Ana səhifə / Gündəm / Əlavə vergi yükü biznesi sıradan çıxara bilər – ARAŞDIRMA

Əlavə vergi yükü biznesi sıradan çıxara bilər – ARAŞDIRMA

Son dövrdə nağdsız hesablaşmaların artırılması ilə bağlı ciddi işlər görülməyə başlayıb. Fins.az-ın məlumatına görə, ötən ilin sonunda Azərbaycanda “Nağdsız hesablaşmalar haqqında” qanun qüvvəyə mindi. Qanuna əsasən müxtəlif sahələr üzrə hesablaşmalarda nağdsız ödənişə keçildi. O cümlədən nağdlaşdırmaya görə, əlavə vergi tətbiqinə başlanıldı. Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən 13 sahədə ödənişlər elektron qaydada həyata keçirilməsi tələbi irəli sürüldü. Bəs atılan bu addımlar Azərbaycanda nağdsız hesablaşmaların artırılmasına təsir edəcəkmi?

Korrupsiyanın və vergidən yayınmaların qarşısını alacaq, biznesi leqallaşdıracaq

İqtisadi ekspert Rəşad Həsənov bildirib ki, ümumilikdə nağdsız hesablaşmalara keçidin bir sıra üstünlükləri var. İlk növbədə bu korrupsiya hallarının qarşısının alınmasında müsbət rol oynayacaq. Bundan əlavə isə biznesin leqallaşdırılması, vergidən yayınma hallarının qarşısının alınması, ümumilikdə isə iqtisadiyyatın uçotunun aparılması üçün vacib addımdır.
Ekspert bildirir ki, beynəlxalq müsabiqə və idman oyunlarının keçirilməsi ərəfəsində Azərbaycanda nağdsız hesablaşmalara keçirilməsi istiqamətində xeyli işlər görüldü. Müxtəlif ərazilərdə, sahibkarlıq subyektlərində, iayişə mərkəzlərində elektron ödəmə terminalları quraşdırıldı. Buna baxmayaraq 90% hallarda  bu ödəmə terminalları ya sıradan çıxarıldı, ya da sahibkarlar müxtəlif bəhanələrlə bu vasitələrin istifadəsindən yayınmağa çalışdılar.

“Sahibkarlara nağdsız hesablaşmalar üçün vergi güzəştləri tətbiq edilməlidir”

Ona görə də, nağdsız hesablaşmaların ölkədə inkişaf etdirilməsi və hədəf kütləsi olan sahibkarların bu işə qoşulması üçün stimullaşdırma tədbirləri həyata keçirilməlidir. Məsələn, ilk növbədə biznesin leqallaşdırılması üçün 3-5 il müddətində sahibkarın nağdsız aparılan dövriyyəsinin 70-80%-i vergidən azad olunsun və yaxud hansısa təşviqedici mexanizmlər işlənilib hazırlansın. Yəni, sahibkar görsün ki, nağdsız hesablaşmalar aparmaq daha sərfəlidir və bütün dövriyyəsini bu sistemə köçürsün. Ekspert hesab edir ki, ilkin mərhələdə bu vergi daxilolmalarına müəyyən qədər təsir edə bilər. Amma biznesin nağdsız hesablaşmalara keçməsi ilə leqallaşdırılması, nağdsız ödəniş mədəniyətinin formalaşdırlması orta və uzunmüddəti dönəmdə vergi daxilolmalarının daha effektiv yığılmasına və artmasına gətirib çıxaracaq.

“Əhali bank kartından yalnız pulu bankomatdan çıxarmaq üçün istifadə edir”

R.Həsənov bununla yanaşı, digər hədəf kütləsi olan əhali arasında nağdsız hesablaşmalarla bağlı maarifləndirmə tədbirlərinə ehtiyac olduğu deyib. Onun sözlərinə görə, hazırda ölkədə 6 milyondan çox bank kartı istifadə edilir. Bunun böyük hissəsi isə vəsaitlərin nağdlaşdırlmasına yönəlib. Əhalinin bir hissəsi maaş və ya təqaüd kartından başqa xidmətlərdə ödəniş vasitəsi kimi yararlana biləcəklərindən xəbərsizdirlər və kartı yalnız pulu bankomatdan çıxarmaq üçün istifadə edirlər. Bundan əlavə, əhalinin bir hissəsi düşünür ki, hansısa malı və ya məhsulu nağd daha ucuz ala bilər. Bəzi insanlar isə nağdsız hesablaşmaları təhlükəli  hesab edirlər. Hesablarından xakerlər tərəfindən və ya müxtəlif üsullarla pulun oğurlanmasından ehtiyat edirlər. Onun sözlərinə görə, bu qrup arasında xüsusilə də bank kartlarından istifadə edə bilməyən yaşlı nəsil yer alıb.

Banklar başqa bankomatdan istifadə üçün xidmət haqqını ləğv etməlidirlər

Ekspert Cəfər İbrahimli də nağdsız hesablaşmaların artırılması üçün stimullaşdırıcı tədbirlərə ehtiyac olduğunu deyir. O hesab edir ki, stimullaşdırıcı tədbirlər iki istiqamətdə aparıla bilər. Birincisi bu işdə banklar aktiv olmalıdırlar. Məsələn, banklar müştərilərin kart hesabında saxlanılan vəsaitlərə faiz hesablanması ilə bərabər, başqa bankların bankomatından istifadə zamanı xidmət haqlarını ləğv edə bilərlər.  Bu addım nağdsız hesablaşmaların inkişafına xeyli müsbət təsir göstərə bilər.

Əhaliyə nağdsız hesablaşmalar üçün stimullaşdırıcı güzəştlər olmalıdır

Digər tərəfdən isə dövlət siyasəti çərçivəsində əmək haqlarının ödənişi zamanı Sosial Müdafiə Fonduna ödəniş güzəşti və əlavə dəyər vergili (ƏDV) malların alqı-satqısı zamanı müəyyən vergi güzəşti tətbiq oluna bilər.

Məqsəd büdcə kəsirinin aradan qaldırılamasıdır

Ekspert Ramin Rəhimov da fins.az-a açıqlamasında nağdsız hesablaşmalarla bağlı stimullaşdırıcı tədbirlərə ehtiyac olduğunu deyib. Onun sözlərinə görə, bu Vergilər Nazirliyinin həmin ödəyicilərlə münasibətlərindən irəli gələcək. Ola bilər ki, gələcəkdə  tam çaşqınlıq yaranmaması üçün kütlənin narazılığı olmaması üçün yaxşı vergi ödəyiciyiləri arasında  elektron dövriyyədən tutulan verginin müəyyən bir qismi  bonus şəklində  müştərilərə qaytarılsın.  Yəni, belə bir mexanizm həyata keçirilə bilər. Amma hazırki büdcə çatızmazlığı fonunda belə şərtlərin, belə stimullaşdırıcı tədbirlərin görülməsini proqnozlaşdırmaq çətin məsələdir. Onun sözlərinə görə,  nağdsız hesablaşmalarla bağlı son dövrdə həyata keçirilən tədbirlərin əsas məqsədi vergi daxilolmaları hesabına büdcə kəsirini aradan qaldırmaqdır.

Nağd hesablaşmalardan vergi tutulması ölkədə biznesin məhvinə səbəb ola bilər

Ekspert Rəşad Həsənov da nağd hesablaşmalara tətbiq edilən yeni vergilərin iqtisadiyyata mənfi təsir edəcəyini deyir. Onun sözlərinə görə, həyata keçirilməli olan stimullaşdırıcı tədbirlərin əvəzinə nağd hesablaşmalara vergilərin tətbiqi biznesin xərclərini artıra bilər. Marjanın xeyli aşağı düşdüyü hazırki iqtisadi durğunluq dövründə çətinliklə ayaqda duran biznes üçün əlavə vergi yükü biznesə mənfi təsir edə bilər. Nəticədə ölkədə biznes aktivliyi, biznes təşəbbüskarlığının aşağı düşmə ehtimalı güclənir.

Həmçinin oxuyun

Bakı sakininə səkkiz bıçaq zərbəsi vuruldu

Bakının Suraxanı rayonunda dava zamanı bir nəfər bıçaqlanıb. Hadisə Hövsan qəsəbəsində qeydə alınıb. Belə ki, …

Bir cavab yazın