Tanınmış yazıçı, şair-dramaturq Seyran Səxavət “Xəzər TV”ni boykot edib. Bu barədə o, sosial şəbəkə hesabında video paylaşıb. Seyran Səxavət noyabrın 3-də telekanalın “İncə səhər” verilişində qonaq olarkən çıxışının bəzi hissələrinin efirdən kəsilməsinə etiraz edib.
Yazıçı Murad Dadaşovdan məsələyə aydınlıq gətirməsini tələb edib: “Ayın 3-də səhər saat 10-da “İncə səhər” verilişində qonaq kimi çıxış etdim. Oradakı texniki işçilər də mənim dediklərimi alqışlayırdılar. Dövlətin rəsmi statistikasının verdiyi məlumatı mən orada deyirəm, onu kəsirlər. Niyə kəsirlər? Başa düşmədim. Mən sənin də, “Xəzər”də işləyənlərin də hamısının xətrini çox istəyirəm. Amma sözün, həqiqətin xətrini sizin hamınızdan çox istəyirəm. Ona görə də sənə öz narazılığımı bildirirəm. İndi nə tədbir görərsən, görməzsən, özün bilərsən. Məni tanıyan, məni sevən yüz minlərlə oxucumu “Xəzər TV”nin “İncə səhər” verilişini boykot etməyə çağırıram. Baxmasın heç kəs ona. Mənim 81 yaşım var, mənim redaktə olunan vaxtım deyil. Mən bu saat cəmiyyəti redaktə edirəm. Mən bu saat dünyanı redaktə edirəm. “Xəzər TV”nin hansısa redaktoru məni redaktə edir. Mən lazım olanda dünyanı, Azərbaycanı, öz əhatəmi redaktə edirəm, bunlar isə məni redaktə edirlər”.
Kim haqlıdır?
Professor Qulu Məhərrəmli Musavat.com-a qeyd edib ki, bu məsələdə həm danışan şəxsin, həm də çıxışa görə məsuliyyət daşıyan telekanalın hüquqları nəzərə alınmalıdır: “Çox hörmət etdiyim yazıçımız Seyran Səxavətin etirazını dinləmişəm və hesab edirəm ki, burada iki ciddi və həssas məqam var: birincisi, cəmiyyətdə tanınan, görkəmli şəxslərin televiziya çıxışlarına və ya mətbuatda dərc olunan yazılarına redaktə baxımından münasibət məsələsidir; ikincisi isə həmin çıxışı yayımlayan telekanalın, media qurumunun yanaşması və ilk növbədə məsuliyyət məsələsidir”.
Qulu Məhərrəmlinin fikrincə, bu iki məqamı nəzərdən keçirərkən, tərəflərin mövcud hüquqlarını etiraf etməklə yanaşı, daha çox məzmun və onu auditoriyaya çatdıran kanalın məsuliyyəti məsələsinə də diqqət yetirməliyik:
“Məzmunu və onu çatdıran qurumun məsuliyyətini müzakirə edərkən həm çıxış edən şəxsin hüququnu, həm də həmin çıxışa görə məsuliyyət daşıyan kanalın hüquqlarını tanımalıyıq. Hesab edirəm ki, hər hansı çıxışda və ya mətndə ixtisar aparmaq telekanalın, media qurumunun hüququdur və bunu inkar edə bilmərik. Amma konteksti dəqiq bilmədiyim üçün orada hansı məqamın kəsildiyini, nəyin ixtisar olunduğunu deyə bilmərəm".
Qulu Məhərrəmli Seyran Səxavətin hər hansı verilişi boykot etməyə çağırışını da düzgün hesab etmədiyini vurğulayıb: “Şəxsən Seyran müəllimə tövsiyə edərdim ki, gələcəkdə televiziya proqramlarına qatılarkən canlı yayımlara üstünlük versin. Belə olduqda onun çıxışını sonradan ixtisar etmək mümkün olmaz. Digər tərəfdən, hörmətli yazıçımızın hər hansı verilişi boykot etməyə çağırışını da məqbul hesab etmirəm. Çünki ümumiyyətlə, bu, etik yanaşma deyil. Seyran müəllim demokratik düşüncəli insandır. Lakin çıxışının ixtisar olunmasından incik düşərək bir verilişi və ya media qurumunu boykot etməyə çağırış etməsini düzgün hesab etmirəm. Burada digər həssas məqam ondan ibarətdir ki, Seyran Səxavət kimi tanınmış, cəmiyyətin önündə olan şəxslərin materiallarına və çıxışlarına münasibətdə xüsusilə diqqətli davranılmalıdır. Onların fikirləri ixtisar edilərkən və çıxışları redaktə olunarkən həssas yanaşma nümayiş etdirilməlidir. İnanmıram ki, Seyran Səxavət hər hansı efirdə, xüsusilə də canlı yayımda zərərli çağırış etsin və ya hər hansı faktı təhrif etsin. Çünki o, sözünün dəyərini bilən, fikrini ifadə etməyi hər kəsdən yaxşı bacaran insandır. Şəxsən arzulamazdım ki, belə böyük bir yazıçı ilə telekanal arasında bu cür münaqişə yaransın və nəticədə əlavə söz-söhbət meydana çıxsın. Bütün hallarda dünya dağılmayıb. Hesab edirəm ki, biz Seyran Səxavəti yenidən Xəzər TV-nin ekranlarında görə biləcəyik”.
Məsələ ilə bağlı Xəzər TV-nin də mövqeyini öyrənməyə çalışdıq. Qurumdan sorğumuza yaxın zamanda cavab veriləcəyi bildirildi.