Sosial şəbəkədə biz:

Rəqəmsal nəzarət, yoxsa statistik araşdırma? Yeni qərar nə deməkdir?

Rəqəmsal nəzarət, yoxsa statistik araşdırma? Yeni qərar nə deməkdir?
Xəbər Şəkli
06 November 2026, 16:04
Gündəm

Azərbaycanda mənzillərdəki elektron cihazlar qeydiyyata alınacaq.

Bildirilir ki, ev təsərrüfatlarının uçotu zamanı mənzillərdəki kompüter və digər elektron cihazların sayı, eləcə də internetə çıxış imkanları barədə məlumatlar toplanacaq.

Həmçinin internetə çıxışın hansı üsulla təmin olunduğu da göstəriləcək. Provayderlərdən çəkilmiş telefon, kabel televiziyası və ya optik kabel vasitəsilə internetə qoşulan evlərdə “sabit çıxış”, mobil telefon, data kart və USB modem vasitəsilə qoşulan evlərdə isə “simsiz çıxış” qeydi aparılacaqlar.

Qeyd edilənlər 2027-ci il yanvarın 1-dən tətbiq olunacaq.

Bəs bu qərar əslində nə deməkdir?

Loru dildə desək, dövlət 2027-ci il yanvarın 1-dən evlərimizdə hansı elektron cihazların olduğunu və internetdən necə istifadə etdiyimizi daha dəqiq öyrənmək istəyir.

Yəni evə gəlib baxış keçirəndə və ya ev təsərrüfatı ilə bağlı məlumat toplayanda soruşa bilərlər ki, evdə neçə kompüter var, internetdən istifadə edirsinizmi, internetiniz necədir, hansı avadanlıqla qoşulursunuz?

Məsələn, evdə 2 kompüter, 3 smartfon, 1 televizor varsa, internet də optik kabellə gəlirsə, bu məlumatlar statistik uçota daxil edilə bilər.

Burada əsas məsələ internetin hansı yolla gəldiyidir:

Evə provayder kabel çəkibsə – sabit internet.

Telefonda mobil internet istifadə edirsinizsə – simsiz internet.

USB modem və ya data kartla qoşulursunuzsa – yenə simsiz internet.

Bəs bu nə üçündür?

Rəsmi məntiq baxımından məqsəd ölkədə rəqəmsallaşma səviyyəsini, internetə çıxışı, kompüter və digər elektron cihazların evlər üzrə yayılmasını öyrənməkdir. Yəni dövlət bilmək istəyir ki, hansı evdə hansı texnoloji imkanlar var.

Amma burada insanları narahat edən başqa məsələ də var.

Dövlətin evdə neçə kompüter olduğunu və internetin hansı üsulla təmin edildiyini bilməsi bir şeydir, həmin cihazların içində nə etdiyimizi, hansı saytlara girdiyimizi, kiminlə yazışdığımızı izləməsi isə tamam başqa şeydir.

Bu xəbərdə yazılanlar hələ şəxsi yazışmaların, telefonların və kompüterlərin izlənilməsi demək deyil.

Sadəcə cihazların sayı və internetə çıxış üsulu barədə məlumatların toplanmasından danışılır.

Məncə, burada əsas sual budur ki, toplanan məlumatlar harada saxlanılacaq, kimlərin çıxışı olacaq və vətəndaşın şəxsi həyatının toxunulmazlığı necə qorunacaq?

Çünki texnologiya inkişaf etdikcə dövlətin məlumat əldə etmək imkanları da artır.

Amma vətəndaşın evi onun şəxsi məkanıdır.

Dövlət statistika aparmaq istəyirsə, bu başadüşüləndir. Ancaq statistika adı ilə şəxsi həyata müdaxiləyə yol verilməməlidir.

Qısası, məsələ evdə kompüter saymaqdan çox, toplanan məlumatların hansı məqsədlə və hansı sərhədlərdə istifadə olunacağıdır. gununsesi.info