AYB-nin növbəti sədri kim olacaq?
“Növbəti qurultay gələn ilin payızına nəzərdə tutulub. Kimlərin namizədliyini irəli sürəcəyini bilmirəm. Anar Rzayev son qurultayda namizəd olmayacağını deyib, lakin məndən olsa, istəyərəm ki, yenə də namizəd kimi iştirak etsin. İstənilən halda öz seçimidir, onun yerinə heç nə deyə bilmərəm”.
Bu sözləri “Yeni Sabah”a yazıçı-dramaturq Elçin Hüseynbəyli deyib.
Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi qurum sədrliyinə namizədlik haqqında düşünmədiyini bildirib:
“AYB-də sədrlik potensialı olan kifayət qədər katib var. Düşünürəm ki, onlardan biri seçiləcək. Mən isə bu barədə heç nə düşünmürəm. Rəhbərin kim seçiləcəyi də şəraitdən və vəziyyətdən asılıdır. Kimin şansı çox olacaqsa, dəstəyimizi ona verəcəyik”.
E. Hüseynbəyli üzvlük haqqı ödəməyən yazıçıların birlikdən kənarlaşdırılmasına da münasibət bildirib.
Xatırladaq ki, AYB-nin sözçüsü Xəyal Rza onların 30 nəfər olduğunu bildirib.
“2021-ci ildə qərar verdik və 2020-ci il də daxil olamaqla, bütün borcları sıfırladıq. Lakin yenə də ödənişi etmədilər. Doğrudur, dövlət bizi maliyyələşdirir, dəstək verir, amma yenə də üzvlərimiz məsuliyyətli olub ödənişləri verməlidirlər. İllik 15 manat elə də böyük məbləğ deyil.
Anar Rzayev də bu barədə açıqlama verərək bildirmişdi ki, hərə gəlib bir şey istəyir, ancaq 15 manatı ödəmir. Halbuki bütün günü taksilərdə gəzir, restoranlarda yeyib-içirlər. Amma üzvlük haqqını ödəməyə qıymırlar.
Düşünürəm ki, hamı üzərinə düşən vəzifəni yerinə yetirməlidir. Həmin adamlara da fərdi şəkildə xəbərdarlıq etmişdik. Diqqətə çatdırmışdıq ki, məsələn, 4 ildir ödəniş etmirsinizə, 3 aydan bir 15 manat ödəməyiniz kifayətdir.
Heç kəsdən ödənişi birdəfəlik etməyini tələb etməmişik. Lakin yenə də bəziləri ödənişi etmək istəmədi. Bu, onların şəxsi düşüncəsidir. AYB-yə könüllü üzv olublar, könüllü olaraq da çıxa bilərlər. Ödənişi etməyənlər sadəcə AYB-yə hörmət qoymurlar. Hörmət etmirsinizsə, birliyi də tərk etməyiniz daha məqsəduyğundur.
Hər kəs bilir ki, AYB insanlara şeir və ya roman yazmağı öyrətmir. Quruma üzv olmayan çox sayda yazıçı və şair var və əksəri istedadlıdır".
Elçin Hüseynbəyli akademik Nizami Cəfərovun səsləndirdiyi “yazıçı kitabını küçədə satmamalıdır” fikrlərinə də aydınlıq gətirib:
“Nizami Cəfərov bu fikirləri heç kəsə ünvanlamamışdı. O bu fikirləri səsləndirərkən fundamental düşüncələrə əsaslanmışdı. Bu da o deməkdir ki, yazıçı əsərini çap üçün ilkin olaraq nəşriyyata verməlidir. Nəşriyyat da öz növbəsində müəllif ilə müqavilə bağlamalı və ona müəyyən məbləğdə qonarar verməlidir.
Eyni zamanda, kitabın satışı ilə yazıçı yox, nəşriyyat məşğul olmalıdır. Yazıçının küçədə kitab satması bir insanın evdə peraşki bişirib, metronun qabağında onu satmasına bənzəyir. Nizami Cəfərov bütün bu fikirləri yazıçının xeyrinə səsləndirib. Yazıçı öz kitabını satmağa vadar olmamlıdır. Əksinə, o, sağ olsun ki, gözəl romanlarını, kitablarını yazır. Mən də heç vaxt istəmərəm ki, yazıçı öz kitablarını satmaqla məşğul olsun. Amma yenə də heç kəsi qınamıram”.