Cümə , Aprel 26 2024
Ana səhifə / Media / Müasir Azərbaycan jurnalistikasının ən dərin problemləri bunlardır…

Müasir Azərbaycan jurnalistikasının ən dərin problemləri bunlardır…

1998-ci il idi. İşlədiyim redaksiyada tapşırıq verildi ki, AMİP lideri Etibar Məmmədovdan müsahibə alım. Müraciət etdim, vaxt aldm və AMİP-in məşhur qərargahına getdim. Etibar Məmmədovdan geniş intervyü götürüb redaksiyaya qayıdanda məlum oldu ki, diktafon 5-6 dəqiqədən sonra söhbəti yazmayıb. Müsahibə isə sabahkı nömrəyə getməli idi. Nə edim? Yaddaşıma güvənib oturdum kompüterin qarşısına. Müsahibəni hazırladım, redaktə etdim, printerdən çıxarıb faksla göndərdim AMİP-ə. Etibar Məmmədov baxmış, bir cümlə də dəyişiklik olunmamışdı. Hətta ertəsi gün zəng edib təşəkkür də etdilər. Bu əhvalatı niyə yada salıram, bir azdan deyəcəm.

Bir neçə gün öncə bir həmkarımla rastlaşdım. Əməkdaşı olduğu saytın yüksək, ən azı 50 mini keçən İP-dən danışdı. Doğrusu, həmin saytı izləmirəm, amma bütün hallarda gündəlik 50 min girişi olan bir sayt mənim diqqətimdən qaça bilməz. Həmkarıma 2 sual verdim: 1) Bu İP-ni əldə etmək üçün eksklüziv nə kimi xəbər yayımlayırsınız? 2) Trafikin qaynağı nədir? Onun cavabı qane etmədiyindən bu gün həmin sayta baxdım. Eksklüziv xəbər, müsahibə, analiz, reportaj, araşdırma və s. deyə bircə material da gözümə dəymədi.

Saytların qəzetləri öldürdüyü bum dövründə xəbər portallarına əsas girişi Facebook təmin edirdi. FB alqoritmlərini dəyişib, linkləri sosial şəbəkə istifadəçilərinə göstərmir, paylaşımlar effekt vermir. “Bum” dövründə bir səhifənin deyək ki, 100 min abunəsi vardısa, paylaşılan link onun 10 faizinə çatır, həmin 10 % istifadəçidən isə 20-30 %-ı tık verirdi. Başqa sözlə, 100 minlik bir səhifədən ortabab, ancaq operativ yayımlanmış xəbər 2-3 min oxucu cəlb edirdi. Əgər cəmiyyətdə xüsusi bir hadisə çalxalanma yaradardısa, “erişim” və tıklama daha çox olurdu. İndi bu sistem çöküb, çünki Mark pul qazanmaq istəyir )))

Digər önəmli amil Tik-Tokun FB-dan nəhəng auditoriya oğurlamasıdır. İP düşübsə, Google analitik real vaxtda girişi, məsələn, 1000-dən aşağı göstərirsə, Türkiyə mediasından beş-altı çimərlik fotosu götürüb “ŞOK! Hollivudun məşhur ulduzu çimərlikdə- FOTOSESSİYA ” qəbilindən olan başlıqlara vəziyyətdən çıxa bilərdin. Amma indi həmin auditoriya artıq Tik-Tokda “yerli və milli ulduz”lara canlı baxır.

Üçüncüsü, Youtibe kanalları ictimai-siyasi proseslərə maraq göstərən dairəni özünə çəkib. Məsələn, bu günlərdə Reaksiya TV-də millət vəkili Elman Nəsirov, keçmiş baş nazir Pənah Hüseyn, MMP sədri Hafiz Hacıyev, politoloq Qabil Hüseynli həmkarım Zaur Qəriboğlunun qonağı idi. İctimai-siyasi proseslərlə maraqlanan hansı fəal bu rəngarəngliyi qoyub saytda yazılı monoloq axtarar?

Dördüncü və ən mühüm amillərdən biri informasiya kirliliyidir. Bu kirliliyi yaradan ən başlıca səbəblərdən biri də baş redaktor olmaq potensialından uzaq media nümayəndələrinin sayt açması, cəmiyyətdəki uğursuz tiplərin də bu saytlarda “jurnalist” kimi fəaliyyət göstərməsidir. Halbuki bütün dünyada jurnalistika ən prestijli fəaliyyət sahələrindən biridir. Nəticədə Azərbaycanda sayta maksimum çox xəbər qoymaq, oxucuları başlıqlarla aldadıb İP toplamaq “yaxşı işləmək” sayılır. Kökündən yanlışdır.

Xeyli vaxtın söhbətidir. Üçüncü Jurnalistlər Binası ilə bağlı müzakirələrin qızğın çağı idi. Heç zaman jurnalist olmamış bir tanışım xüsusi şövqlə deyirdi ki, onun baş redaktoru olduğu saytlar (!!!) Azərbaycanın ən oxunaqlı media qurumlarıdır. İndi bu statusu yaza-yaza həmin MEDİA HOLDİNQin adını xatırlamağa çalışıram, yadıma düşmür.

Qısaca sadalamağa çalışdığım mətləblər ona dəlalət edir ki, Azərbaycanda saytlar mütləq BRENDLƏŞMƏ yolunu tutmalıdır. Üst-üstə təxminən 10 xəbər portalı var ki, onları müəyyən mənada brend saymaq olar. Amma problemlər də çoxdur.

Əvvəla, saytların böyük əksəriyyətinin konsepsiyası yoxdur. Məsələn, baş redaktoru olduğum AzNews.az saytı analitik-informasiya portalıdır, bu konsepsiya ilə Ermənistanda fəaliyyət göstərən Armenianreport-dan daha peşəkar kontent yaratsaq da, materiallarımızı rus və ingilis dilində yaya bilmirik.

İkincisi, insan resursları yetərli deyil. Reportyor, redaktor, şərhçi, ekspert qıtlığıdır. Bu günlərdə Azərbaycanda çox yüksək maaş verən media qurumlarından birinin rəhbəri ilə söhbətləşdim, o belə kadr tapılmamasından şikayət edirdi.

Üçüncüsü, BDU-nun jurnalistika fakültəsi medianı yeni nəfəslə təmin etmir. 2013-cü ildən bəri işlədiyim bütün redaksiyalarda yeni məzunları işə götürmüşəm və təvazökarlıqdan uzaq olsa da, bir neçə yaxşı imza yetişdirmişəm. İşə götürdüklərim arasında üstünlüyü BDU-nun jurnalistika fakültəsinin məzunlarına vermişəm, amma reallıqlda imza kimi formalaşanlar, işi yarıdanlar onlar deyil, digər universitetlərin və ya humanitar ixtisasların məzunları olublar. Bunun səbəbi o deyil ki, onlar jurnalist texnologiyalarını bilmirlər. Əsas səbəb odur ki, digər ixtisaslardan və universitetlərdən gələnlər cəmiyyəti daha yaxşı tanıyırlar, medianı daha çox oxuyurlar və bu sahədə işləmək üçün özlərində potensial hiss edirlər. BDU-nun “jurfak”ından gələnlərin çoxu isə “şou-biznesdən yazmaq istəyirik” deyirlər. Lap başda danışdığım əhvalat məhz bu məqamı izah etmək üçün idi. Mən siyasi proseslərin ən qızğın çağında Etibar Məmmədov kimi iddialı bir siyasi liderin müsahibəsini cümləbəcümlə ona görə yadımda saxlaya bilmişdim ki, siyasi prosesləri izləmişdim.

Taleh ŞAHSUVARLI

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …