Xəbər verdiyimiz kimi, dünən Prezident İlham Əliyevin imzaladığı
sərəncamla general-mayor Əli Nağıyev Dövlət Təhlükəsizlik Xidmətinin
rəisi təyin edildi. Uzun illər dövlətin təhlükəsizlik sektorunda işləmiş
və peşəkar kəşfiyyatçı kimi tanınan Əli Nağıyevin bu vəzifəyə təyinatı
çoxları üçün sürpriz olsa da, generalın keçmiş karyerasına nəzər
saldıqda, onun DTX rəisi təyin olunmasının əslində, özünəməxsus
qanunauyğunluqla baş verdiyini söyləmək olar.
Əli Nağıyev kimdir?
Əli Nağı oğlu Nağıyev 1958-ci ildə Naxçıvan Muxtar Respublikasının
Babək rayonunda anadan olub. O, uzun illər Milli Təhlükəsizlik
Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. Keçmiş MTN rəhbəri Namiq
Abbasovun dövründə nazirlikdə İqtisadi cinayətkarlığa qarşı Mübarizə
İdarəsinin rəisi olub.
Prezident İlham Əliyevin 28 mart 2018-ci il tarixində imzaladığı
sərəncamla general-mayor Əli Nağıyev 3-cü dərəcəli “Vətənə xidmətə görə”
ordeni ilə təltif olunub.
Keçmiş MTN rəhbəri Namiq Abbasovun vəzifədən azad edilməsiylə isə
Əli Nağıyevin hekayəsi başlayıb və karyerasına həm müsbət, həm mənfi
qeydlər düşüb.
Əli Nağıyev-Eldar Mahmudov toqquşması – Möhtəşəm triumf
Eldar Mahmudov 2004-cü ildə milli təhlükəsizlik naziri təyin
edildikdən sonra sələfi Namiq Abbasovun kadrlarını – ki, həmin adamların
hamısı peşəkar kəşfiyyatçılar idi – bir-bir nazirlikdən uzaqlaşdırmağa
və yerinə öz adamlarını gətirəməyə başlamışdı. Yeni nazirin
özfəaliyyətini balanslamaq üçün isə dövlət rəhbərliyi ona müqavimət
göstərə biləcək və qeyri-qanuni işlərdən çəkindirəcək birinə ehtiyac
duydu. Bu şəxs Namiq Abbasovun nazirliyi dövründəki fəaliyyəti ilə
peşəkar imici qazanmış, ölkə rəhbərliyinin inandığı Əli Nağıyev idi.
Və beləliklə, Eldar Mahmudovun nazir təyin edilməsindən bir neçə ay
sonra, 2005-ci ildə prezident İlham Əliyev Mahmudovun fəaliyyətini
balanslayacaq Əli Nağıyevi MTN-nin ikinci şəxsi – birinci müavin təyin
etdi. 27 mart 2006-cı ildə isə Əli Nağıyev dövlət başçısının sərəncamı
ilə general-mayor hərbi rütbəsi ilə təltif edildi.
Elə bu təyinatın ardınca da Eldar Mahmudov-Əli Nağıyev toqquşması
başlamış oldu. Uzun illər MTN-nin birinci və ikinci adamı arasındakı bu
gərginlik mətbuat səhifələrini də bəzədi. Nağıyevi özünün yerinə ən
potensial namizəd hesab edən Mahmudov hər vəchlə onu dövlət
rəhbərliyinin gözündən salmağa, MTN-dən uzaqlaşdırmağa çalışırdı. O
dövrdə MTN-nin nəzarətində olan mətbu orqanlarda Əli Nağıyevin əleyhinə
müxtəlif kompromatlar dərc olunur, generala hər cür ittiham
yönəldilirdi. Dövri mətbuatda haqqında korrupsiya ittihamları
səsləndirilən Əli Nağıyev nəhayət, 2011-ci ildə Eldar Mahmudov
tərəfindən “zərərsizləşdirildi”.
Mahmudovun quldurluq əməllərinin özünün ən vəhşi formasını
qazanması üçün nazirlikdə ən böyük əngəl sayılan Əli Nağıyev nəhayət
2011-ci ildə MTN-dən kənara çəkildi. Nağıyev ölkə başçısının sərəncamı
ilə MTN rəhbərinin birinci müavini vəzifəsindən azad edildi. Mahmudov
çetesi isə dərhal ona qarşı hücumu daha da artırdı. MTN başçısına bağlı
mətbuatda Əli Nağıyev korrupsiya ittihamlarına görə prezident tərəfindən
vəzifədən uzaqlaşdırıldığını tirajlamağa başladı. Ölkə başçısı isə bu
ittihamları və Eldar Mahmudovu sürpriz bir həmlə ilə susdurub
yerlə-yeksan etdi. Korrupsiya
ittihamlarına görə təhlükəsizlik nazirinin birinci müavini postundan
uzaqlaşdırıldığı deyilən Əli Nağıyev bir ay sonra dövlət başçısı
tərəfindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi
rəisinin müavini vəzifəsinə gətirildi. Prezident bu həmləsi ilə Əli
Nağıyevin yanında olduğunu və ona etimadını təsdiqləmiş oldu.
Azərbaycan prezidentinin Nağıyevlərə etimadının başqa bir örnəyi
isə Əli Nağıyevin özü kimi kəşfiyyatçı olan qardaşı Vəli Nağıyevlə
bağlıdır. Belə ki, Nağıyevlərin Eldar Mahmudovla davalı olduğu illərdə
təhlükəsizlik orqanlarından uzaqlaşdırılan və hətta Eldar Mahmudov
tərəfindən həbs edilmək təhlükəsi belə üz-üzə qalan Vəli Nağıyev uzun
illər bizneslə məşğul olmasının ardından ölkə başçısı tərəfindən yüksək
vəzifəyə gətirildi. Vəli Nağıyev Eldar Mahmudovun vurulmasından sonra –
2015-ci ilin sonunda gözlənilmədən Dövlət Miqrasiya Xidməti rəisinin
birinci müavini postuna təyinat aldı. Ardınca isə prezident ona
general-leytenant rütbəsi verdi. Bu təyinat isə onu göstərirdi ki,
ölkə başçısı İlham Əliyevin Nağıyevlərə olan etibarı təkcə general Əli
Nağıyevi yox, qardaşlarını da ehtiva edir.
2011-ci
ildə Əli Nağıyevin MTN-dən uzaqlaşdırılmasından sonra Eldar Mahmudovun
elədiklərini və başına gələnləri isə diqqətli oxucu zatən bilir.
Nağıyevin gedişindən sonra daha 4 il nazir postunda qalan və
minlərlə qanunsuzluğa imza atan, ölkədən milyardlarla dolları
qeyri-qanuni formada oğurlayıb çıxaran Mahmudov da nəhayət, 2015-ci ildə
dövlət rəhbərliyinin qəzəbinə tuş gəldi və nəinki vəzifəsindən azad
edildi, hətta ondan sonra MTN-də daş-daş üstündə qalmadı. MTN tamamilə
dağıdıldı və yerində yeni sistem – Dövlət Təhlükəsizlik Xidməti
yaradıldı.
Qisas zamanı: Nağıyevin dönüşü
Eldar Mahmudovun nazir postundan uzaqlaşdırılmasının ardınca DTX-ya
rəhbər gətiriləcək şəxslər arasında adı ilk sırada hallanan şəxslərdən
biri də məhz Əli Nağıyev idi. Uzun illər MTN sistemində yüksək
vəzifələrdə işləyən və quruma aid hər şeyi bilən Nağıyevdən daha ideal
kadr tapmaq da asan deyildi. Ancaq həmin ərəfədə gözlənilən olmadı və
DTX rəisi vəzifəsinə Mədət Quliyev gətirildi. Nağıyev isə yenidən öz
zamanını gözləməyə çəkildi.
Burada bir haşiyə çıxaq. Uzun illər Mahmudovla toqquşmada olan Nağıyevə MTN əməliyyatlarından sonra buradakı qanunsuzluqların araşdırılması üçün yaradılan istintaq qrupuna rəhbərlik həvalə edildi. Beləliklə, Eldar Mahmudov rahat-rahat cinayət əməlləri törətməsi üçün nazirlikdən hər vəchlə uzaqlaşdırmağa çalışdığı Əli Nağıyev kənara çəkilib zamanını gözləməyin mükafatını almışdı – Mahmudovun cinayətlərinin ifşası məhz ona tapşırılmışdı. Bir qədər əvvələ qayıdıb bu iki şəxs arasındakı toqquşmanın ən açıq dilə gətirilən formasını da xatırlayaq. 2013-cü ildə MTN tərəfindən həbs edilən jurnalist Pərviz Həşimli məhkəmədə sensasion bəyanatla çıxış elədi. Jurnalist açıqca dedi ki, Eldar Mahmudov ondan Əli Nağıyevin üzünə durmasını tələb edib. Bunu etmədiyi üçün də MTN əməkdaşları nazirin tapşırığı ilə ona qondarma cinayət işi açdırıb həbsinə nail olub. P.Həşimlinin sözlərinə görə, Eldar Mahmudov çetesi Nağıyevin üzünə durması halında ona pul da təklif edib. Sitat: “Dedilər, Əli Nağıyevin üzünə dur, 1 milyon veririk”.
Böyük qayıdış
Və nəhayət, təhlükəsizlik sistemindən uzaqlaşdırıldıqdan sonra 8 il kənarda, passiv vəzifədə öz zamanını gözləyən Əli Nağıyev ən yaxşı bildiyi sahəyə – kəşfiyyatçılığa qayıtdı. Əli Nağıyevin DTX rəisi postuna təyin edilməsini ölkə başçısı İlham Əliyevin ona çox inandığın bir nümunəsi saya bilərik. Uzun illər Nağıyevin müxtəlif cəbhələr tərəfindən vurulmasına mane olan və onu yanına çəkərək qoruyan dövlət başçısı generalın bu sədaqətinin mükafatını isə 8 il sonra verdi. Kənara çəkil deyiləndə səssizcə öz vaxtını, ölkə rəhbərinin yeni tapşırıqlarını gözləyən Nağıyevin ikinci baharı isə dünəndən başlayıb.
Şübhə yoxdur ki, Dövlət Təhlükəsizlik Xidməti Əli Nağıyevlə birlikdə daha da peşəkar sima qazanacaq. Nağıyevin DTX rəisi kimi ilk işlərindən birinin isə Eldar Mahmudovun dövründə təhlükəsizlik sistemindən küsdürülən və müxtəlif bəhanələrlə ya orqandan istefaya məcbur edilmiş, ya da daha kiçik vəzifələrə sürgün olunmuş peşəkar kəşfiyyatçıların yenidən bu sistemə qaytarılması və layiq olduqları postlara təyin edilməsinin olacağı gözlənilir…
Baku Post