Çərşənbə axşamı , May 7 2024
Ana səhifə / Media / “Baktelekom” jurnalistin telefonunu kəsib: “Deyirlər ki, bizim internetə qoşulun”

“Baktelekom” jurnalistin telefonunu kəsib: “Deyirlər ki, bizim internetə qoşulun”

Hüquqşünas bunu seçim azadlığının pozulması kimi qiymətləndirir

Jurnalist Şahin Rzayev “Bakı Telefon Rabitəsi” (“Baktelekom”) tərəfindən Optik (GPON) internetə qoşulmağa məcbur edildiyini deyir.

Vətəndaş bu barədə “Facebook” profilində yazıb.

Onun sözlərinə görə, Sabunçu Telefon Qovşağından zəng edən Yeganə Həsənova adlı şəxs vətəndaşı təkidlə “Baktelekom”un Optik (GPON) internetinə abunə olmağa tələb edib.

Bizim “Citynet” (Citinet) özəl provayderi ilə müqaviləmiz var. İnternetin keyfiyyəti və qiymətindən də razıyıq. Yeganə Həsənova deyir ki, bu, dövlətin qərarıdır, mütləq “Bakinternet”ə keçməlisiniz, əks halda, şəhər telefonunuz kəsiləcək”, – Şahin Rzayev yazır.

Həmin qərarın nömrəsini və tarixini soruşanda deyir ki, mən sıravi işçiyəm, bilmirəm. Müdirin adını və telefonunu da vermir. Özü də təkid edir ki, telefon kimin adınadırsa (85 yaşlı qoca anam), mütləq Bakıxanova gedib, müqavilə bağlamalıdır. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə zəng edirəm, yenidən “Baktelekom”a yönəldirlər. Bu, inhisarçılıqdan sui-istifadənin bariz nümunəsidir”, – deyə jurnalist qeyd edib.

Şahin Rzayev

Sabunçu Telefon Qovşağından Yeganə Həsənova Meydan TV-yə bildirib ki, ərazidə bütün mis ötürücülü elektrik kabelləri optiklə əvəzlənəcək.

Belə olan halda vətəndaş yalnız optik kabelləri dəstəkləyən provayderlərin xidmətindən yararlana bilər:

Yeni Suraxanı qəsəbəsində telefon qovşağı dayandırılır. Bütün mis kabellər optiklə əvəz olunur. Bunun üçün də bütün abunəçilər telefon qovşağına yaxınlaşıb, qeydiyyatdan keçməlidir. Abunəçilərin müraciətləri əsasında əraziyə optik kabel qoyulub. Biz heç bir abunəçini məcbur edə bilmərik ki, internet provayderini dəyişsin. Sadəcə, həmin ərazidə hansı provayder optik kabelləri dəstəkləsə, o da işləyə biləcək”.

“Baktelekom”dan Meydan TV-yə bildirilib ki, layihəyə əsasən, bütün ölkə üzrə optik kabellər çəkilir.

Buna görə də mis ötürücülü elektrik kabellərinin istifadəsi texniki olaraq mümkün olmayacaq:

“Vətəndaşlar yalnız optik kabel üzərindən xidmət göstərən provayderlərin xidmətlərindən istifadə edə biləcəklər. “Uninet” mis kabel üzərindən təqdim olunmuş xidmət verir. Bizim optik xidmətimiz də onu dəstəkləməyəcək. Vətəndaşın seçdiyi provayder yalnız optik kabeli dəstəkləməlidir”.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi. Foto:arxiv

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən də Meydan TV-yə eyni sözlər deyilib.

Bildirilib ki, ərazidə olan provayderlər optik kabelləri dəstəklədiyi təqdirdə, onların xidmətindən istifadə mümkün olacaq.

Köhnə naqillər ləğv olunur, onun yerinə yeni optik naqillər çəkilir. Optik naqillə verilən internet daha keyfiyyətlidir. Köhnə xidmətdə maksimum 10 meqabayta qədər internet sürəti verə bilirdisə, optikdə minimal 30 meqabaytdan başlayır. Telefon xətti də həmin kabelin üzərindən verilir”, – nazirliyin “Qaynar xətt”indən bildirilib.

Hüquqşünas Ələsgər Məmmədli Meydan TV-yə deyir ki, yalnız bir provayderə məhkum olmaq və yaxud da israrlı şəkildə yalnız bir xəttin istifadəsi üçün digərlərindən imtinanı məcburi vəziyyətə gətirmək şəxsin seçim azadlığını pozur:

Ələsgər Məmmədli. Foto: Meydan TV

“Bu da süni monopoliya yaratmaqdır. Birmənalı olaraq vətəndaşın seçim azadlığından, xüsusən də xidmət seçmə və keyfiyyətli xidmət seçmə imkanlarını məhdudlaşdırılmasıdır. Həmçinin bazarda olan digər provayderlərin kommersiya fəaliyyətini məhdudlaşdıracaq”.

Daha öncə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Meydan TV-yə bildirmişdi ki, GPON texnologiyasının işə salınması qiymət artımına səbəb olub:

Qiymətlərin qalxması anlaşılandır, lakin bununla belə insanlara internet sürəti və tariflərlə bağlı seçim imkanı verilməlidir. Əlbəttə, biz başa düşürük ki, bütün ölkə üzərində internet xidmətlərini göstərmək məqsədilə “Baktelekom” və “Aztelekom” böyük bir layihə həyata keçirir. GPON-da da böyük sürətlər vermək mümkündür. Təbii ki, böyük sürətin də qiyməti əvvəlkindən yüksək olacaq. Amma elə adamlar var ki, onlara böyük sürətli internetə ehtiyac yoxdur. İmkan yaratmalıdırlar ki, istifadəçilər özlərinə uyğun sürəti, provayderi seçə bilsinlər”.

Osman Gündüz
Osman Gündüzün şəxsi arxivi

Bir neçə ildir ki, Bakıda və regionlarda “Evədək internet” layihəsi GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) texnologiyası əsasında işlər aparılır.

İstifadəçilərin GPON texnologiyası sayəsində fiber-optik xətlər üzərindən 100 Mbit/s-ə qədər qoşulma, kəsintisiz internet, video nəzarət və digər interaktiv xidmətlər əldə edəcəkləri bildirilir.

Qeyd olunur ki, 2024-cü ilin əvvəlinədək ölkə üzrə ADSL xidmətindən Optik şəbəkəsinə keçid ediləcək.

Həmçinin oxuyun

Gündəlik qəzetlərin sayı artır, həftəlik qəzetlərin sayı azalır

Bu ilin ilk 3 ayı ərzində Azərbaycanda 327,37 min manatlıq həftədə dörd dəfədən az olmayaraq …