Cümə , Aprel 26 2024
Ana səhifə / Manşet / Elşən Həsənov: “Azərbaycanlıları zorakı, vəhşi qismində göstərmək üçün bütün bunlar kifayət deyilmi? “

Elşən Həsənov: “Azərbaycanlıları zorakı, vəhşi qismində göstərmək üçün bütün bunlar kifayət deyilmi? “

Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənovun Azinforum.az saytına verdiyi müsahibəni təqdim edirik:

– Elşən bəy, Avropanın bəzi ölkələrində, eləcə də ABŞ – da yaşayan həmyerlilərimizə qarşı ermənilərin zor tətbiq etməsinə cavab olaraq, Rusiyanın bəzi şəhərlərində yaşayan həmyerlilərimiz tərəfindən ermənilərin döyülməsi və bunun video formatda çəkilərək sosial şəbəklər vasitəsi ilə yayılması halı baş verir. Buna münasibətiniz necədir?

– Bəli, dediyiniz səhnələrin bəzilərinə tamaşa etmişəm və sözün açığı bu məndə qəzəb və ikrah hissi doğurub. Məncə erməni vəhşiliyinə zor deyil, ağılla cavab verilsəydi bu, daha effektiv olardı. Sizə digər bir faktı da xatırlatmaq istəyirəm. Sumqayıt hadisələrini törədərək bundan yararlanmaq, dünya ictimaiyyətinə azərbaycanlıları vəhşi, qaniçən obrazında təqdim etmək istəyən ermənilərin arzularına necə nail olduqları hamıya bəllidir. Bu, bir təxribat idi – erməni tərəfindən törədilmiş təxribat. Təəssüf ki, bu təxribata uyan, hadisələrə düzgün qiymət verməyi bacarmayan bir neçə vətəndaşımız bu hiyləyə uydu. Sonu isə hamımıza bəllidir.

– Deməyinizdən belə çıxır ki, bu tip materiallar təxribat qrupları tərəfindən hazırlanır?

– Yuxarıda qeyd etdiyim kimi təxribat xarici ölkələrin təlimatı əsasında planlı surətdə hərəkət edən, erməni millətinə mənsub şəxs – Eduard Qriqoryan tərəfindən törədilərək həyata keçirilmişdi. Əlbəttə ki, o özünü azərbaycanlı olaraq təqdim etmiş, ətrafına bir neçə azərbaycanlını da toplayaraq cinayət əməlinin törədilməsinə bilavasitə rəhbərlik etmişdi. İndiki halda hadisələr arasında paralellər aparsaq, oxşar ssenarinin tətbiq edilməsinin şahidi olarıq. Azərbaycanlıları zorakı, vəhşi qismində göstərmək üçün bütün bunlar kifayət deyilmi? Rusiya, eləcə də Qərb KİV – lərinin bundan necə məharətlə istifadə edəcəyi aydın deyilmi?

– İşin qəribəliyi ondadır ki, materiallar həm iqtidara mənsubluğu, həm də müxalifətə mənsubluğu ilə fərqlənən, tərəfləri təmsil edən şəxslər tərəfindən də tirajlanmaqdadır.

– Mən hər iki tərəfin hiddətini, baş verən hadisələrə münasibətini başa düşürəm. Başa düşmədiyim bir neçə məsələ var – Hiddəti və yaxud münasibəti bu yolla bildirmək kimə və nəyə lazım idi?

– Vəziyyətin ən həssas məqamında təxribata çəkilərək faktiki cinayət əməlinin iştirakçısına çevrilmək, düşünmədən Azərbaycan adına, millət adına oynanılan oyunda məsuliyyətsiz addımlar atmaq bu qədərmi vacib idi?

– İstər müxalif, istərsə də iqtidar düşərgəsi tərəfindən özündə zorakılığı təbliğ edən, əslində isə Azərbayca adına ləkə olan materialların paylaşılmasında iştirak edən yoldaşlara isə mənim deməyə sözüm yoxdur. Bu zamandan etibarən onların ictimai – siyasi həyatda oynadıqları rola şübhə ilə yanaşıram. Vəziyyəti siyasi təhlil etmədən, emosiyalara qapılan adamlara, siyasətdə yer ola bilməz. Kütlə psixologiyasını siyasi arenaya daşımağın özü fəlakətə yol aça bilər.

– Artıq bütün bunlar baş verib. Vəziyyətdən çıxış yolu olaraq nə kimi təkliflər verə bilərsiniz? Ümumiyyətlə vəziyyətdən çıxış yolu varmı?

– Əlbəttə ki, hər bir vəiyyətdən çıxış yolu var. Düşündüyüm qədər indiki halda bütün bunların, vəziyyətin gərginləşməsində marağı olan xarici ölkə xüsusi xidmət orqanlarının planı və sifarişi əsasında baş verdiyi barədə rəsmi açıqlama verilməlidir. Bundan əlavə, təcili olaraq baş verən hadisələrə siyasi partiyaların birlikdə münasibəti ortaya qoyulmalı və xüsusi sənəd hazırlanaraq ictimaiyyətə və xarici ölkə nümayəndəliklərinə təqdim edilməlidir. Təəssüf edirəm ki, təbliğati cəhətdən dünənə qədər bir addım irəlidə olan Azərbaycanı, düşünülmədən və ya təxribat yolu ilə atılmış addımla iki addım geri çəkdilər. Axı istər Avropada, istərsə də ABŞ-ın özündə həmyerlilərimizə qarşı baş vermiş zorakılığı əks etdirən materialları böyük müvəffəqiyyətlə tərtib edib istər o ölkələrin KİV – lərinə, istərsə də hüquq – mühafizə orqanlarına təqdim edərək uğurlu nəticə əldə etmək olardı.

Çinarə SEYİDOVA,

Azinforum.az

Həmçinin oxuyun

“Azərbaycanda narkotikin yayılmasını yuxarı səviyyədə himayə edirlər”

Elm və Təhsil Nazirliyinin tabeliyində olan Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Meydan TV-yə …