Sosial şəbəkədə biz:
“Müharibənin sonuna yaxınlaşırıq” – Fiko Zelenskinin mesajını Putinə çatdıracaq
Xəbər Şəkli

“Müharibənin sonuna yaxınlaşırıq” – Fiko Zelenskinin mesajını Putinə çatdıracaq

09 May 2026, 10:44
Dünya

Slovakiyanın Baş naziri Robert Fitso Moskvaya səfər edib. O, 9 May Qələbə Günü ərəfəsində Naməlum Əsgərin məzarı önünə əklil qoyub.

Fitsonun Rusiyaya uçuşu zamanı Polşa və Baltikyanı ölkələrin onun təyyarəsinə hava məkanından istifadə üçün icazə vermədiyi bildirilir. Nəticədə uçuş marşrutu Çexiya, Almaniya, İsveç və Finlandiya üzərindən razılaşdırılıb.

Moskavaya çatdıqdan sonra jurnalistlərə danışan Slovakiya hökumət başçısı Rusiya-Ukrayna müharibəsinin sonuna yaxınlaşıldığına inandığını bildirib. O qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin üçün əsas mesajı “dialoq” sözüdür.

“Danışıqlar masası arxasında oturub müzakirə aparmaq yüz dəfə daha yaxşıdır”, - deyə Fiko vurğulayıb.

Bununla belə, Slovakiya Baş naziri müharibənin sona yaxınlaşdığı barədə qənaətinin nəyə əsaslandığını açıqlamayıb. Maraqlıdır ki, o, cəmi bir neçə gün əvvəl tələbələrlə görüşündə Ukraynadakı münaqişənin yaxın zamanda başa çatacağına dair perspektiv görmədiyini demişdi.

Mayın 4-də İrəvanda Fiko ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş keçirilmişdi. Münasibətləri gərgin hesab olunan tərəflər görüşü müsbət qiymətləndiriblər.

Slovakiya Xarici İşlər Nazirliyinin məlumatına görə, Fitso Moskvada Putinə Zelenskinin “mesajını” çatdırmalıdır. Slovakiya XİN-in dövlət katibi Rastislav Xovanets bildirib ki, Fitso eyni zamanda Putindən müharibənin mümkün başa çatması ilə bağlı “dəyərli məlumat” da ala bilər.

Ukrayna Prezident Ofisinin müşaviri Dmitri Litvin isə təsdiqləyib ki, Zelenski ilə Fitso arasında Moskvaya səfər məsələsi müzakirə olunub. Onun sözlərinə görə, Zelenski Slovakiya Baş nazirinə Ukraynanın müharibənin başa çatmasında maraqlı olduğunu, bunun üçün “ləyaqətli qərarların” vacibliyini və Kiyevin liderlər səviyyəsində məzmunlu görüşlərə hazır olduğunu bildirib.

Robert Fitso bu il 9 May tədbirləri üçün Moskvaya gələn azsaylı xarici liderlərdən biridir. Slovakiya Baş naziri səfərinin Sovet əsgərlərinin nasizm üzərində qələbədə roluna ehtiram məqsədi daşıdığını bildirib. O, mayın 9-da keçiriləcək hərbi paradda iştirak etməyəcək. Fitso ötən il də Moskvaya oxşar formatda səfər etmişdi. AzPolitika.info