Ana səhifə / Kriminal / Elçin Sadıqov Əvəz Zeynallının məhkəməsində şahid kimi ifadə verə bilməyəcəyini deyib

Elçin Sadıqov Əvəz Zeynallının məhkəməsində şahid kimi ifadə verə bilməyəcəyini deyib

Əvəz Zeynallı Elnur Şükürovun ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıb

“Xural TV” internet televiziyasının rəhbəri Əvəz Zeynallı və “Səda TV” adlı “Youtube” kanalının idarəedicisi Elnur Şükürovun məhkəməsinə vəkil Elçin Sadıqov şahid qismində çağırılıb. Lakin o, məhkəməyə ərizə göndərərək bildirib ki, şahid kimi ifadə verə bilməz. Həmin ərizəni oktyabrın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində Əvəz Zeynallı və Elnur Şükürovun işinə baxan hakimlər kollegiyası elan edib.

Əvəz Zeynallı 2022-ci il sentyabrın 10-da “Baku Steel Company” MMC-nin keçmiş rəhbəri Rasim Məmmədovun həyat yoldaşı Mehriban Məmmədovadan vəkil Elçin Sadıqov vasitəsilə 20 min manat rüşvət almaq ittihamıyla həbs olunub. Həmin vaxt Elçin Sadıqov da cinayətdə iştirakçılıq ittihamıyla həbs edilib. O, bir həftə sonra – sentyabrın 17-də ev dustaqlığına buraxılıb.

Əvəz Zeynallıya bundan əlavə başqa ittihamlar da verilib. Həmin ittihamlarda o, Elnur Şükürovla əlbirlikdə təqsirləndirilir.

Elçin Sadıqov isə məhz Rasim Məmmədovun ailəsindən 20 min manat alınması ittihamıyla əlaqədar məhkəməyə çağırılır. O, istintaqa ifadəsində pulu Mehriban Məmmədovadan alıb, Əvəz Zeynallıya çatdırdığını deyib. Əvəz Zeynallı isə vəkilin yalan danışdığını bildirir.

Əvəz Zeynallı haqqında cinayət işi məhkəməyə göndəriləndə Elçin Sadıqovun haqqındakı cinayət işi ayrılmışdı.

Elçin Sadıqov məhkəməyə göndərdiyi ərizədə göstərib ki, onunla bağlı cinayət işi ayrılsa da, hazırda cinayət təqibi davam edir, təqsirləndirilən şəxs statusundadır. Təqsirləndirilən şəxs isə şahid kimi dindirilə bilməz.

O vurğulayıb ki, qanun şəxsə özünə, valideynlərinə, övladına və digər yaxınlarına qarşı ifadə verməmək hüququ tanıyır:

“Mənim təqsirləndirilən şəxs statusum dəyişməyib. Təqsirləndirilən şəxs olduğuma görə şahid qismində dindirilə bilmərəm”.

Elçin Sadıqov əlavə edib ki, istintaq zamanı verdiyi ifadələri təsdiqləyir və onların nəzərə alınmasını istəyir.

Lakin Əvəz Zeynallı və onun vəkilləri Elçin Sadıqovun istintaqdakı ifadəsinin sübut kimi qəbuluna etiraz edib. Vəkillər Elçin Sadıqovun özünün məhkəməyə gəlib ifadə verməsində israr ediblər. “Xural TV” rəhbəri isə onun ifadəsinin sübutlar siyahısından çıxarılmasını tələb edib. Əvəz Zeynallı hesab edir ki, Elçin Sadıqov ümumiyyətlə, şahid kimi ifadə verə bilməz, çünki təqsirləndirilən şəxsdir.

Məhkəmə qərar verib ki, Elçin Sadıqov bir daha məhkəməyə çağırılsın.

Daha sonra məhkəmədə “Baku Steel Company” MMC-nin keçmiş rəhbəri Rasim Məmmədovun ailə sürücüsü Elnur Baxşəliyev dindirilib. Ardınca məhkəməyə gəlməyən şahidlərin ifadələri elan olunub.

Milli Məclisin üzvü İmamverdi İsmayılov da istintaq zamanı dindirilib və onun ifadəsi elan olunub. O, ifadəsində bildirib ki, Əvəz Zeynallını bir il olar, “Xural TV” internet televiziyasının rəhbəri kimi tanıyırdı. 2022-ci ilin fevralında Əvəz Zeynallı ona zəng edərək, Elnur adlı tanışının Sumqayıt şəhər İcra Hakimiyyətilə bağlı problemi olduğunu deyib, onun həllində kömək etməsini xahiş edib. Deputatın sözlərinə görə, Əvəz Zeynallı ilə münasibətləri olmasa da, bu işdə kömək etməyə qərar verib. O, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcova zəng eləyib, ondan xahiş edib ki, icra hakimiyyətinin baş memarı Elnuru qəbul eləsin:

“Əgər istədiyi məsələdə qanunsuzluq yoxdursa, ona köməklik olunmasını xahiş elədim”.

Deputat ifadəsində əlavə edib ki, sonradan o adamın icra hakimiyyətinə gedib-getməməsindən, işin nəticəsindən xəbəri olmayıb.

Deputatın ifadəsi elan olunandan sonra Əvəz Zeynallı deyib ki, İmamverdi İsmayılov yalan danışır, onunla münasibətlərinin tarixi uzundur: “Çox vaxt özü mənə zəng eləyirdi. İndi qorxusundan belə deyir. İcra başçısı Əziz Əzizov da özünü belə aparırdı ki, guya məni tanımır. Halbuki, Cəlilabada gedəndə özü arxamca gəlirdi”.

Daha sonra məhkəmədə Əvəz Zeynallı Elnur Şükürovun ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıb. O, Elnur Şükürovun ailə vəziyyətinin ağır olduğunu vurğulayıb: “Bu adamın bütün ailəsi repressiyaya məruz qalıb”.

Lakin vəsatət təmin olunmayıb.

Məhkəmə prosesi noyabrın 3-də davam edəcək.

Əvəz Zeynallı və Elnur Şükürov rüşvət alma, vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə və s. əməllərdə ittiham olunur. Lakin heç biri özünü təqsirli bilmir.

Əvəz Zeynallı siyasi sifarişlə, onu susdurmaq üçün şərlənib həbs olunduğunu bildirir. Elnur Şükürov isə Əvəz Zeynallının əleyhinə tələb olunan ifadəni vermədiyinə görə həbs edildiyini deyir.

Həmçinin oxuyun

“Hansı şirkətlərlə işləmək, müqavilə məbləğlərini Zakir Həsənov və Nəcməddin Sadıxov müəyyənləşdirirdi”

Polkovnik: “4 il ərzində “Azersun Holding”dən 19.5 milyon manat geri alınıb” Müdafiə Nazirliyində 143 milyon …