Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Erməni terrorçu qrupun hər bir üzvü 6 il müddətinə azadlıqdan məhrum edilib

Erməni terrorçu qrupun hər bir üzvü 6 il müddətinə azadlıqdan məhrum edilib

Ermənistan vətəndaşlarından ibarət terrorçu silahlı birləşmənin bir qrupunun – Astanyan Yeqiş Oqanesoviç, Aramyan Karen Armenoviç, Avakyan Tiqran Manikoviç, Qevorkyan Qriqor Qevorqiyeviç, Manukyan Ovsep Robertoviç, Martirosyan Gevorg Samueloviç, Qevorkyan Robert Ovikoviç, Avetisyan Vaqarşak Aşotoviç, Akopyan Volodiya Qaqiqoviç, Sukiasyan Andranik Srapoviç, Manukyan Andranik Tiqranoviç, Saqateryan Qriqor Seyranoviç və Giraqusyan Eduard Armenoviçin barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Bu barədə Virtualaz.org xəbər verir.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə iş üzrə sənədlər tədqiq edilib. Prosesdə vəkillər müdafiə çıxışı edib, təqsirləndirilən şəxslər son söz deyiblər.

Daha sonra prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən şəxslərin hər biri 6 il müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdə qeyd olunub ki, təqsirləndirilən şəxslər təyin olunmuş cəzalar başa çatdıqdan sonra Azərbaycan Respublikasının hüdudlarından məcburi qaydada kənara çıxarılmalıdırlar.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 13 dekabr 2020-ci il tarixdə keçirilmiş anti-terror əməliyyatı nəticəsində tərksilah edilmiş Ermənistan Respublikasının vətəndaşları olan silahlı dəstələrin üzvləri barəsində DTX-nin İstintaq Baş idarəsində başlanmış cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

İstintaq nəticəsində müəyyən edilib ki, cinayətkar silahlı birləşmələrin üzvləri 2020-ci ilin 26-27 noyabr tarixlərində Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq mütəşəkkil dəstə halında keçməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik və digər ərazilərində döyüş mövqeləri tutaraq 13 dekabr 2020-ci il tarixədək olan müddət ərzində ölkə ərazisində yerləşən müəssisə, idarə, təşkilatlara, habelə ayrı-ayrı şəxslərə silahlı basqınlar etmiş, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər terror əməlləri törədiblər. 

***

11:13

Ötən ilin dekabrında Hadrut ətrafında tutulmuş Ermənistan vətəndaşlarından ibarət terrorçu silahlı birləşmənin üzvləri – Astanyan Yeqiş Oqanesoviç, Aramyan Karen Armenoviç, Avakyan Tiqran Manikoviç, Qevorkyan Qriqor Qevorqiyeviç, Manukyan Ovsep Robertoviç, Martirosyan Gevorg Samueloviç, Qevorkyan Robert Ovikoviç, Avetisyan Vaqarşak Aşotoviç, Akopyan Volodiya Qaqiqoviç, Sukiasyan Andranik Srapoviç, Manukyan Andranik Tiqranoviç, Saqateryan Qriqor Seyranoviç və Giraqusyan Eduard Armenoviçin cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində növbəti məhkəmə prosesi keçirilib.

Virtulaz.org-un xəbərinə görə, prosesdə dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxslərin ittiham olunduqları Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3-cü (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 279.2-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə) maddələrinin ittihamdan xaric edilməsini istəyib.

Dövlət ittihamçısı dəstə üzvlərinin 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cəzalandırılmalarını istəyib. Prokuror həmin maddələrlə təqsirləndirilən şəxslərin hər birinin 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Dövlət ittihamçısı çıxışında ittiham olunan şəxslərin cəzaları başa çatandan sonra Azərbaycan hüdudlarından çıxarılmasını tələb edib. Məhkəmə prosesi davam edir. Virtualaz.org

Həmçinin oxuyun

Fuad Muradovun məhkəməsi başlayır: 7 nəfəri şəxsi görüntülərlə şantaj etməkdə ittiham olunur

“Qazaxlı Alik”in oğlu, Milli Fədailər Hərəkatının sədri Fuad Muradovun məhkəməsi başlayır. Müxtəlif adamları şantaj eləyib, …