Sosial şəbəkədə biz:
Xalq artisti: "Hansısa harınlamış ad gününə aktyoru çağırır ki, onu əyləndirsin"
Xəbər Şəkli

Xalq artisti: "Hansısa harınlamış ad gününə aktyoru çağırır ki, onu əyləndirsin"

30 April 2026, 15:37
Mədəniyyət

"Süni intellekti yaradanlara öz təşəkkürümü bildirirəm. Onlar sanki bizim damarımızı, nostalji hisslərimizi, zamanın nəbzini tutmağı bacarırlar. Sanki hiss edirlər ki, biz sənətkarlar o dövrün, o zamanın hissləri ilə yaşayırıq. Mənim bir neçə rollarımı süni intellekt vasitəsilə hazırlayıblar. Mirmehdi Seyidzadənin hazırladığı süni intellekt materiallarını çox bəyənirəm. O, məşhur sənətkarların rollarını onların bugünkü görünüşləri ilə qarşılaşdırır. Bu günlərdə Söylü ilə Afaqı üz-üzə gətirmişdi. Mənə o qədər təsir etdi ki... Həmin obrazımı həqiqətən də qucaqlayıb öpərəm. O, mənim ürəyimdən xəbər verir. Heyf ki, məndə onun əlaqə nömrəsi yoxdur, yoxsa ona öz təşəkkürümü bildirərdim. Mən o oğlanı tapmaq istərdim".

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Afaq Bəşirqızı deyib: 

"Əgər biz bu dəqiqə qışqırırıqsa kino yoxdur, çəkilişlər getmir, filan-peşməkan... Süni intellektlə bu ənənənin bir hissəsini yaşatmaq mümkündürsə niyə də olmasın?! Bu günlərdə süni intellekt vasitəsilə Milli Qəhrəman Natiq Qasımov haqda film ərsəyə gətiriləcək. Dilarə Əliyeva burada əsas rollardan birini oynayır. Çünki bu, Dilarə Əliyevanın təşəbbüsüdür. Bundan başqa Laçın alayının əfsanəvi döyüşçülərindən biri "Cin Mübariz" haqqında da süni intellektlə film ərsəyə gətiriləcək. Bütün bunlar gələcək nəsillərə bu günümüzü tanıtmaq üçündür. Biz nəyin bahasına torpaqlarımızı azad etdik, nəyin bahasına çörəyə çatdıq, nəyin bahasına dövlətin quruculuğunu möhkəmləndirdik və bu vətənə görə kimlərin canı fəda oldu, bunu bizim gələcək nəsil mütləq bilməlidir. Mən süni intellektin tərəfdarıyam. Əvvəl qəbul etmirdim, deyirdim ki, necə yəni insan qala-qala süni intellekt iş görür?! Zaman elə sürətlə gedir ki, bunu gözləmək olmaz. Bu çox gözəl təşəbbüsdür".

Afaq Bəşirqızı məşhur obrazlarının sonrakı taleyini ekranlaşdırmaq istədiyini bildirib:

"Nostalji hisslər həmişə əziz olur. Yəni o insan düşünür ki, mən bunu etmişəm, bunu çəkmişəm. Məhz bu günlə uzlaşmağı daha gözəl olar. Yəni həyatdakı Afaqla oynadığı rolu qarşı-qarşıya gətirmək, onların görüşməyi çox gözəl olardı. İstərdim ki, oynadıqlarımın Suğrası da, Söylüsü də, Bircəxanımı da, Darçınbəyimi də həyatda mənimlə müəyyən yerlərdə görüşsünlər. Məsələn, Söylü biri ilə oturub dərdləşir, digəri ilə qeybət edir, Suğranın hörükləri kiminsə gözünə dəyir... Bu gün əsas olan rejissor işi və aktyor oyunudur. Burada artıq tormozlanma gedir. Bizim çox istedadlı aktyorlarımız var. Sadəcə onlar yerində deyillər. Onlar dolanışıq, bir parça çörəkdən ötrü düşüblər verilişlərə, toylara, ad günlərinə. Hansısa harınlamışın ad günüdür, axşam çağırırlar restorana ki, onu əyləndirsin. Onlar fitri istedadlı uşaqlardır. Büllurdurlar, brilyantdırlar. Danışmağa söz çoxdur, adamın ürəyi ağrıyır".