Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / İlkinin məhkəməsində Baş Prokurorluq və DİN-in idarə rəislərinin dindirilməsi istənildi

İlkinin məhkəməsində Baş Prokurorluq və DİN-in idarə rəislərinin dindirilməsi istənildi

Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirlənditilən İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Modern.az-ın məlumatına görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə İlkin Süleymanovun vəkilləri-Zabil Qəhrəmanov və Əlibaba Rzayev cinayət işində adı keçən Baş Prokurorluğun Xidməti Araşdırmalar İdarəsinin rəisi Kamal Qılıcov, Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsinin rəisi Arzu Daşdəmirov və cinayət işinin istintaqını aparmış Baş Prokurorluğun İstintaq İdarəsinin müstəntiqi Nadir Mirzəyevin məhkəməyə çağırılması barədə vəsatətələr qaldırıblar.

Vəkil Zabil Qəhramanov deyib ki, cinayət işinin materiallarında göstərilib ki, müstəntiq İlkinin telefonunu tədqiq etmək məqsədilə Arzu Daşdəmirova verib:

“Arzu Daşdəmirov telefonla bağlı hansı xüsusi biliklərə malikdir ki, müstəntiq tədqiq üçün İlkinin telefonunu ona təqdim edir?”

Vəkillər bildirib ki, Nərmin Quliyevanın ölümündə təqsirləndirilən İlkin Süleymanova qarşı sübutlardan biri onun telefonudur. İddia olunur ki, onun telefonunda müxtəlif vaxtlarda “youtube” şəbəkəsində cizgi filmlərinə, intim xarakterli videolara baxış olub. Sonradan sözügedən fotolardan birinə baxışla İlkin Süleymanovun müstəntiqə şahid kimi birinci dəfə ifadə verdiyi tarix və saat eyni olub:

“İlkin 6 yanvar 2020-ci ildə axşam saat 20.00 radələrində saxlanılıb və o vaxtdan telefonu əlindən alınıb. O vaxtdan da telefonuna müxtəlif formada müdaxilələr edilib. Telefonda müxtəlif sayt və şəbəkələrə daxil olaraq, saxta sübutlar yaratmağa cəhd göstərilib. 8 yanvarda müstəntiq qarşısında ifadə verərkən intim xarakterli videoya baxılması haqda ekspert rəyində yazılanlar da bunu sübut edir. Kamal Qılıcovun dindirilməsi məsələsinə gəlincə, onun adı il yarımdır ki, bu məhkəmə prosesində hallanır. Gəlsin izah eləsin görək müstəntiqə və İlkin Süleymanova niyə təzyiq edirdi? Onun nə marağı var idi bu işdə? Çünki İlkin Süleymanov özü də, məhkəmədə dindirilən şahidlər də dəfələrlə onun adını çəkiblər”.

İlkin Süleymanov vəkilləri vəsatətdə qeyd olunan digər iki generalın da məhkəməyə gəlmələrinin vacib olduğunu bildiriblər.

Vəsatət baxılmamış saxlanılıb.

Bundan əvvəlki iclasda aparıcı Zaur Baxşəliyevin məhkəməyə çağırılması ilə bağlı vəsatətin isə təmin olunmadığı elan olunub.

Məhkəmə vacib hesab olunan vəsatətləri hazırlamaq üçün vəkillərə 13 gün vaxt verib.

Proses dekabrn 21-i davam etdiriləcək.

Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib. Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib. İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb. İ.Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.

Həmçinin oxuyun

Fuad Muradovun məhkəməsi başlayır: 7 nəfəri şəxsi görüntülərlə şantaj etməkdə ittiham olunur

“Qazaxlı Alik”in oğlu, Milli Fədailər Hərəkatının sədri Fuad Muradovun məhkəməsi başlayır. Müxtəlif adamları şantaj eləyib, …