Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Köşə Yazarları / Araik əfsanəvi liderdir, Paşinyan əfsanəvi baş nazirdir…

Araik əfsanəvi liderdir, Paşinyan əfsanəvi baş nazirdir…

“Şayiələr qocalanda mifə çevrilirlər”

(Stanislav Yeji Lets)

90-cı illərin əvvəlində ordumuz təzə yaranırdı, bir çox quruculuq işlərindən başımız çıxmırdı, o üzdən Valeh Bərşadlı kimi peşəkar generalı deputatxanada hoydu-hoyduya götürüb pisikdirməyi, yerinə isə adi institut müəllimini qoymağı özümüzə rəva bilirdik. Yazıq kişi deyirdi bir-iki aya ordu qurmaq olmaz, camaat dirəşmişdi ki, lap yaxşı olar, sən bacarmırsan. Hansısa şair-mairlər, dana oğruları, yiyəsizliyə düşüb milli liderə çevrilənlər sovet ordusunun general-leytenantına hərbi nizamnamə dərsi keçirdilər. Axırı da heç yaxşı olmadı.

Ancaq həmin dövrün bir maraqlı cəhəti də qəfildən çoxlu yüksək rütbəli zabitlərimizin yaranmasıydı. Baxırdın adam dünənə qədər traktor sürüb, lakin indi hansısa kənddə igidlik göstərib, başına da 30-40 nəfər toplayıbdır, deməli buna azı mayor rütbəsi düşür. Verirdik, çıxırdı gedirdi. Bu minvalla ordumuzda aşağı rütbə, yalan olmasın, kapitana qalxmışdı. O zaman bu detala yanılmıramsa, satirik “Çeşmə” qəzeti də diqqət eləmişdi və belə bir anekdot yazmışdılar: “Ermənistan ordusu Azərbaycana qarşı savaşmaqdan imtina eləyibdir. Səbəbini soruşanda deyiblər ki, ən aşağı rütbəsi mayor olan orduya qarşı biz qələt eləyərik dava edərik”.

Dünən Qarabağda erməni ordusunun növbəti generalının öldürülməsi xəbərini oxuyanda həmin günlər yadıma düşdü. Sən demə bu soyqırım həvəskarına general poqonunu lap təzəlikcə, səngərdə təqdim edibmişlər. Yəqin ermənilər üçün cəhənnəmin dibinə general rütbəsində yollanmağın hansısa önəmi varmış. Əks halda Paşinyanın emissarları, Qarabağ separatçılarının lideri Araik müəllimin işçiləri dağlarda kol-kos dibi dolaşıb qabaqlarına çıxan hər təsadüfi erməniyə rütbə, medal hədiyyə eləməzdilər. Son bir ayda “Arsax milli qəhrəmanı” adı alan erməni cəsədlərinin sayı Qarabağdakı diri erməniləri ötmək üzrədir.

Həmçinin, orda məhv edilən bütün terrorçularına ermənilər maraqlı şəkildə “əfsanəvi” yarlıkı yapışdırır. Kimi vururuq, məlum olur bu “leqendarnı”dır. Heç ölən erməni əsgərləri arasında sıradan biri rastımıza çıxmadı. Hamısı əfsanəvi olan orduya qarşı savaşırıqsa, bəlkə heç biz savaşmırıq? Əfsanədir axı. Yazıq erməni xalqı, o qədər uydurma, şişirtmə, nağıl, gopologiya ilə məşğul olub ki, artıq sadə həyat tərzi sürə bilmir. Araik əfsanəvi liderdir, Paşinyan əfsanəvi baş nazirdir, Köçəryan əfsanəvi eks-prezidentdir, başqa bir “vartan” əfsanəvi “tuşonka oğrusudur” və sairə… Kim yadımızdan çıxdı? Hə, elə Kim özü. O da yəqin əfsanəvi arxası ilə dünya tarixinə düşəcəkdir. Pis anlaşılmasın, burada onun Ermənistana arxalanmasını nəzərdə tuturam.

Şairin sözü olmasın, bizim də bəxtimizə bu vətən düşüb. Nə edə bilərik, heç zad. Camaat dünyanın hər yerində reallıqlarla, gündəmlə, dünyəvi problemlərin həlliylə məşğuldur, biz əfsanəvi bir xalqa uğraşa-uğraşa özümüz də əfsanələşməkdəyik. Artıq camaat gözüylə gördüyünə, qulağıyla eşitdiyinə, əliylə toxunduğuna deyil, hansısa şaiyələrə daha böyük inam bəsləyir. Koronavirus var? Əlbəttə, yoxdur. Olsa biz niyə sağ qalırıq? Hansısa manıs efirdə çıxışı zamanı qələtə yol verib, gəlin onu asaq. Şəxsən bunu eşitmisənmi? Yox. Deyirlər. Kim deyir – məlum olmur. Əfsanənin müəllifi olmur axı.

İtalyan yazıçı Dino Bussati-nin “Əjdahanı necə öldürdülər” adlı hekayəsi var. Orada camaat bir silahlı dəstə yığıb dağdakı əfsanəvi əjdahanı öldürməyə yollanır, çatanda görürlər bu, boyu iki metrə yaxın, qoca, güclə yeriyə bir heyvandır və heç öldürməyə dəyməz. Ancaq onlar əjdahanı öldürməyi qarşılarına məqsəd qoymuşdular, geri əliboş dönə bilməzdilər.

Ardını danışmıram, tapın oxuyun. Əfsanəvi hekayədir.

Zamin Hacı

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …