Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Köşə Yazarları / Qarabağa inək də gedir, inəkotaran da, amma biz gedə bilmirik…

Qarabağa inək də gedir, inəkotaran da, amma biz gedə bilmirik…

Şuşaya getmək üçün dələduz deyilən o adamın ovcuna 70 manat qoyan, min bir əziyyətlə məqalə yazan, axırda arzusu gözündə qalan alimlərdən birini şəxsən tanıyıram. Savadlı və abırlı adamdır. İşlədiyi ali təhsil ocağında bir nəfər deyə bilməz ki, nə vaxtsa gözü hansısa tələbənin əlində olub…

Dünən zəng etmişdi. Dedi ki, Şuşanı görmək üçün nəinki 70 manatından, hətta var-dövlətindən də keçməyə hazırdır. 

Var-dövlət deyəndə ağlınıza hansısa nazirin malı-mülkü gəlməsin. Xruşşov dönəmindən qalma 3 otaqlı evi, bir də 3-4 min kitabı var…

İkinci Qarabağ Müharibəsi başlayanda əhd etmişdim ki, Şuşa işğaldan azad olunsun, 7 gün oruc tutacağam. Şuşa işğaldan azad olundu, mən də orucumu tutdum. Yəqin ki, hər bir azərbaycanlının buna bənzər əhdi olub. Axı Şuşa təkcə Qarabağın deyil, həm də o tayl-bu taylı Azərbaycanın döyünən ürəyidir. Buna görə də Şuşanın görmək hamının ürəyindən keçir…

Şuşanı görmək mənə nəsib oldu. Amma bu ölkədə Şuşanı görmək arzusu ilə alışıb-yanan minlərlə insan var. Yoxsa, kim dəlidir 20 manatlıq yola 70 manat versin?!

İnsanların Şuşa həsrətinə tezliklə son qoyulmalıdır.

44 günlük Vətən müharibəsində ermənilərin burnunu əzdikmi?

Əzdik!

Şuşanı işğaldan azad etdikmi?

Etdik!

Şuşanı minalardan təmzilədikmi?

Təmizlədik!

Şuşaya avtobus marşrutu açdıqmı?

Açdıq!

Bəs bu camaat niyə Şuşanı görə bilmir?

Bu sualın cavabı da bəllidir: Çünki Şuşaya həftədə cəmi iki dəfə avtobus gedir. 

Hansı ki, Şuşaya həftədə iki yox, ən azı iyirmi iki avtobus getməlidir. İnsanlar sərbəst şəkildə Şuşaya getməli, igidlərimizin müqəddəs qanı ilə azadlığına qovuşan o gözəl məkanın təmiz havasını doyunca ciyərlərinə çəkməlidir. 

Biz Şuşaya həsrət qalmamalıyıq. Ermənilər yana-yana qalmalıdır…

İşğaldan azad olunmuş bütün bölgələrimizə səfərlər təşkil olunmalıdır. Ən azından yerli əhalinin minalardan təmizlənmiş bölgələri görməsinə şərait yaradılmalıdır.

Gizlətməyin mənası yoxdur, hamı bilir ki, oliqarxların qoyun sürüləri, naxırları, arı təsərrüfatı çoxdan Kəlbəcər yaylaqlarındadır. Bəs kəlbəcərlilər niyə öz ata-baba yurdlarını görməməlidir?

Oğlu Birinci Qarabağ Müharibəsində şəhid olan əmim “Cəbrayıl” deyə-deyə dünyadan köçdü. Bibimin yaşı çoxdan 70-i ötüb, sabaha sağ çıxacağına ümid yoxdur. Oğlunun uğrunda qanını axıtdığı o torpaqları bir dəfə görmək onun da haqqı deyilmi? Axı hər gün ingilis, fransız, ərəb, rus, hətta belarus o torpaqlardan şəkil paylaşır. Onlar Qarabağa hansı yolla gedirlər?

“Qaçqınkom” sədri hörmətli Rövşən Rzayevə müraciət etmişəm ki, yaşlı insanların ata-baba yurdlarını görməyinə şərait yaradılsın. Bilirəm, infrastruktur yoxdur. Amma mən demirəm ki, orda qalsınlar, yurd salsınlar. Mən deyirəm ki, getsinlər, görsünlər, gəlsinlər, sonra da ayaqlarını uzadıb rahat ölsünlər…

Seymur VERDİZADƏ   

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …