Ana səhifə / Kriminal / Həbsdəki general ev dustaqlığına buraxılmasını istəyir

Həbsdəki general ev dustaqlığına buraxılmasını istəyir

Naxçıvanın Penitensiar Xidmətinin sabiq rəisi, həbsdə olan general-mayor Tofiq Həsənov ev dustaqlığına buraxılmasını istəyir. Vəkili fevralın 29-da məhkəməsində bu barədə vəsatət qaldırıb.

Bir ildən çoxdur həbsdə olan Tofiq Həsənovun işinə Naxçıvan Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Məmmədovun sədrliyilə baxılır.

Noyabrdan başlayan məhkəmə prosesində hazırda şahidlərin dindirilməsi mərhələsidir. Şahidlərin bir qismi Naxçıvanda Penitensiar Xidmətin tabeliyindəki qurumlarda (istintaq təcridxanası, cəzaçəkmə müəssisəsi) çalışanlardır. Çünki Tofiq Həsənova verilən ittihamlardan biri də əməkdaşların rüşvət müqabilində işə götürülməsi haqdadır.

Fevralın 29-da keçirilən məhkəmə iclasında generalın vəkili müvəkkili haqqında həbs qətimkan tədbirinin dəyişməsi, onun hökm çıxarılana qədər ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıb. Vəkil bildirib ki, Tofiq Həsənovun konkret yaşayış yeri var, məhkəmədən yayınmaq niyyətində deyil. İstintaq da xeyli vaxtdır yekunlaşıb, onun şahidlərə təsir göstərmək imkanı və niyyəti yoxdur.

Təqsirləndirilən general da vəkilinin vəsatətini müdafiə edib.

Lakin prokuror vəsatətə etiraz edib. Deyib ki, Tofiq Həsənovun həbsdə saxlanması üçün olan əsaslar aradan qalxmayıb.

Hüseyn Məmmədovun sədrlik etdiyi hakimlər kollegiyası da vəsatəti təmin etməyib.

Tofiq Həsənov Cinayət Məcəlləsinin 179 (mənimsəmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311-ci (rüşvət alma) maddələrilə ittiham olunur. Lakin o, özünü təqsirli bilmir.

Tofiq Həsənov bu vəzifəyə 2016-cı il sentyabrın 19-da Naxçıvan MR Ali Məclisinin o vaxtkı sədri Vasif Talıbovun sərəncamıyla təyin olunmuşdu. O, eyni zamanda, Naxçıvan MR Ədliyyə nazirinin müavini idi.

O, 2017-ci il noyabrın 29-da Prezident İlham Əliyevin sərəncamıyla general-mayor rütbəsi alıb.

Həmçinin oxuyun

Aqil Əliyevin oğlu Tibb Universitetinin professorunu məhkəməyə verdi 

Tibb Universitetinin professoru Şahbazov Şahbaz Qara oğlu barəsində məhkəmə iddiası qaldırılıb.Məhkəmə iddiası mərhum akademik Aqil …