Sosial şəbəkədə biz:
Azərbaycan dövlətini elə Heydər Əliyev yaradıb - HÜQUQŞÜNAS
Xəbər Şəkli

Azərbaycan dövlətini elə Heydər Əliyev yaradıb - HÜQUQŞÜNAS

10 May 2026, 10:13
Gündəm

Nə vaxtsa Azərbaycanda iqtidar dəyişəndə ən böyük haqsızlığa Heydər Əliyev məruz qalacaq. Necə ki, 80-ci illərin sonu – 90-cı illərin əvvəlində məruz qalmışdı. Və yenə də keçmiş iqtidarın dövründə mənsəb və sərvət sahibi olmuşlar ən çox canfənanlıq edəcəklər. Növbəti konyukturaçı ziyad səmədzadələr... Hansılar ki, hazırda Heydər Əliyevə sədaqətlərini bəyan edirlər...

Bunu haradan bilirəm? İki mənbədən: 1) tarix; 2) indiki mənsəb sahiblərinin əksəriyyətinin əqidəsi (əqidəsizliyi).

Bilmirəm, o zaman sağ olacağam, ya yox. Amma dəqiqi odur ki, 1992-ci ildən bu yana Heydər Əliyev haqda hansı mövqedə olmuşamsa, o mövqedə də qalacağam. Bu mövqeni nə onun hakimiyyəti dövründəki əyintilər, nə də xüsusilə ondan sonrakı dövrdəki özbaşınalıqlar dəyişə bilməz. O cümlədən bundan sonrakı iqtisadi tənəzzül də...

Niyə?

Ona görə ki, müstəqil Azərbaycan dövlətinin varlığı məhz Heydər Əliyevin fəaliyyətinin nəticəsidir. Təəssüf ki, hazırda heç bir sahəmizdə normal rəqabət olmadığı üçün bu cür fikirlər hökumət təbliğatına bənzəyir. Söz azadlığı, müzakirə olmayan yerdə insanlar həqiqətə də şübhə ilə yanaşır.

Həqiqət isə budur ki, bəli, 1993-cü ildə Heydər Əliyev olmasaydı, indi Fələstinin günündə olacaqdıq. Məhz onun dövlət quruculuğu sayəsində yekunda torpaqlarımızı da qaytardıq. Həmçinin onun uğurlu neft strategiyası əsnasında. Sadəcə təəssüf ki, o özü heç olmasa 10 il də yaşamadı ki, ölkəyə daxil olan vəsaitdən səmərəli istifadə edərək daha firavan Azərbaycanı qura bilsin. Oğlunun ürəyiaçıqlığından sui-istifadə edənlər isə buna imkan vermədi. Əvvəlcə Ramiz Mehdiyev kimilər, sonra isə indi də meydanda at oynadan qlamur gədələr... 

Əsas həqiqət isə budur ki, Azərbaycan dövlətini elə Heydər Əliyev yaradıb. Özümüzü aldatmayaq. Bizim Azərbaycan kimi dövlətçilik tariximiz demək olar ki, yoxdur. Əvvəllər nə olubsa, İran tarixinin tərkibi olub. Qismən Şirvanşahlar dövlətini sələfimiz hesab edə bilərik. Amma Rusiya bizi işğal etməsəydi, heç bir Azərbaycan dövləti də olmayacaqdı. Tarixdə belə şeylər olur. Biz yalnız Rusiyanın tərkibində özümüzü əlahiddə millət kimi hiss etdik. Lakin 1918-1920-ci illərdəki dövlət qısamüddətli və faktiki suveren olmayan bir qurum idi (bu onun əhəmiyyətini azaltmır əlbəttə). Sonra yenə bəxtimiz gətird iki, SSRİ respublikaların elmi və mədəni inkişafına şərait yaratdı və nəticədə millət kimi tam formalaşdıq. Belə bir anda da Heydər Əliyev kimi rəhbərimiz oldu və məhz onun sayəsində 90-cı illərdə dağılmadıq, məhv olmadıq.

Bəli, dövlətçiliyi qorumaq üçün o, xeyli sərt addımlar atdı. Başqa cür mümkün deyildi. Başqa cür dövlət qurulmur. Bəli, əyintilər də var idi. Xüsusilə korrupsiya məsələsində (bunun da izahı var əslində, sadəcə başqa və böyük mövzunun predmetidir). Ömrünün 8-ci onilliyinə qədəm qoymuş bir nəfərin enerjisi və işzgüzarlığı nə qədər yüksək olsa da, hər yerə əli çatmırdı. Ətrafında da hərəsi bir xarici qüvvəyə işləyən çaqqallar. Amma hər bir halda onun dövründə hər sahədə imkan daxilində rəqabət var idi: siyasi sahədə də, iqtisadi sahədə də, mətbuatda da və s. Çünki o bilirdi ki, rəqabət inkişafın əsasıdır.

Buna görə də kim nə deyir desin (indi də, sonra da), dövlətçiliyimizə görə Allahdan sonra ona borcluyuq. Təki Allah dövlətçiliyimizi qorusun, əvvəl-axır onun rolu öz layiqli qiymətini alacaq. Məni yandıran yalnız odur ki, ona qədər müəyyən dövrdə Heydər Əliyev xüsusilə indiki mənsəb sahibi olan fürsətçilərin əməllərinə görə də “cavab verməli” olacaq. Və elə həmin gözləri doymayan fürsətçilər də onu ilk ittiham edənlər sırasında olacaq. O cümlədən xaricdən, harada ki, özlərinə xeyli mal-mülk əldə ediblər... Elə indi də əksəriyyəti öz yararsızlığını “Mən nə edim, sistem belədir” deyərək məsuliyyətdən yayınmağa çalışır. Xeyr, Heyrdər Əliyev bizə belə sistem qoyub getməmişdi, sizlər ölkəni pis gününə qoyursuz. Hətta məğlub Ermənistana da iqtisadi rəqabəti uduzuruq artıq...

Nə isə... Allah rəhmət eləsin...

P.S. Bəzi sualları qabaqlayaraq bildirirəm ki, özüm heç vaxt siyasətçi olmaq və dövlət vəzifəsi tutmaq arzusunda olmamışam. YAP-ın əsas yaradıcı olmuş Sirus Təbrizli məni hələ 1992-ci ildə və sonra YAP-ın gənclər qurumuna dəvət edirdi, amma getmədim. 1998-1999-cu ildə Təhsil naziri yanında Tələbə Şurasının sədri olanda da məni israrla YAP üzvü olmağa dəvət edirdilər. Getmədim və mövqeyimi də səmimi əsaslandırdım: hakim olmaq istəyirəm, buna görə də siyasi bitərəfəm. Təsəvvür edirsiniz: Heydər Əliyevin dövründə ölkənin Tələbə Şurasının sədri YAP üzvü deyildi və bu, normal qarşılanırdı... Düzdür, yekunda hakim də olmadım. Çünki cari şəraitdə ədalətli hakim olmaq mümkün deyil. Heç vəkil kimi də normal fəaliyyət göstərə bilmirəmsə, necə hakim olum?..

Əkrəm Həsənov, hüquqşünas