Cümə , Aprel 26 2024
Ana səhifə / Manşet / Sərvər Bəşirli ilə olimpia çempionu Elnur Məmmədlinin bənzərliyi

Sərvər Bəşirli ilə olimpia çempionu Elnur Məmmədlinin bənzərliyi

Türkiyədə baş verən zəlzələdən sonra, öz köhnə maşını ilə apardığı yardım mənzərəsilə məşhurlaşan Sərvər Bəşirlinin həmin vaxt etdiyi hərəkət təqdirəlayiqiydi.

Əslində həmin vaxt Sərvərin etdiyini bütün Azərbaycan edirdi. Yardım kampaniyasının aparıldığı ərazilərdə canlı müşahidə aparan şəxs kimi bundan da təsirli mərdlik mənzərlərinin şahidi oldum.

Sadəcə, Sərvərin mövzusu vaxtında ictimailəşdiyi üçün geniş rezonans doğurdu. Ondan sonra baş verənlər bir qədər təəccüblü görünür. Hansısa şirkət Sərvərə iş təklif edir, bir iş adamı ona maşın hədiyyə edir. Bir sözlə, Sərvərin üzərindən əməlli başlı piar gedir.

Bir şirkət deyib ki, Sərvərin evinin bütün elektrik avadanlıqları ilə pulsuz təmin etməyi öz üzrərinə götürür. Maraqlıdır ki, həmin şirkət Sərvər kimi 100-lərlə kasıbı divara dirəyib kredit borclarını tələb edir.

Heç bir sosial güzəşt kampaniyası həyata keçirmir. Məhkəmələrdə müşahidə aparsanız həmin şirkətlərin kasıb insanlara qarşı qaldırdıqları iddia tələblərindəki qəddarlığın dərəcəsi ilə yaxından tanış ola bilərsiniz.

Hətta Sərvərə hədiyyə edilən maşına nömrənin verilməsi hadisəsinindən belə, DYP özünü piar etdi. Nədi-nədi Sərvər köhnə maşınındakı nömrəsini ona veriblər, dövlət rüsumunu da DYP-nin özləri ödəyib. Bah, nə böyük iş görüblər…

Görəsən, Sərvər yox, başqa bir vətəndaş DYP-dən köhnə avtomobilinin nömrəsini özündə saxlamağı istəsə, ondan hansı məbləğdə rüşvət alarlar? Hamı bilir ki, DYP-nin nömrə verən idarəsində açıq bazardı.

Hətta 50 min manata belə maşın nömrəsi satırlar. Yəni görünən budur ki, kimin əlinə fürsət düşürsə, Sərvəri özü üçün piar alətinə çevirib. Bikin ki, bütün bu “xeyriyyəçiliklər” Sərvərin kasıb obrazına deyil, onun populyarlığına görə edilir.

Sərvərlə bağlı yaşananlar mənə vaxtı ilə cüdo üzrə olimpiya çempionu olmuş Elnur Məmmədlinin taleyini xatırlatdı. Elnur karyerasının ən parlaq vaxtında , 20 yaşında olimpiya çempionu oldu. Onun ən azı 3 dəfə də olimia çempionu olmaq kimi şansı varıydı. Çünki belə nümunələr çoxdu. Məsələn, rus güləşçisi Karelin 4, ağırlıq qaldıran Xəlil Mutlu isə 3 qat olimpiya çempionu olmağı bacardılar.

Ancaq biz nəyi müşahidə etdik? Kim özünü reklam etmək istədisə Elnura bahalı avtomobil və mənzil hədiyyə etdi. Vəziyyət o yerə çatdı ki, Elnur həmin maşınları satmaq üçün özünə avtisalon açdı.

Hansı nazir ölkə rəhbərliyinin gözünə girmək istədisə, onun çiyninə rütbə yapışdırdı. Nəticədə, 20 yaşlı idmançı kökəldi və döşəkdə əvvəlki Elnura yaraşmayan biabırçı nəticələr göstərməyə başladı.

Sonra da zədəsini bəhanə edib, ən cavan yaşında peşəkar idmandan qaçmalı oldu. Təbiidir ki, burada Elnurun özünün də günahı az deyil. İmkan verməməliydi ki, kimlərsə onun şöhrətinin hesabına özlərini reklam etməsin. Bir az da karyerasını puldan çox istəməliydi.

Əslində, kasıb Sərvər, əvvəllər məşqə getməyə pulu olmayan Elnurun bu taleyindən özü üçün lazımi nəticəni çıxarmalıdır. Bir də , bizdə xalq olaraq poulyarlığa meyl çoxdu. Çünki bu, həm də dolanışıq deməkdi. Əksər hallarda isə həmin popularlığı qazananlar onu xalqın xeyrinə deyil, şəxsi faydaları üçün istifadə edir.

Buna aid də bir misal çəkim. Mərhum Heydər Əliyevlə görüş şansını əldə edən şairlərimizdən biri evi ola-ola ondan mənzil istəmişdi. İstəyi təmin olunmuşdu. Həmin ziyalı ikinci dəfə də Heydər Əliyevlə görüşmək xoşbəxtçiliyini əldə edir. Bilirsiniz nə xahiş edir? Prezidentin ona hədiyyə etdiyi mənzilin təmirini. Halbuki həmin ziyalı heç olmasa ikinci görüşdə xalqın xeyrinə olan bir xahişi ilə böyük bir problemin həllinə nail ola bilərdi.

Sözüm Sərvər Bəşirliyədir. Qardaş, nə verirlərsə görür, ancaq imkan vermə ki, sənin üzərindən şoular qursunlar. Onda səni də Elnur Məmmədlinin uğursuzluğu gözləyə bilər. O, nəticə verə bilmədi, sənlə bağlı nə olacaqsa, onu indidən deyə bilmərəm…

Məhəmmədəli Qəribli
Azinforum.az

Həmçinin oxuyun

“Azərbaycanda narkotikin yayılmasını yuxarı səviyyədə himayə edirlər”

Elm və Təhsil Nazirliyinin tabeliyində olan Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Meydan TV-yə …