Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Alimpaşa Məmmədovun məhkəməsindən oğlu çıxarıldı – “qara pulların” leqallaşdırmasında iştirak edib

Alimpaşa Məmmədovun məhkəməsindən oğlu çıxarıldı – “qara pulların” leqallaşdırmasında iştirak edib

Gəncə Ağır Cinayətlər Məhkəməsində Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun məhkəməsi davam edir.

Dekabrın 8-də kerçirilən prosesdə hakim Nural Əliyev Aimpaşa Məmmədovun oğlu Adil Adilzadəni məhkəmə zalından çıxarıb. Hakim qeyd edib ki, o, cinayət işi üzrə şahid qismində tanındığını görə dindirilməmiş prosesdə iştirak edə bilməz. Bundan sonra dövlət ittihamçısı və hakim Alimpaşa Məmmədova suallar veriblər.

Əvvəlcə dövlət ittihamçısı Şəmkirin bəzi küçələrinə asfalt döşənməsi və bir yaşayış binasının tikintisi üçün ayrılmış əlavə pulların aqibəti ilə bağlı sual verib. Söhbət dövlət büdcəsindən ayrı-ayrı tarixlərdə ayrılmış 318 min manat (bina tikintisi) və 534 min manat (asfalt örtüyü) puldan gedir. Alimpaşa Məmmədov bu sualı belə cavablandırıb: “Həmin binanın açılışına ölkə prezidenti gəlməli idi, ayrılmış pulun da həcmi çox az idi. Tikintini başa çatdırmaq üçün çatışmayan pulu icra hakimiyyətinin büdcəsindən qoymalı oldum”.

Prokuror Şəmkir şəhər bələdiyyəsinin təsis etdiyi, dəyəri 1 milyon 335 min manat təşkil edən, şirə və cem istehsalı zavodu olan “Abad Şəmkir” MMC-nin bələdiyyəyə məxsus paylarıyla bağlı suallar verib. İddiaya görə, həmin paylar 2018-ci ildə icra başçısının göstərişiylə onun oğlu Adil Adilzadəyə, 2020-ci ildə isə Fərid İslamzadə adlı şəxsə cəmi 180 manata satılıb. Alimpaşa Məmmədov suallara belə cavab verib: “Konservləşdirilmiş cem zavodu idi. Bu işə görə Sahibkarlığa Yardım Fondundan kredit ayrılmışdı. Bələdiyyə həmin pulu qaytara bilmirdi. Satışa çıxarılmışdı, bunu mənə demişdilər, mən də oğluma demişdim, oğlum kredit öhdəliyi qarşılığında həmin payları 180 min manata aldı. Sonra oğlum da pulu ödəyə bilmədi, ona görə də müəssisəni başqa bir nəfərə 180 min manatlıq müqaviləylə “arendaya” verdik.

Prokuror:

– Necə oldu ki, siz müəssisəni 180 manata kirayə verdiniz?

Alimpaşa Məmmədov: – Sadəcə, bu, müqavilə öhdəliyi kimi belə qeyd olunmuşdu. Vergi çox verilməsin deyə…

Sonra prokuror müttəhimə Şəmkir rayon icra hakimiyyətində dizel yanacağının, mal-materialların alınması üçün 234 min manat ayrılması epizodu üzrə suallar verib. Keçmiş icra başçısı ittihamla razılaşıb, deyib ki, bəli, pul ayrılıb, malların və yanacağın alınması barədə saxta sənədlər hazırlanıb, ancaq heç nə alınmayıb və bu məbləğ icra hakimiyyətinin büdcəsindən silinib: “Bəli, tam razıyam, hamısı alınmış kimi sənədləşdirilib, pul silinib. Ümumiyyətlə, pul silinmələri ilə bağlı heç bir problem yoxdur, bunların hamısı olub”.

Prokuror:

– 66 min ABŞ dolları və 300 min avro hardan çıxıb?

Alimpaşa Məmmədov: – Bakıdakı evimdən…

“Çinarlı qəsəbə” MMC-nin Çinarlı bələdiyyəsinə məxsus 3 milyon 300 min manatllq paylarının isə icra başçısının göstərişiylə “Şəmkir səbəti” MMC-yə cəmi 40 manata satıldığı iddia olunur. “Şəmkir səbəti”nin də rəsmi təsisçiləri icra başçısının oğlu Adil Adilzadə, köməkçisi Mahir Əliyev və Orxan Məmmədlidir. Prokuror Alimpaşa Məmmədova bu epizod üzrə suallar verib.

İttihama görə, Məmmədov icra başçısı işlədiyi müddətdə mənimsəmə və rüşvət yoluyla 6 milyon 800 min manata yaxın vəsait əldə edib. Bu vəsaitlərin bir hissəsi oğlu Adil Adilzadənin adına təsis olunan “Az Farel” MMC-nin tikinti xərclərinə yönəldilib. Məhz buna görə Məmmədova həm də cinayət yoluyla əldə edilmiş vəsaitlərin leqallaşdırılması ittihamı da verilib. Alimpaşa Məmmədov deyib ki, bu MMC-lərin qiymətləndirilməsində rəqəmlər bazar qiymətinə nisbətən şişirdilib.

Hakim Nural Əliyev Şəmkirin icra hakimiyyətinin büdcəsindən müxtəlif adlar altında çıxmış və “otkat” olaraq icra hakimiyyətinə qayıtmış pullardan da danışıb. Bu pulların kimin cibinə getməsi ilə bağlı sual verəndə Alimpaşa Məmmədov deyib: “Bir Allah şahiddir ki, o pullara əlim də dəyməyib”.
Ötən ilin aprelində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşları tərəfindən həbs olunan Alimpaşa Məmmədov mənimsəmə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma, vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda rüşvət alma maddələri ilə təqsirləndirilir. Keçmiş icra başçısı 17 aydır ki, həbsdədir.

İstintaq zamanı müəyyən edilib ki, Alimpaşa Məmmədov əksər mənimsəmə cinayətlərini oğlunun adına rəsmiləşdirib.

İttiham aktında qeyd olunub ki, Alimpaşa Məmmədov Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı kimi vəzifə səlahiyyətlərindən sui-istifadə edib. Şəmkir rayonu Çinarlı bələdiyyəsi tərəfindən təsis edilmiş, mülkiyyətində 2 milyon 844 min manat dəyərində əmlakı olan “Çinarlı Qəsəbə” MMC-nin bütün paylarını oğlu Adilin və tabeçiliyində fəaliyyət göstərən digər şəxslərə məxsus “Şəmkir Səbət Ticarət Mərkəzi” MMC-yə cəmi 40 manata satılmasına nail olub. Şəmkir şəhər Bələdiyyəsi tərəfindən təsis edilmiş, mülkiyyətində 967 min manat dəyərində qida məhsulları istehsal zavodu olan “Abad Şəmkir” MMC-nin bütün paylarını yenə oğlu Adilə cəmi 180 manata satılmasını təmin edib.

Bundan başqa, Alimpaşa Məmmədov Şəmkir rayonu ərazisində abadlıq işlərinin görülməsi ilə bağlı “Ağstafasutikinti” MMC-nin hesabına köçürülmüş yüz minlərlə manat dövlət vəsaitini mənimsəməkdə təqsirli bilinir. Ona verilən ittihamlardan biri Şəmkir rayonu ərazisində dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına tikinti və abadlıq işləri, əsaslı və cari təmir, habelə yolların təmir edilməsi ilə bağlı işləri yerinə yetirən ayrı-ayrı şəxslərdən, rayon ərazisində sahibkarlıq və yaşayış təyinatlı tikinti işlərinin aparılması ilə bağlı ayrı-ayrı vətəndaşlardan 1 milyondan çox rüşvət almasıyla bağlıdır.

Alimpaşa Məmmədova qarşı irəli sürülmüş ittihamlardan biri rüşvət yoluyla əldə etdiyi 832 min manatı oğlu Adilin adına təsis etdiyi “Az Forel” MMC-nin Şəmkir rayonunda yerləşən balıqyetişdirmə və emalı müəssisəsinin tikintisinə və digər xərclərinə yönəltməklə cinayət yolu ilə əldə etdiyi külli miqdarda pulu leqallaşdırıb.

Alimpaşa Məmmədovun xidməti və yaşayış yerlərinə baxış zamanı müxtəlif vəzifəli şəxslərdən, o cümlədən sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin siyahıları, pul vəsaitləri, sənədlər, iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər aşkar edilərək götürülüb.

Alimpaşa Məmmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Əmlaklar

İstintaq dövründə Alimpaşa Məmmədovun ailəsinə məxsus olan bir qisim əmlakların üzərinə həbs qoyulub:

1. “Azfarel” MMC balıqyetişdirmə və emalı müəssisəsi (bazar dəyəri 8 milyon 270 min manat)


2. “Abad Şəmkir” MMC-yə məxsus daşınan və daşınmaz əmlaklar (bazar dəyəri 1 milyon 335 min manat)


3. Bakı şəhərində yerləşən iki mənzil (bazar dəyəri 676 min manat).

Musavat.com

Həmçinin oxuyun

Özünü ölmüş kimi təqdim edən MTK direktoruna hökm oxundu

Dələduzluqda təqsirləndirilən MTK direktoru Rafət Qəniyevə hökm oxunub. Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin …