Ana səhifə / Kriminal / Mərkəzi Bank uçot dərəcəsini artırdı 

Mərkəzi Bank uçot dərəcəsini artırdı 

Azərbaycan Mərkəzi Bankı (AMB) makroiqtisadi sabitliyin və dayanıqlığın təmin olunmasına yönəldilmiş tədbirləri davam etdirir.

Azinforum.az  xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir: “Bu məqsədlə elan edilən yeni məzənnə rejiminə uyğun əməliyyat çərçivəsinin tətbiqi və bununla valyuta bazarında vəziyyətin stabilləşməsinə nail olmaq istiqamətində zəruri tədbirlər görülür. Mərkəzi Bank tərəfindən keçirilən son valyuta satışı hərraclarında tələbin təklifdən az olması, eləcə də manatın xarici valyutalara nəzərən məzənnəsinin bir qədər möhkəmlənməsi valyuta bazarında tarazlığın yaranması üzrə ilkin nəticələr kimi qiymətləndirilə bilər. Tətbiq olunan məzənnə rejimi pul-valyuta bazarının inkişafı və iqtisadi subyektlər tərəfindən risk idarəetməsinin inkişafı ilə müşaiyət olunmaqdadır.
Valyuta bazarında vəziyyətin stabilləşməsi, banklar tərəfindən milli valyuta ilə depozitlərə görə daha cəlbedici faizlərin təklif olunması, eləcə də dövlət tərəfindən milli valyutada olan istiqrazların xarici valyutada istiqrazlarla müqayisədə daha yüksək gəlirliklə yerləşdirilməsi milli valyutanın yığım vasitəsi kimi daha geniş istifadəsinə müsbət təsir göstərməkdədir.
Milli valyutaya olan etimadı gücləndirmək, manat depozitlərinin artmasını təşviq etmək, eləcə də pul bazarında formalaşmış konyunktura uyğun olaraq pul siyasəti alətlərinin təkmilləşdirilməsinə şərait yaratmaq üçün AMB-nin İdarə Heyəti bu gündən uçot dərəcəsini 5%, likvidlik əməliyyatları üzrə faiz dəhlizinin aşağı həddini 2%, yuxarı həddini isə 10% səviyyəsində müəyyən etmək barədə qərar qəbul etmişdir.
Bu qərar həm də başlıca makroiqtisadi göstəricilərin proqnozuna və orta müddətli dövrdə dayanıqlı qiymət sabitliyinə nail olunması məqsədinə əsaslanmaqla qəbul edilib.
Mərkəzi Bank bundan sonra da makroiqtisadi prosesləri və maliyyə bazarında vəziyyəti izləyəcək və zərurət yarandıqda mərhələlərlə pul siyasəti alətləri vasitəsilə çevik reaksiya verəcək”.

Həmçinin oxuyun

Müşfiq Atakişiyevə 14 il 6 ay həbs cəzası verildi

“Təfəkkür” Universitetinin prorektoru Tariyel Əhmədovun qətli ilə bağlı məhkəmə araşdırması başa çatıb. “Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır …

Bir cavab yazın