İqtisadçı Natiq Cəfərli hökumətin son 5-6 ildə yürütdüyü iqtisadi siyasəti tənqid edib.
O bildirib ki, hökumətin əsas hədəfi iqtisadi aktivliyi artırmaq əvəzinə, hansı yolla olursa-olsun, büdcəyə daha çox vəsait cəlb etməkdir.
Natiq Cəfərlinin sözlərinə görə, bu yanaşma uzun müddətdir iqtisadi aktivliyin zəifləməsinə səbəb olur.
İqtisadçı hesab edir ki, büdcənin dolması məqsəd deyil, iqtisadi aktivliyin artırılması əsas prioritet olmalıdır.
Onun fikrincə, bütün iqtisadi qərarlar bu istiqamətdə qəbul edilməli, büdcə gəlirlərinin artması isə həmin siyasətin nəticəsi kimi ortaya çıxmalıdır.
Cəfərli bu yanlış yanaşmanın nümunəsi kimi 2027-ci ildən şirinləşdirilmiş mineral və qazlı içkilərin, eləcə də çipsilərin aksizli mallar siyahısına daxil edilməsini göstərib.
O bildirib ki, həmin məhsullara aksiz vergisinin tətbiqi qiymət artımına səbəb olacaq. Qiymətlərin yüksəlməsi isə istehlakın, istehlakın azalması istehsalın, istehsalın azalması isə ümumilikdə iqtisadi fəaliyyətin zəifləməsi ilə nəticələnə bilər.
“Büdcənin dolması MƏQSƏD ola bilməz, əsas hədəf iqtisadi aktivliyin artırılması olmalı, bütün qərarlar bu məqsədə çatmaq üçün alınmalıdır. Bu zaman məqsəd deyil də, NƏTİCƏ olaraq zatən büdcəyə daxil olan vəsait artacaq”, – deyə Natiq Cəfərli vurğulayıb.
İqtisadçı əlavə edib ki, iqtisadi siyasətin mahiyyəti büdcəyə daha çox vergi toplamaq deyil, iqtisadiyyatın böyüməsi üçün əlverişli şərait yaratmaq olmalıdır.