Çərşənbə , Avqust 21 2019
Ana səhifə / Media / Məktəblərdə pul yığımı “maşını” işə düşdü

Məktəblərdə pul yığımı “maşını” işə düşdü

“Nazirlik Müəllimlər günündə pul yığılması ilə bağlı şikayət edənin anonimliyini qorusun. Görsün nə qədər şikayət daxil olacaq. Müəllim və ya direktordan şikayət edən kimi uşağa qarşı münasibət dəyişir, müəllim ayrı-seçkilik edir. Uşaq psixologiyasıdır axı, yoldaşlarının yanında seçildiyini görəndə sınır. Ona görə də, valideyn şikayət etməkdən çəkinir”.

Bunu Təhsil Nazirliyinin sosial şəbəkələrdəki səhifəsində Beynəlxalq Müəllimlər Günü ilə bağlı şagirdlərdən məcburi pul yığılmasından narazı olan valideynlərdən biri yazıb. Ötən həftədən yüzlərlə belə şərhlər yazılır, əksəriyyət nazirliyi günahlandırır.

…Hələ “daş dövrü”ndən müəllimlər günündə pul yığılması ənənəyə çevrilib. Hətta iş o yerə çatıb ki, direktorlar iclaslarda pul verməyən valideynləri tənqid edib. İnsafən, Misir Mərdanov belə halların yolverilməz olduğunu ara-sıra mətbuata müsahibələrində söyləyib.

Mikayıl Cabbarov yeni nazir təyin ediləndən sonra isə rüşvətlə, eləcə də bayramlarda pul yığılması ilə mübarizəyə başlandığını elan edib. Amma neçə illərdir ki, bu mübarizə yalnız xəbərdarlıqla yekunlaşır. Məsələn, Təhsil Nazirliyi ötən həftə mətbuat vasitəsilə müəllim və direktorlara xəbərdarlıq edib. Xəbərdarlıqda qeyd olunur ki, Müəllimlər günü ilə bağlı pul yığan müəllim və məktəbin direktoru işdən çıxarılacaq. Lakin bir şərtlə. Müəllim və direktordan şikayət edəcək valideyn nazirliyin “Qaynar xətt” xidmətinə zəng vurarkən adını, uşağın adını, məktəbi, müəllimin adını açıqlamalıdır. Üstəlik, pulun nə vaxt və harada müəllimə verildiyi sübut olunmalıdır. Əks halda, anonim şikayət müəllimə iftira kimi baxılmayacaq.

Valideyn pulu verəndən sonra nəyi və necə sübut edəcək kimi suallarla başımızı yormuruq. Çünki sosial şəbəkələrdə yazılanlar göstərir ki, artıq əksəriyyət nazirliyin səmimiyyətinə inanıb şikayət etmək istəmir. Niyəsinin də izahı var, Təhsil Nazirliyi ötən ilin oktyabrın 3-də eyni məzmunlu xəbərdarlıq edib. Amma nəticə yoxdur, heç bir müəllim və ya direktor məhz bayramda pul yığdığı üçün cəzalandırılmayıb. Nazirlik əksini söyləyirsə, görülmüş tədbirlərlə bağlı məlumat təqdim edə bilər. Amma valideynlərdən tələb etdikləri kimi məktəbin, müəllim və direktorun adı açıqlanmalıdır ki, doğru olub-olmadığına dair şübhə qalmasın.

Hələlik isə nazirliyin xoşniyyətli xəbərdarlığı bir çoxları tərəfindən müxtəlif cür yozulur, sosial şəbəkələrdə, mətbuatda pul yığan məktəblərin adları sadalanır.

Virtualaz.org saytının əməkdaşları sosial şəbəkələrdəki yazılanları bir yerə toplayıb, məktəblərdə valideyn və şagirdlərlə söhbət edib. Bəlli olub ki, valideynlərin ünvansiz şikayətləri səbəbsiz deyil, hər il olduğu kimi, bu il də şagirdlərdən pul yığılıb.

 

Sosial şəbəkələrdə narazılıqlar…

Əvvəlcə sosial şəbəkədə yazılanlara nəzər salaq:

Etibar Tağıyev adlı istifadəçi deyir ki, valideyn ona görə anonim şikayət edir ki, uşağı yaşıdlarının qarşısında sınmasın.

Rövşən Əsədov isə iddia edir ki, nazirliyin “qaynar xətt” xidməti heç bir şikayətə baxmır. “Qaynar xətt”dən dedilər ki, ərizə ilə müraciət edim. 1 ay ərzində şikayətə baxacaqlar. 1 aya pul yığılacaq, hələ xərclənəcək də. Kimə nəyi sübut etmək istəyirlər”, – R.Əsədov yazır.

Emin Məmmədov isə 188 saylı orta məktəbdə Müəllimlər günü ilə bağlı pul yığıldığını iddia edib. “30 manat ödəmişəm. Nazirlik gecikib, biz sentyabrdan pul vermişik”.

“10 gun əvvəldən elan ediblər. Hansı valideyn şikayət edib uşağı zərbə altına qoyar? Nazirlik bilsin ki, bayram hazırlığı bütün məktəblərdə aparılır”, – Sevda Babayeva adlı istifadəçi yazır.

Övladı 10 saylı məktəbdə təhsil alan Həmid Hacıyev isə deyir ki, nazirliyin bəyanatı söz yığınıdır: Məcbur olaraq pulu vermisən, sonra onu necə sübut edəcəksən? Pul yığımı müəllimdən asılı deyil, ona tapşırılır, o da məcbur olub uşaqlardan tələb edir. Artıq ölkədə məktəb deyilən bir müəssisə qalmayıb, məktəbləri yarmarkalara çeviriblər”.

Təbii ki, məktəblərdə pul yığılmasına haqq qazandıranlar da var. Məsələn, Elmira Nəcəfova adlı müəllimə yazılanlarla razılaşmır. “Müəllimlər ilin iki günü sevinirlər. Bunu da onlara çox görürsünüz. İstəməyən pul verməsin. Pul verəndən sonra şikayət etməyin yeri yoxdur”, – E.Nəcəfova deyir.

Aidə Əfəndiyeva isə Müəllimlər gününün ləğv olunmasını istəyir: “Bezdik belə söz-söhbətdən. Birdəfəlik bayramı ləğv eləsinlər, biz də tənədən qurtaraq. Yanan da biz, yaman da”.

“Gecikdiniz, pulu çoxdan vermişik”

Birinci baş çəkdiyimiz ünvan Bakı şəhəri, Nizami rayonu, İsmayıl Məmmədov, 1 ünvanında yerləşən 10 saylı məktəb oldu. Məktəbin qarşısına yığılmış valideynlər adlarının açıqlanmaması şərtilə danışmağa razı oldular. “Qızım 5-ci sinifdə təhsil alır. Mən valideyn komitəsinin sədrinə 30 manat vermişəm. Amma müəllimə və ya direktor bizdən pul tələb etməyiblər”.

Digər valideyn də valideyn komitəsinin sədrinə pul verib: “Mənim imkanım yoxdur, dedim ki, iki uşağa cəmi 20 manat ödəyə bilərəm. Razılaşdılar, pulu uşaqla göndərdim”.

“Elitar” gimnaziyanın qarşısında toplanan valideynlərin bugünkü mövzusu bayramla bağlı idi. “Bütün məktəblər necə, biz də elə”, – valideynlərdən biri sualımıza belə cavab verir. Öyrənirik ki, bu liseydə birbaşa müəllimə pul vermək ənənəsi formalaşmayıb. İşi yalnız bir valideyn öhdəsinə götürür. “Bəs niyə nazirliyə şikayət etmirsiniz?” sualımıza istehza ilə gülən valideynlərdən ayrılıb 23 saylı məktəbə yollanırıq. Yenə də müəllimlər üçün pul yığıldığını öyrənirik.

Valideynlərdən biri 50 manat verdiyini etiraf edir. “Bəs niyə vermisiniz?” sualını “Mənim uşağım yoldaşlarının yanında niyə utansın ki? Başqaları hələ üstəlik hədiyyə də göndərir”, – deyə cavablandırır.

Təhsil Nazirliyinin bu deyilənlərə etirazı ola bilər. Amma elə bu gün məktəblərin qarşısında valideynlərlə söhbət edib real vəziyyəti öyrənə bilərlər. Heç əziyyət çəkib Bakıdakı bütün məktəblərə “ayaq döymək” də lazım deyil. Dəqiq mənzərənin şahidi olmaq üçün 5-6 məktəbə getmək kifayətdir.

Valideynlərə gəldikdə isə, biz də uşağın “yoldaşından dala qalmaması” kimi səbəblərlə pul verdiyimiz, etiraz etmədiyimiz üçün günahkarıq.

Yalnız xəbərdarlıqlarla illərdir kök salmış ənənədən yaxa qurtarmayacağımız bəllidir. Həm də ağrılıdır ki, dünya müəllimlərin uğurundan, biz isə onlar üçün yığılan pullardan danışırıq.

Bu gün – oktyabrın 5-i Beynəlxalq Müəllimlər Günüdür və şərəfli müəlllimləri təbrik edirik.

Həmçinin oxuyun

Gürcüstanın “Rustavi 2” kanalına alıcı tapılmayıb

“Gürcüstanın “Rustavi 2” televiziya kanalı bir həftədir satışa çıxarılsa da, ona alıcı tapılmayıb”. “Report”un Gürcüstan …

Bir cavab yazın