan anladım ki, bir çoxları, o cümlədən şəxsən siz bu fikirləri qəbul etmirsiniz. Mən gəncəm, bilmirəm Xalq Cəbhəsi dövründə baş verən hadisələr ilə bağlı kim doğru danışır. Niyə həmin dövrdə bunları görən və danışmalı olan şəxslər susur? Nəhayət, Zərdüşt bəyə niyə adlarını çəkdiyi şəxslər deyil, siz cavab verirsiniz? Axı, o heç sizin adınızı çəkməyib…

– Xalq Cəbhəsinin yaranması, fəaliyyəti ilə bağlı çox yazılıb, çox deyilb. Əbülfəz Elçibəyin əsərləri var. Liderimizin AXC-nin qurulması ilə bağlı fikirləri dəfələrlə dərc edilib. Əbülfəz bəyin “Bu mənim taleyimdir”, “Deyirdim, bu quruluş dağılacaq” adlı kitabları var. Bu gün həmin dövrü görüb yaşayan insanlar var. Doğrusu, ilk illərdə mən Azərbaycan Xalq Cəbhəsinin rəhbərliyində təmsil olunmamışam. Həmin vaxt Sumqayıtda idim, bir cəbhəçi fəal kimi bu şəhərdə fəaliyyət göstərirdim, əqidə dostlarmla birlikdə çox işlər görə bildik. Müsahibədə adları çəkilən insanlar var, onlardan həmin dövrdə proseslərin necə baş verdiyini öyrənmək olar. Mən AXC-nin 20 illik yubileyində təşkilatın bütün qurucularını, hətta Elçibəyə düşmən münasibətini gizlətməyənləri bir araya gətirdim, hər birinə söz verdim. Bunun görüntüləri də var. Ədalət Tahirzadənin də “Meydan 4 il 4 ay” adlı senoqrafik bir əsəri var. Orada cəbhə ilə bağlı baş verən proseslər var. Mənim özüm cəbhənin yaradılması ilə bağlı kitablardan çıxarılan broşürləri çap etdirmişəm. 

“Əbülfəz bəyə mənəvi borcumuz var” 

– Mirmahmud bəy, deyirsiniz ki, Zərdüşt Əlizadə ağıllı insandır, lakin qərəzlidir, düşmən mövqeyindədir, belə adam gerçək ziyalı ola bilməz. Bəs sizə görə, bu gün Azərbaycan cəmiyyətində kimdir ziyalı? 

– Bu gün cəmiyyətimizə, onun formalaşmasına, inkişafına təsir edən ziyalılarımız var. Dünyasını dəyişən ziyalılarımız daha çoxdur. Zərdüşt bəyi isə ziyalı hesab etmək ziyanlıdır. O savadlıdır, intellektualdır, ancaq anti-millidir, ondan ziyalı olmaz. Ziyalı millətinə xidmət edir. Zərdüşt bəy isə rusca danışanda daha yaxşı görünür. Onun məncə, ərəbcəsi daha güclüdür, nəinki farscası.

– Deyirsiniz ki, cəmiyyətimizdə ziyalılar az deyil. Bəs niyə onlar mətbuata açıq deyil? Zərdüşt bəyin müsahibəsinə siz reaksiya verdiniz, daha bir neçə ziyalımız etirazlarını bildiridi, ancaq müsahibədə adları çəkilənlərdən, Elçibəyin adının qazancını yeyənlərdən, Əbülfəz bəyin adının kölgəsi altında deputat olanlardan səs çıxmadı. Əlbəttə ki, Zərdüşt bəy sağdır və cavab verə bilər, ondan çəkinirlər. Lakin başqa mövzularda da əlimiz onların çoxuna çatmır. Amma elə mövzular var ki, onların fikirlərinə ehtiyac var. Onlar isə danışmaqdan çəkinir. Amma Siz çəkinmədiniz…

– Açığını deyim ki, məni Zərdüşt Əlizadənin müsahibəsini oxumağa hörmətli Azər Rəşidoğlunun təqdimatı vadar elədi. Yazının təbliğat-təşviqatını apardı, ona görə də mən də oxumaq məcburiyyətində qaldım. Çünki bilirəm ki, Azər bəy boşuna söz deməz. Oxudum və bir daha şahidi oldim ki, Zərdüşt bəy elə ötən əsrdə qalıb, heç dəyişməyib. Baxdım müsahibəyə. Dostlarımdan biri ilə məsləhətləşdim, dedi, “Zərdüştdür də danışır, əhəmiyyət vermə”. Mənə nümunə çəkdi. Dedi, Napaleon Moskvanı tutmuşdu, o zaman göstəriş verdi ki, bu şəhərin ən ağıllı adamını mənə gətirin. Axtarıb tapıb bir gözəl xanım gətirdilər ki, bizim şəhərin ən ağıllı adamı odur. O da susdu, qadınla danışmadan getdi. Sonra ondan soruşublar ki, sən niyə danışmadın. Napaleon isə uyğunsuz bir ifadə işlədərək deyib ki, əzalarının yeri dəyişik olan adamı mən ağıllı hesab etmirəm. İndi o başdan-ayağa yalan qərəzli danışırsa, bu danışdıqlarına da adamlar münasibət bildirmirsə, hətta adlarını çəkdiyi adamlar münasibət bildirmirsə, bilmirəm nə deyim… Mən münasibət bildirməli oldum. Çünki orada adı çəkilən Elçibəy həyatda yoxdur. O həyatda olanda isə haqqında olan bütün suallara özü cavab verib. İndi isə həyatda yoxdur, ona görə də bu məsələ ilə bağlı danışmağa mənəvi ehtiyac duydum. Zərdüşt bəy milləti tanımazdan gəlir, amma deyim ki, üzdə olan bir çox şəxs onun kim olduğunu çox yaxşı bilir. Ailəsinin xidmətlərini yaxşı bilirlər. Bu cür adamlar ayıblarına kor olmalıdır.

– Zərdüşt bəy müsahibəsində qeyd edir ki, “insanlar məhz mənə ona görə qərəzlidirlər ki, guya atam KQB-nin agenti olub və buna görə mənim dediklərim birmənalı qarşılanmır”…

– Belə yanaşma özünü sadəcə bir sığortadır. Məgər özü KQB-nin adamı olmayıb? Elə vaxt olub ki, adamlar məcburən, zorən, könüllü siyasətə xidmət ediblər, amma haqqı da danmayaraq, kiminsə də haqqına girməyiblər. Yuxarıda dediyim kimi, Elçibəy öz məhkəməsində onun atasına qiymət verib. Mən fərqli heç nə demədim, səsləndirdiklərimdə öz yaşıdlarımın bildiklərini dedim. Azərbaycan Xalq Cəbhəsini KQB ələ ala bilməyib deyə hələ də ondan qisas alırlar. Elçibəy silahdaşları ilə birlikdə bütünlükdə Azərbaycan Xalq Cümhuriyyətini bərpa edib. Bəy 24 ildir dünyasını dəyişib, amma hələ də ondan danışırlar. Bu isə milli düşmənçilikdən irəli gəlir, haqla batilin, xeyirlə şərin davasıdır. Bu, əzəli və əbədi davadır. Azər bəy deyir müsahibədə razılaşmadığı bir çox məqamlar var, amma mən deyərdim ki, orda ümumiyyətlə razılaşdığım məqam yoxdur.

– Zərdüşt bəy deyir ki, Xalq Cəbhəsinin ilk proqram sənədlərini mən yazmışam, Elçibəy onu yaza bilməzdi. Bəs nizamnaməni kim yazıb? 

– Nizamnamə harda yazılıb, necə yazılıb, kimlər iştirak edib, hər kəs bunu bilir, bu da bir tarixdir. Qoy desin ki, harda yazılıb? Nizamnamə heç Bakıda yazılmayıb. Ola bilər ki, Zərdüşt bəyin alternativ nizamnaməsi olub, amma onu biz görməmişik, bilməmişik. Azərbaycan Xalq Cəbhəsi 1989-cu il 16 iyulda təsis olunub, 1990-cı ilin 7 yanvarında isə Zərdüşt təşkilatdan istefa verib. Bəs partiyanı o qurubsa, niyə təşkilatdan faktiki olaraq tək getdi? Niyə onun tərəfdarları istefa vermədilər? Onun heç bir dəstəyi yox idi? Bunlar ciddi məsələlərdir və cavab verilməlidir. AXC Nizamnaməsi Elçibəyin təkidi ilə qəbul edildi. Bəy təkid etdi ki, birinci bənddə mütləq və mütləq Azərbaycanın bölünməsi qeyd olsun. Yəni, Azərbaycan tarixən Kürəkçay, Gülüstan, Türkmənçay müqaviləsinin nəticəsində bölünüb. Bölünmüş xalqlar birləşirlər və biz də bundan istifadə edərək birləşməliyik. Nizamnamədə əsas ana xətt bu məsələ olduğuna görə ayrılmalar da olub.

Həmçinin oxuyun

Komitə sədri: “Vətəndaşın qanunsuz tikdiyi ev söküləndə, təzminat ala bilər”

Bəzi torpaqların bələdiyyələr tərəfindən qanunsuz olaraq satılması problemlərə gətirib çıxarır. Belə ki, bəzi bələdiyyə sədrləri …