Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Kriminal / Vidadi Zeynalov təcridxanada təsərrüfat işləri görüb – Açıqlama

Vidadi Zeynalov təcridxanada təsərrüfat işləri görüb – Açıqlama

Prezident İlham Əliyevin martın 16-da imzaladılğı əfv sərəncamında Penitensiar Xidmətin 1 saylı Bakı İstintaq Təcridxanasında (BİT) saxlanılan 6 nəfərin də adı yer alıb.

Həmin şəxslər dünən müəssisədən azadlığa buraxılıb. Sərəncamın icrası prosesində jurnalistlər və media nümayəndələri də iştirak edib.

Qanunvericiliyə əsasən, əfv olunma bir qayda olaraq barəsində qanunu qüvvəyə minmiş hökm olan şəxslərə şamil edilə bilər. Barəsində məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olan şəxslər isə Bakı İstintaq Təcridxanasında saxlanılmır, apellyasiya instansiyanın qərarından sonra cəzaçəkmə müəssisələrinə köçürülür. Belə olan halda, BİT-dən azadlığa buraxılan şəxslər kimdir?

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov məsələyə aydınlıq gətirib. O bildirib ki, həmin şəxslər təsərrüfat işlərinin görmək üçün BİT-də saxlanan məhkumlar idi: “Qanunvericiliyə görə, cəzası 5 ilə qədər olan şəxslər barələrindəki hökm qanuni qüvvəyə minəndən sonra öz arzuları ilə istintaq təcridxanasında saxlanıla bilər. Onlar təsərrüfat briqadasının tərkibində müxtəlif – yemək bişirmək, ərazinin abadlaşdırılması, süpürmək və s. bu kimi işləri yerinə yetirirlər. Son əfv sərəncamına əsasən buraxılan şəxslər də həmin təsərrüfat briqadasında olan adamlar idi”.

Yada salaq ki, martın 15-də azadlığa buraxılan keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri Vidadi Zeynalov Bakı İstintaq Təcridxanasında saxlanılırdı. O, cəza müddətinin bitməsinə 7 ay qalmış Sabunçu rayon məhkəməsinin qərarı ilə vaxtından əvvəl azadlığa buraxılıb.

Vidadi Zeynalovun da istintaq təcridxanasında sözügedən işləri görüb-görməməsi ilə bağlı sualımıza cavab olaraq Mehman Sadıqov deyib ki, təsərrüfat briqadasında olan şəxslərin hamısı bu işlərə cəlb edilir.

Vidadi Zeynalov və keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin digər vəzifəli şəxsləri 2015-ci ilin noyabr ayında həbs edilib. Onlara 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsi və israf edilməsi ilə bağı ittiham verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vidadi Zeynalova 13 il azadlıqdan məhrumetmə cəzası verilib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə V.Zeynalovun cəzası 4 ilə endirilib. Həmçinin qərara əsasən, V.Zeynalov və digər təqsirləndirilən şəxslərin bəzi əmlaklarının üzərinə qoyulmuş həbs götürülüb.

Belə ki, təqsirləndirilən şəxslərin 2009-cu ilə qədər əldə olunan əmlaklarının üzərindən həbs götürülüb və müsadirə dayandırılıb.

Bizimyol.info

Həmçinin oxuyun

Mehman Xəlilova hökm oxundu – 19 il həbs

7 yaşlı Fərid Bakarov cinayəti ilə bağlı məhkəmə araşdırması başa çatıb.  “Qafqazinfo”nun məlumatına görə, Sumqayıt …