Bugünə qədər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ünvanına saysız tənqidlər, bəzən də təhqir səviyyəsində ifadələr səsləndirilib. Bu ifadələrə görə həbs olunanlar da olub, cərimə cəzası alanlar da. Türkiyənin Ülkü Ocaqları başqanı Oqtay Kılavuzun Ərdoğanın ünvanına işlətdiyi ifadələr isə yəqin ki, bugünə qədər söylənənləri kölgədə qoyacaq.
Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, O.Kılavuz Ərdoğanı əsrin ruh xəstəsi adlandırıb. Onun fikrincə, Ərdoğan türk millətinin başına gələn ən böyük fəlakətdir: «Öz nəfsini məmnun etməklə məşğuldur. «Yaxşı olacaq, gözəl şeylər olacaq» deyib məmləkəti alov çənbərinə çevirib. Yaranmış vəziyyətdən məmnundurmu? «Analar ağlamayacaq» deyib terrorçularla bir masaya oturanlar bugünkü mənzərinin memarı olmaqdan qürur duyurlarmı? Türk milləti hər yeni günə böyük acılar içində oyanır. Əlləri xınalı ana ocağından əsgər ocağına göndərilən qoç igidlər al qan içində ata ocağına göndərilir. Şəhid xəbərlərinin gəlmədiyi günə həsrət qalmışıq. Bölücülər zəhərli torlarıyla hörümçək kimi hər tərəfi hörüblər. Təhlükəsizlik qüvvələrinin hərəkət məkanları isə daraldılır, vəzifəsini yerinə yetirənlər mühakimə olunur. Hesab günü gəldiyində əlbət ki, günahkarlar cavab verəcəklər. Edilən alçaqlıqların hesabı veriləcək. Türk millətçiləri xainlərin maskalarını endirməyə, şərəfsizlərin həvəslərini qursaqlarında qoymağa davam edəcək».