Sosial şəbəkədə biz:

O filmin davamı çəkilərsə... – Şeyx Əbdüldən SƏRT etiraz

O filmin davamı çəkilərsə... – Şeyx Əbdüldən SƏRT etiraz
Xəbər Şəkli
04 November 2026, 16:37
Mədəniyyət

Xalq artisti Leyla Şıxlinskaya “Gün keçdi” filminin davamının çəkilməsini istəyir. Aktrisa bu barədə “Qonaqcanlı” verilişində danışıb.

O, “Bu gün də keçdi” adlı qısametrajlı ekran əsərinin lentə alınmasını arzuladığını bildirib: “Mən istərdim ki, “Bu gün də keçdi” adlı qısa film çəksinlər. “Gün keçdi” filmindən kadrları götürək. Orada “Oqtay” obrazına da heç gərək yoxdur. Amma hələlik bununla bağlı bir cavab yoxdur. Bunun üçün də pul lazımdır”.

Qeyd edək ki, “Gün keçdi” filmində Leyla Şıxlinskaya "Əsmər", Həsən Məmmədov isə "Oqtay" obrazını canlandırıb.

Belə bir təklif, ideya nə dərəcədə cəlbedici və reallaşa biləndir? Təcrübə nə deyir, ənənə varmı? Kinematoqrafda belə faktlar nə qədərdir və nəticələr uğurludurmu?

Mövzu ilə bağlı Xalq artisti, kinorejissor Şeyx Əbdül Mahmudov Musavat.com-a danışıb.

Kinorejissor hesab edir ki, “Gün keçdi” filminin davamını çəkmək məqsədəuyğun deyil. Onun sözlərinə görə, ekran əsərinin əsas psixoloji yükü Həsən Məmmədovun yaratdığı Oqtay obrazının üzərində qurulub və bu obrazın filmdən çıxarılması bütövlükdə əsərin mahiyyətini dəyişəcək:

"Ümumiyyətlə, “Gün keçdi” kimi klassik bir filmin davamını çəkmək nə dərəcədə doğrudur? Bu əsərin ruhunu, yaratdığı emosional atmosferi yenidən canlandırmaq mümkündürmü? Bəs Həsən Məmmədovun olmadığı, Arif Babayevin quruluş vermədiyi bir ekran əsəri əvvəlki filmin davamı adını daşıya bilərmi? Fikrimcə, əlbəttə ki, yox.

O filminin əsas psixoloji yükü Həsən Məmmədovun yaratdığı Oqtay obrazının üzərində qurulub. Bu obrazı filmdən çıxarmaq isə əslində, əsərin özəyini dəyişmək deməkdir. Bəs Həsən Məmmədov kimi ikinci bir aktyor tapmaq mümkündürmü? Leyla xanım da həmin vaxt gənc idi, amma filmin əsas psixoloji yükü Həsən Məmmədovun üzərindədir. Onun ustadı da rəhmətlik Arif Babayev idi.

Leyla Şıxlinskaya deyir ki, filmdə Oqtay obrazı olmasın, tamamilə çıxarılsın. Amma Oqtay obrazı olmayacaqsa, onda bu, artıq başqa film olacaq. “Gün keçdi”ni nə ilə davam etdirəcəklər? Leyla xanım artıq yaşlı qadındır, 80 yaşına yaxınlaşır. Onu hansı obrazda təqdim edəcəklər? Gənc qız kimi, yoxsa "babuşka" kimi? Bu halda yeni ssenari yazılmalı, tamam başqa süjet qurulmalıdır. Məsələn, Oqtay öldürülməli, Leyla xanım onun qəbrini ziyarət etməli, xatirələr yada salınmalıdır. Bəs bütün bunlara nə ehtiyac var?

Elə klassik əsərlər var ki, onlara toxunmaq olmaz. Mən belə düşünürəm. Çünki əsərin bütün ruhu onu yaradan rejissordan asılıdır. Həmin ruhu yenidən yaratmaq, təkrarlamaq mümkün deyil. Hər şeyi təkrar etmək olar, hətta zəif sənət nümunəsini də. Amma əsl sənətin ruhunu təkrarlamaq mümkün deyil. Leyla xanımın arzusunu başa düşürəm. Onun bugünkü yaşlı dövrünü xatirələr üzərində qurmaq, keçmişin kadrlarını paralel montajla təqdim etmək olar. Amma sual yaranır: bu, tamaşaçıya nə verəcək? Yeni film bizə nəyi göstərəcək, hansı yeniliyi gətirəcək? Sadəcə, keçmiş filmin kadrlarını yenidən təqdim etməklə yeni ekran əsəri yaratmaq mümkündürmü?

Məsələn, Ceyhun Mirzəyevin “Ögey ana” filmindən sonra “Fəryad” filmində çəkilməsi ilə tamam başqa vəziyyət var. “Fəryad”da hadisə, dramaturgiya, müharibə mövzusu, erməni obrazı, xarakter və xəyanət motivi var. Mənfi obrazlar çox vaxt kinoda daha yaddaqalan olur. Elə buna görə də böyük aktyorların bir çoxu mənfi rollar oynamağa çalışıblar ki, tamaşaçıların yaddaşında iz buraxsınlar.

“Gün keçdi” isə tamam başqa fəlsəfəyə malik filmdir. Burada hadisə psixoloji xarakter daşıyır. İki insanın xəyallarında yaşatdığı, itirdiyi və artıq bərpası mümkün olmayan məhəbbətdən bəhs edilir. Bu, xatirələrdə yaşayan, gerçək həyata qaytarılması mümkün olmayan bir sevgidir. Filmdəki aeroport epizodu da xüsusi məna daşıyır. Rəhmətlik Yusif Səmədoğlu filmə baxdıqdan sonra Arif Babayevi qucaqlayıb ona yüksək qiymət vermişdi. Aeroportun özü belə filmdə ayrıca bir obraz təsiri bağışlayır. Təyyarələrin gəlişi və gedişi, trapların göstərilməsi, insanların bir-birindən ayrılması – bütün bunlar filmin emosional yükünü yaradır. Aeroport həm də ayrılığın, itirilmiş fürsətlərin və xatirələrin rəmzidir.

Bütün bunları yenidən yaratmaq üçün həmin enerji, gənclik, yaradıcılıq həvəsi lazımdır. Həsən Məmmədov olmayacaqsa, filmin əsas dayaqlarından biri də olmayacaq. Arif Babayevin rejissor işi də təkrarlanmayacaq. Belə olan halda ortaya çıxacaq ekran əsəri əvvəlki “Gün keçdi” ilə eyni ruhu daşıya bilməz. Üstəlik, bizdə həmin janrda, həmin mövzuda Arif Babayevin yaratdığı sənət nümunəsini eyni səviyyədə davam etdirə biləcək rejissorun olduğunu da düşünmürəm".