Ana səhifə / Kriminal / Şəmkir sakini: “Məni meşəyə – özləri silahı basdırdığı yerə apardılar…”

Şəmkir sakini: “Məni meşəyə – özləri silahı basdırdığı yerə apardılar…”

Şəmkir rayonunun Düyərli kənd sakini Coşqun Aslanov narkotik və silah  ittihamıyla 8 ay həbsdə saxlanılıb. Lakin o deyir ki, nə odlu silahın, nə də narkotikin ona aidiyyəti var. Coşqun Aslanovun sözlərinə görə, narkotik və silahı Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları onun üstünə qoyub. Bunların ona aid olduğunu etiraf etməsi üçün də şöbədə onu döyüblər.

“Narkotiki özü mənim üstümə qoydu”

Cinayət işinin materiallarında iddia olunur ki, Coşqun Aslanovda narkotik olması barədə Şəmkir rayon Polis Şöbəsinin Zəyəm polis bölməsinə məlumat gəlib. Həmin məlumat əsasında da əməliyyat keçirib, onu saxlayıblar. Polis bölməsində onun üstündən kibrit qutusunda narkotik tapılıb. İttihama əsasən, o, polis şöbəsində olanda etiraf edib ki, bir müddət əvvəl Bayramlı kəndində – Kür çayının sahilində avtomat, partonlar və daraq tapmışdı. Onları yaşadığı Düyərli kəndindəki meşəlikdə gizlədib. O, polislərlə birlikdə həmin əraziyə gedib, yerini göstərib. Polislər də silahı tapıb götürüblər.

30 yaşlı Coşqun Aslanov isə deyir ki, yalandır. Onun sözlərinə görə, tutulduğu gün həmkəndlisi ilə birlikdə kənddə marketin yanında dayanıb söhbət edirdi. Bu zaman Şəmkir Rayon Polis Şöbəsinin baş əməliyyat müvəkkili Xaliq İsgəndərov gəlib, heç maşından düşmədən onu yanına çağırıb:

“Xaliq müəllim məni əli ilə çağırdı. Onu əvvəldən tanıyırdım. Yaxınlaşdım, mənə dedi ki, maşına oturum. Mən də əyləşdim. Şöbəyə getdik. Mənə dedi ki, “rəis təzə gəlib, adam tutmalıyam, ya silah, ya narkotiki boynuna götürməyə razılaş, həbs olunmayacaqsan, birinci dəfədir”. Razılaşmadım, başladılar döyməyə. Məcbur olub razılaşanda Xaliq müəllim zəng elədi ki, “sənə verdiyim şeyi gətir”. Otaqdan çıxdı, heç bir dəqiqə keçməmiş gəldi. Özü narkotiki mənim üstümə qoydu. Əvvəl üç dənə idi, satış ittihamı vermək istəyirdilər. Sonra Xaliq müəllim dedi ki, istəyirsən, “silahla əvəz eləyək, o, daha yüngüldür”. Ona razılaşdım. Bundan sonra narkotikin ikisini götürdülər, biri qaldı üstümdə…”.

“Açıq-aşkar görünürdü ki, kisə təzədir, çoxdan basdırılmış bir şey deyil”

Coşqun Aslanov danışır ki, daha sonra polis əməkdaşları Xaliq İsgəndərov, Cümşüd Novruzov və bir nəfər sürücü onu meşəlik əraziyə aparıb, orada silahın yerini göstəriblər, həmin yeri yadında saxlamağı tələb ediblər. Geriyə qaytarıb, polis şöbəsində çəkiliş aparıblar. Kamera qarşısında üstündəki narkotikin ona aid olduğunu, hətta Düyərli kəndində meşəlik ərazidə silah da gizlətdiyini deyib:

 “Çəkilişi aparan adamın arxasından Qədim müəllim (Zəyəm polis bölməsinin rəisi, polkovnik-leytenant Qədim Həsənov-red.) və o biri polislər düz gözümün içinə baxırdılar. Onların əvvəldən öyrətdiklərini kamera qarşısında deməliydim. Sonra ikinci dəfə məni meşəyə – silahı göstərdikləri yerə apardılar. Orada həmin yeri göstərdim. Qazıb, kisə çıxartdılar, içində də bir avtomat, iki sandıqça və güllələr. Açıq-aşkar görünürdü ki, kisə təzədir, çoxdan basdırılmış bir şey deyil”.

İttihama görə, əməliyyat məlumatı əsasında Coşqun Aslanovu saxlamağa 3-4 nəfər polis əməkdaşı eyni maşında gedib. Elə polislər də məhkəmədə dindiriləndə belə deyiblər.

Video polislərin dediklərinin əksini sübut edir

Amma Coşqun Aslanovun vəkili Zabil Qəhrəmanov məhkəməyə müvəkkilinin necə saxlandığını sübut edən video təqdim edib. Həmin video isə polislərin yox, Coşqun Aslanovun dediklərini təsdiqləyir. Videodan görünür ki, o, kiminləsə söhbət edir, bu zaman bir maşın gəlir. Coşqun Aslanov həmin maşına tərəf gedir və arxa qapıdan avtomobilə əyləşir. Avtomobildə sürücüdən başqa heç kimin olmadığı görünür.

Polislər isə ifadələrində bildirmişdi ki, onlar Coşqun Aslanovun arxasınca gedəndə iki nəfər ön tərəfdə, iki nəfər isə arxada əyləşmişdi.

Bəraət hökmü…

Cinayət Məcəlləsinin 234.1 (narkotik əldə etmə, daşıma, saxlama) və 228.1 (qanunsuz silah əldə etmə, saxlama) maddələrilə təqsirləndirilən 30 yaşlı Coşqun Aslanovun işinə Şəmkir Rayon Məhkəməsində baxılıb. Hakim Həvayət Məhəmmədi araşdırmalardan sonra onun təqsirsiz olduğu qənaətinə gəlib. 8 aydan çox həbsdə saxlanılan Coşqun Aslanov bəraət hökmüylə azadlığa buraxılıb.

Həmçinin oxuyun

Azərbaycanda sosial media platformalarına ən çox pul xərcləyən səhifələrin adı açıqlanıb

“Meta” şirkəti illik “Reklam Kitabxanası Hesabatı”nı yayımlayıb “Facebook”, “WhatsApp”, “Instagram” kimi sosial media platformalarına sahib …