Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / “Atam evə qan içində gəldi”- 27 yaşlı gənc necə qatil oldu?- müəmmalı qətl

“Atam evə qan içində gəldi”- 27 yaşlı gənc necə qatil oldu?- müəmmalı qətl

Gənc oğlan atasını söydüyü üçün taksi sürücüsü ilə mübahisə edib. Mübahisə zamanı taksi sürücüsü yerə yıxılıb və bir müddət sonra dünyasını dəyişib.

İndi 1991-ci il təvəllüdlü gənc qəsdən adam öldürməkdə ittiham edilir.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Murad Zəkiyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Rauf Hüseynov dindirilib. Şahid bildirib ki, mərhum Ruslan Dəmirovla qonşu olub, təqsirləndirilən şəxs isə onunla bir məhəllədə yaşayıb.

R.Hüseynov hadisənin şahidi olmadığını, sonradan xəbər tutduğunu söyləyib: “Hadisə barədə sonra eşitdim. Muradın Ruslanı yumruqla vurmasını isə eşitməmişəm. Sonra bu barədə qardaşı mənə dedi”.

Məhkəmədə Murad Zəkiyev sərbəst ifadə verib.

Zəkiyev mərhumu vurmadığını, onun necə ölümcül xəsarət almasını təsəvvür etmədiyini söyləyir: “Bazar günü evdə idim. Atam evə qan içində gəldi. Nə olduğunu soruşanda taksi sürücüsü Ruslanın onu döydüyünü dedi. Həyətə düşüb qonşu Vüqarı gördüm. Ətrafda başqa şəxslər də var idi. Vüqardan Ruslanın kim olduğunu soruşdum. Bu zaman bir nəfər yaxınlaşdı və adının Ruslan olduğunu dedi. Mən onu tanımırdım, ətrafda da bir neçə nəfər var idi. Ruslandan atamı vurmasının səbəbini soruşdum. Ruslan məni kənara çəkdi, ondan bir daha atamı niyə döydünü soruşdum. Məni yumruqla vurmaq istədi. Üzümü bağlayıb kənara çəkildim və zərbə mənə dəymədi. Bu zaman Ruslan yerə yıxıldı. Mən də çıxıb evə getdim”.

Zəkiyev söyləyir ki, R.Dəmirovun hadisədən bir qədər sonra öldüyünü eşidib: “Bu xəbərdən də bir az sonra polislər evə gəlib, məni apardı. Yenə deyirəm ki, mən onu vurmamışam. Ruslan məni vurmaq istəyən zaman yerə yıxılıb. Heç bilmədim bu necə baş verdi”.

Prosesin davamında M.Zəkiyevin istintaqa verdiyi ifadəsi ilə məhkəmədəki ifadəsi arasında ziddiyət olduğu üzə çıxıb.

Məhkəmədə onun ifadəsi elan olunub. Zəkiyevin həmin ifadəsində mərhum Dəmirovun gicgah nahiyyəsinə yumruqla vurduğunu dediyi məlum olub.

Zəkiyev bunu təkzib edib. Bildirib ki, həbs edilən zaman polis əməkdaşları nə deyibsə, izahatında da onu yazıb.

Prosesin davamında məhkəmə istintaqının başa çatdığı elan edilib. Dövlət ittihamçısı çıxış üçün məhkəmədən vaxt istəyib.

Məhkəmənin növbəti iclası aprelin 6-da davam edəcək.

Xatırladaq ki, hadisə ötən il avqustun 14-də Qaradağ rayonu Lökbatan qəsəbəsində baş verib. Qəsəbə sakini Ruslan Dəmirovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb.

Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşları tərəfindən aparılan araşdırma nəticəsində məlum olub ki, qəsəbə ərazisində R.Dəmirovla həmyerlisi Murad Zəkiyev arasında münaqişə baş verib. M.Zəkiyevin R.Dəmirovun sinə nahiyəsinə yumruqla vurması nəticəsində sonuncu yıxılaraq ölüb. Əməliyyat-axtarış tədbirləri ilə M.Zəkiyev tutulub.

O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir. (Musavat.com)

Həmçinin oxuyun

Özünü ölü kimi təqdim edən şirkət direktoruna 8 il cəza verildi

Avtomobilinə heyvan sümükləri yığıb yandıraraq, özünü yanğın zamanı maşında ölmüş kimi təqdim edən Rafət Qəniyevin …